Sentyabrın 16-da Azərbaycan Respublikasının
təhsil naziri Mikayıl Cabbarov Bilik Günü
münasibəti ilə valideyn himayəsindən məhrum
olmuş uşaqlar üçün 1 nömrəli internat-məktəbdə
olmuşdur.
Təhsil naziri ilk öncə təhsil müəssisəsi ilə
tanış olmuşdur. Məktəbdə təlim-tərbiyə alan
uşaqlara göstərilən xidmətlərlə maraqlanan nazir
uşaqlarla birlikdə nahar etmiş, onların arzu və
istəklərini dinləmişdir.
Nazirə məlumat verilmişdir ki, 1 nömrəli
internat-məktəb 1963-cü ildə fəaliyyətə
başlamışdır. İnternat-məktəbdə dövlət himayəsi
altında yaşayan 159 şagirdin təlim-tərbiyəsi ilə
28 nəfər pedaqoji işçinin məşğul olduğu
bildirilmişdir.
Sonra nazir məktəbin VIII və IX siniflərində
vətənpərvərlik mövzusuna həsr olunmuş dərsi
tədris etmişdir. Şagirdlərlə səmimi ünsiyyət
əsasında təşkil edilmiş dərsdə interaktiv təlim
metodlarından geniş istifadə olunmuşdur.
Qeyd edək ki, Təhsil Nazirliyinin müvafiq əmrinə
əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün
ümumi təhsil müəssisələrinin V-XI siniflərində
ilk dərs saatı vətənpərvərlik mövzusuna həsr
olunmuşdur. Dərsdə müəllimlə yanaşı, məktəbin
elm, təhsil, mədəniyyət, ədəbiyyat, ictimai
fəaliyyət, dövlət qulluğu, idman və digər
sahələrdə uğur qazanmış nüfuzlu məzunlarından,
valideynlərdən, şəhər, rayon, qəsəbə və kəndin
nüfuzlu ziyalılarından və ya rəhbər şəxslərdən
hər hansı birinin iştirakı nəzərdə tutulmuşdur.
Əsas məqsədi ölkəmizin yeni cəmiyyət
quruculuğunda gənc nəslin vətənpərvərlik ruhunda
yetişdirilməsi, onlarda təhsilə, elmə marağın
daha da artırılması və geniş dünyagörüşün
formalaşdırılmasından ibarət olan dərs şagirdlər
tərəfindən maraqla qarşılanmışdır.
|