Bakı
Dövlət Universitetində Bilik Günü münasibətilə tədbir
keçirilmişdir. Universitetin rektoru, akademik Abel
Məhərrəmov tələbələri, onların valideynlərini, müəllim
və tədbir iştirakçılarını təbrik etmişdir.
Bu il universitetə 3855 tələbənin qəbul olunduğunu deyən
rektor onlardan 271 nəfərinin 600-700, 612 nəfərinin
500-600 arası bal topladığını və 650-dən yuxarı bal
toplayanların sayının isə 73 nəfər olduğunu bildirmişdir.
Yüksək bal toplayan tələbələrdən 4 nəfərinin Prezident
İlham Əliyevin sərəncamına əsasən Prezident təqaüdünə
layiq görüldüyünü deyən rektor dövlət başçısının ali
məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması
haqqında imzaladığı fərmandan da bəhs etmişdir. Abel
Məhərrəmov xüsusi olaraq vurğulamışdır ki, dünyada
mövcud olan 150 minədək universitetdən yalnız 20 min top
universitet sayılır ki, bu günlərdə həmin
universitetlərdən 700-nün adı açıqlanmış, ötən il olduğu
kimi, bu il də həmin siyahıda Bakı Dövlət Universiteti
yer tutmuşdur: "Bu bizim hər birimizin, o cümlədən siz
tələbələrin məsuliyyətini bir qədər də artırmış olur.
Çünki təkcə universitetimizin deyil, həm də xalqımızın,
ölkəmizin gələcəyi sizin əlinizdədir.
Bu gün respublikamızın iqtisadi və siyasi sahədə əldə
etdiyi uğurları, beynəlxalq nüfuzu qoruyub saxlamaq və
inkişaf etdirmək sizin əlinizdədir. Çalışın, sizə
yaradılan
şəraitdən
səmərəli istifadə edərək öncə özünüzü, sonra isə sizin
intellektinizə arxalanacaq alimlərimizin gücünü, sizə
inanan valideynlərinizin, ən əsası da
universitetimizin etimadını doğruldasınız". Rektor Abel
Məhərrəmov qeyd etmişdir ki, beynəlxalq aləmdə böyük
hörmət və nüfuz qazanan Prezident İlham Əliyevin "Biz
iqtisadi potensialımızı intellekt kapitalına
çevirməliyik" devizi ilə təhsilin Avropa standartlarına
uyğunlaşdırılması, onun maddi-texniki bazasının inkişafı
ilə bağlı qarşıya qoyduğu məqsədlər artıq reallığa
çevrilməkdə, gerçək həllini tapmaqdadır. Vətənimizdə
kamil şəxsiyyətin, hərtərəfli biliklərə malik
vətəndaşların formalaşması üçün kifayət qədər yüksək
imkanlar yaradılır. Yüzlərlə gəncin Avropanın qabaqcıl
təhsil ocaqlarına göndərilməsi, təhsil islahatlarının
uğurla həyata keçirilməsi, "2011-2021-ci illərdə
Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın
Azərbaycan Prezidenti tərəfindən imzalanması özünəməxsus
təhsil və tədris ənənələri olan ölkəmizin işıqlı
gələcəyindən xəbər verir.
Digər çıxışlardan sonra akademik Abel Məhərrəmov yüksək
bal toplayan gənclərə tələbə biletlərini, universitetin
tarixini əks etdirən bukleti təqdim etmiş, onları bir
daha təbrik edərək birlikdə xatirə şəkli çəkdirmişdir.
Universitetin və respublikamızın üçrəngli bayraqları
Dövlət himninin sədaları altında yuxarı qaldırılmışdır.
BDU-nun Mətbuat və informasiya şöbəsi |