2013-2014-cü tədris ili üzrə Qafqaz Universitetinə 1030
nəfər tələbə qəbul olunmuşdur. Onlardan 775-i bakalavr,
255 nəfəri isə magistratura pillələrində təhsil alacaq.
Bu barədə sentyabrın 16-da Qafqaz Universitetində yeni
dərs ilinin başlanması və Bilik Günü münasibəti ilə
keçirilən ənənəvi toplantıda məlumat verilmişdir.
Tədbirdə Milli Məclisin deputatları, təhsil işçiləri,
tələbələr və ictimaiyyətin nümayəndələri iştirak
etmişlər.
Mərasimi giriş sözü ilə açan Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç ali məktəbin professor-müəllim
heyətini və tələbələrini yenu dərs ilinin başlanması və
Bilik Günü münasibəti ilə təbrik etmişdir. Qafqaz
Universitetinin ulu öndər Heydər Əliyevin xeyir-duası
ilə yaradıldığını xatırladan A.Saniç ümummilli liderin
hər zaman təhsilə xüsusi önəm verdiyini, onun
ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən uğurla həyata keçirildiyini bildirmişdir.
Universitetin uğurlarından söz açan professor A.Saniç
bakalavr pilləsinə qəbul edilmiş tələbələrdən 185-nin
ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında
600-dən çox bal topladığını, 19-nun Prezident
təqaüdünə layiq görüldüyünü diqqətə çatdırmışdır. Qeyd
olunmuşdur ki, bu tədris ili üçün ali təhsil
müəssisələrinə keçirilən qəbul imtahanlarında maksimum-700
bal toplayan 6 nəfərdən biri-Flora Qafarova və ikinci
ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən Kənan
Səfərli ali təhsil almaq üçün Qafqaz Universitetini
seçmişlər.
Qafqaz Universitetinin beynəlxalq əlaqələrinin ilbəil
genişləndiyini vurğulayan rektor tələbələrin beynəlxalq
olimpiadalarda, bilik yarışlarında qazandıqları yüksək
nailiyyətlərdən də bəhs etmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
təhsil şurasının sədri Ənvər Özərən, Milli Məclisin
İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad
Səmədzadə müasir dünyada təhsilin mühüm rolundan söz
açmış, müəllim və tələbələrə uğurlar arzulamışlar.
Sonda qəbul imtahanlarında yüksək bal toplayaraq
universitetə qəbul olunmuş tələbələrə hədiyyələr təqdim
edilmişdir.
Yusif ƏLİYEV |