Bilik Günü ilə əlaqədar Naxçıvan Özəl Universitetinin
birinci kurs tələbələri ilə görüş keçirilmişdir. Tədbir
başlamazdan əvvəl Azərbaycanın Dövlət himni
səsləndirilmişdir. Tədbir iştirakçılarına müraciət edən
universitetin rektoru, professor İsmayıl Əliyev yeni
dərs ilinin başlanması münasibətilə tələbələri təbrik
etmiş, müstəqil Azərbaycanın gələcəyi olan gənclərin
hərtərəfli təhsil alması üçün muxtar respublikamızda
yaradılan şəraitdən danışmışdır.
Diqqətə çatdırılmışdır ki, 2 fakültənin, 6 kafedranın, 5
şöbənin və 4 mərkəzin fəaliyyət göstərdiyi universitetə
bu il 272 nəfər tələbə qəbul olmuşdur. Bu ildən etibarən
isə iki yeni ixtisas - informatika müəllimliyi və
biznesin təşkili və idarə edilməsi ixtisasları
açılmışdır ki, həmin ixtisaslara ümumilikdə 44 nəfər
tələbə qəbul olunmuşdur.
Ali təhsil ocağının tədris və elmi işlər üzrə
prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim
Kazımbəyli, tərbiyə işləri üzrə prorektoru Əli Yusifov,
iqtisadiyyat fakültəsinin dekanı, iqtisadiyyat üzrə
fəlsəfə doktoru Ceyhun Mahmudov, pedaqoji fakültənin
dekanı, informatika üzrə fəlsəfə doktoru Məftun
İsmayılov tələbə adını qazanmış gəncləri təbrik etmiş,
çıxışlarında ali təhsil ocağının qarşısında duran
məqsədin hər sahədə geniş məlumatlı olan, öz peşələrinə
dərindən yiyələnən ixtisaslı kadrlar yetişdirməkdən
ibarət olduğunu vurğulamışlar.
Valideynlər adından Fərəhməz Məmmədov və başqaları çıxış
edərək respublikamızda təhsilə göstərilən qayğıya görə
minnətdarlıqlarını bildirmişlər.
Xarici dil ixtisasına qəbul olmuş Yamin Abdullayev çıxış
edərək muxtar respublikanın sosial-iqtisadi
inkişafından, sürətli quruculuq işlərindən, elmə,
təhsilə göstərilən diqqət və qayğıdan danışmışdır.
Sonda yüksək bal toplamış tələbələrə tələbə biletləri
təqdim olunmuş, "Dəniz" vokal ansamblının ifasında
rəngarəng musiqi nömrələri səsləndirilmişdir.
Nuray ƏSGƏROVA,
Naxçıvan Özəl Universitetinin Mətbuat xidmətinin rəhbəri |