Naxçıvan
Dövlət Universitetində Bilik Gününə həsr olunmuş
yığıncaq keçirilmişdir. Universitetin tarixini və
inkişaf yolunu əks etdirən filmin nümayişindən sonra
rektor, biologiya elmləri doktoru, professor Saleh
Məhərrəmov çıxış edərək bu il ali məktəbə yeni qədəm
qoyan I kurs tələbələrini təbrik etmişdir.
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin
təhsil siyasətinin uğurlu davamı, Naxçıvan Muxtar
Respublikasında intellektual potensiala göstərilən
əvəzsiz qayğı Naxçıvan Dövlət Universitetində də öz real
inikasını tapmaqdadır.
Vurğulanmışdır ki, universitetin 108 hektarlıq
ərazisində tikilən, əsaslı təmir olunaraq istifadəyə
verilən tədris korpusları, Tələbə Sosial Xidmət Mərkəzi,
Tələbə Evi, idman meydançaları ölkədə və Naxçıvan
Muxtar Respublikasında təhsilə, savadlı kadrların
yetişməsinə göstərilən yüksək qayğının təzahürüdür.
Məqsədyönlü təhsil strategiyasının nəticəsidir ki,
Naxçıvanda möhkəm milli əsaslara malik, güclü maddi-texniki
bazası olan müasir tipli universitet formalaşmışdır.
Daha sonra 690 balla hüquqşünaslıq ixtisası üzrə tələbə
adını qazanmış Surə Qurbanova, həmçinin 600-dən yuxarı
bal toplayaraq müalicə işi ixtisasına qəbul olunmuş
Tamam Seyidli, beynəlxalq münasibətlər ixtisasının I
kurs tələbələri Rəhim Nəcəfov və İnci Rzayeva
çıxışlarında inkişaf dinamikasına görə dünya ali
məktəbləri ilə rəqabətə girə biləcək bir təhsil ocağı
olan Naxçıvan Dövlət Universitetinin tələbəsi adını
qazandıqları üçün qürur duyduqlarını və burada
tələbələrə yaradılan şəraitdən layiqincə istifadə
edəcəklərini bildirmişlər.
Sonda 600-dən yuxarı balla universitetə qəbul olunmuş
tələbələrə tələbə biletləri təqdim edilmişdir.
Mina QASIMOVA |