Sentyabrın
19-da Şuşa rayon 9 nömrəli tam orta məktəbdə 21 sentyabr
- Beynəlxalq Sülh Gününə həsr olunmuş "Qoy həmişə sülh
olsun" mövzusunda tədbir keçirilmişdir. Tədbiri məktəbin
direktoru Qədim Abdullayev açaraq dünyada baş verən
müharibələrdən, onların insanlara gətirdiyi
fəlakətlərdən danışdı. Bildirdi ki, silahların susması,
insanların xoşbəxt yaşaması üçün sülh olmalıdır.
Direktorun sülh mövzusunda ətraflı çıxışından sonra
məktəbin tarix müəllimi Aynur Qəhrəmanova, təlim-tərbiyə
işləri üzrə direktor müavinləri Aygün İsayeva, Nuranə
Əliyeva, Azərbaycan dili və ədəbiyyat müəllimi Naidə
Şükürova mövzu ilə bağlı çıxışlar etdilər. Çıxışlarda
ermənilərin Azərbaycan torpaqlarına təcavüzü,
saysız-hesabsız yurddaşımızın erməni yaraqlıları
tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, obalarımızın
dağıdılması və 20 faiz torpaqlarımızın itirilməsindən
danışıldı. Hər kəs çıxışının sonunda müharibədən əziyyət
çəkmiş bir xalqın nümayəndəsi kimi ölkəmizə və bütün
dünyaya sülh arzuladı.
Tədbirdə şagirdlər müharibələrə yox deyən, Yer üzünü
sülhə səsləyən şeirlər söylədilər. VI sinif şagirdləri
sülhə həsr olunmuş mahnılar oxudular. Beynəlxalq Sülh
Günü ilə əlaqədar şagirdlərin hazırladıqları əl işləri
və şəkillər nümayiş etdirildi. Məktəbin IV sinif şagirdi
İlahə Rəsulovanın göyərçin qiyafəsindəki çıxışı xüsusilə
yaddaqalan oldu.
Tədbirin sonunda Yer üzündə sülhün rəmzi olan göyərçinin
səmaya buraxılması "Qoy həmişə sülh olsun" çağırışına
gözəl bir sonluq oldu.
Nuranə ƏLİYEVA,
Şuşa rayon 9 nömrəli tam orta məktəbin təlim-tərbiyə
işləri üzrə direktor müavini |