Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Bu il Lənkəran Dövlət Universitetində yeni ixtisaslar açılmışdır

 

Ölkəmizin hər yerində olduğu kimi, Lənkəran Dövlət Universitetində də yeni dərs ili - Bilik Günü qeyd edilmişdir.

Universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov  yeni dərs ilinin başlanması  münasibətilə tələbələri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycan elmi və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq  inkişaf edir. Rektor sözünə davam edərək bildirmişdir ki, müstəqil respublikamızın yetirməsi olan Lənkəran Dövlət Universiteti bu gün Azərbaycanın qabaqcıl ali məktəbləri sırasında layiqli yer tutur.

Qeyd edilmişdir ki, yeni dərs ilində universitetdə 21 ixtisas üzrə  2 minə yaxın tələbə təhsil alacaq. 601 gənc ilk dəfə tələbə kimi universitetə qədəm qoyur. Bunun 46 nəfəri magistrantdır. Həmçinin qeyd olunmuşdur ki, hazırda universitetdə  4 fakültə, 11 kafedra fəaliyyət göstərir. 1997-ci ildən indiyədək ali məktəbi 5 minə yaxın tələbə bitirmişdir. Bu il universitetdə  "Qida məhsulları mühəndisliyi", "Kompüter mühəndisliyi", "İbtidai sinif müəllimliyi" və "Maliyyə" ixtisasları  açılmışdır.

Deyilmişdir ki, yeni dərs ili ərəfəsində universitetdə təmir, abadlıq  və yenidənqurma işləri aparılmışdır. İnformatika laboratoriyaları müasir tələblərə uyğun qurulmuş, universitetin maddi-texniki bazası əsaslı şəkildə gücləndirilmişdir. Universitetin qazandığı beynəlxalq qrantlar hesabına müasir elektron şəbəkəsi və tərcümə mərkəzi açılmışdır.

Lənkəran Ağsaqqallar Şurasının sədri  Kamal Kələntərli, valideynlərdən Ayna Əhmədova, Nəzakət Əliyeva çıxış edərək tələbələrə elm və təhsildə  uğurlar arzulamışlar.

Tələbələr adından çıxış edən, 600-dən yuxarı balla ali məktəbə daxil olmuş Şəbnur Əlizadə, Ulduz Əliyeva, Jalə Şəfizadə, yuxarı kurs tələbələrindən magistrant Uğur Qurbanzadə ürək sözlərini söyləmiş, təhsildə və universitetin ictimai həyatında fəal iştirak edəcəklərini bildirmişlər.

Universitetə yüksək balla daxil olanların bir qrupuna  tələbə bileti təqdim edilmişdir. Sonra yuxarı kurs tələbələri bədii yaradıcılıqlarını nümayiş etdirmişlər.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  müraciət qəbul edilmişdir. İştirakçılar dövlət başçısına  elmə və təhsilə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını və növbəti prezident seçkilərində də onu müdafiə edəcəklərini bildirmişlər.

Həmin gün universitetdə birinci kurs tələbələrinin valideynləri ilə görüş keçirilmişdir. Universitetin rektoru, professor Asəf İsgəndərov valideynləri universitetin həyatı ilə tanış etmiş və maraqlandıqları suallara cavab vermişdir.

Tədbirdə rayonun elm, təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. 

Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya mərkəzinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov