Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

20 Sentyabr 2013 - №36

 

Tanınmış latviyalı alim Bakıda səfərdə olmuşdur

 

Avropa Elmlər Akademiyasının və Latviya Elmlər Akademiyasının akademiki, "Kompozit Materiallar Mexanikası" beynəlxalq elmi jurnalının baş redaktoru, Polimerlər Mexanikası İnstitutunun şöbə müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Vitauts P.Tamujs Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu rəhbərliyinin dəvəti əsasında 16-19 sentyabr 2013-cü il tarixlərdə Bakıda səfərdə olmuşdur.

Səfər çərçivəsində akademik V.Tamujs Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanovun müşayiəti ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini, akademik Zərifə xanım Əliyevanın məzarını, həmçinin Şəhidlər xiyabanını ziyarət etdi.

 Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyası, Beynəlxalq əlaqələr şöbəsi, kitabxana, kompüter mərkəzləri ilə tanışlıqdan sonra akademik V.P.Tamujs ümuminstitut seminarında professor-müəllim heyəti qarşısında "Kompozit materiallar: keçmiş, bu gün, gələcək" mövzusunda geniş məruzə etdi. Latviyalı alim rəhbərlik etdiyi elmi jurnalla, həmçinin Latviya alimləri ilə institutumuzun alimlərinin səmərəli əməkdaşlığından məmnunluğunu bildirdi və kompozit materiallar mexanikasi sahəsində institutun alimlərinin son illər aldığı  elmi nəticələri yüksək qiymətləndirdi.  

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda V.Tamujs, A.Zamanov və fondun icraçı direktoru E.Babayevin görüşündə  Latviyanın Elm üzrə Şurası, Mexanika üzrə Milli Komitəsi və Elmin İnkişafı Fondu arasında gələcək əməkdaşlıq məsələləri, həmçinin Azərbaycan və Latviya alimlərinin elmi layihələrdə birgə iştirakı məsələləri müzakirə edildi.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşdə elmin və təhsilin müxtəlif sahələrinə dair məsələlər müzakirə olundu. Azərbaycan və Latviyanın elm və təhsil mərkəzləri ilə ənənəvi əməkdaşlığının son illər uğurlu inkişafından, elmi potensialın güclənməsi istiqamətində görülmüş konkret işlərdən, hər iki ölkənin alimlərinin Azərbaycanda və Latviyada keçirilən beynəlxalq elmi konfransların Təşkilat Komitəsində səmərəli fəaliyyətindən razılıq ifadə edildi. Azərbaycanın dövri elmi jurnallarının beynəlxalq səviyyədə nəşri məsələləri, Azərbaycan və Latviya elmlər akademiyaları arasında elm sahəsində əməkdaşlığa dair 2010-cu ildə imzalanmış müqaviləyə uyğun olaraq gələcək əməkdaşlığın perspektivləri  müzakirə edildi. "Springer" nəşriyyatının dəstəyi ilə Nyu-Yorkda ingiliscə, Riqada isə rusca 1965-ci ildən nəşr edilən impakt faktor göstəricili "Kompozit Materillar Mexanikası" beynəlxalq elmi jurnalının redaksiya heyətində ABŞ, Almaniya, Belarus, İsveç, Koreya, Latviya, Qazaxıstan, Rusiya, Turkiyə və Ukraynanın tanınmış alimləri ilə bərabər professor Asəf  Zamanovun fəaliyyəti yüksək qiymətləndirildi.

Akademik V.P.Tamujsun AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda geniş elmi məruzəsi də səmərəli müzakirələrlə başa çatdı.

Azərbaycanın mədəniyyət nümunələri ilə tanışlıq qonaqda böyük təəssürat yaratdı. Qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin dinamik inkişafından, ölkəmizin beynəlxalq səviyyədə son illərdəki uğurlarından məmnun olduğunu bildirdi.  

Sevinc QULİYEVA, 
BPKİYİ Beynəlxalq əlaqələr şöbəsinin müdiri
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov