Sentyabrın
16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Bilik Günü münasibətilə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin müəllim və tələbələri ilə
görüşmüşdür.
Görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji
Universitetinin rektoru Yusif Məmmədov öncə
iştirakçıları salamlamış, ulu öndər Heydər Əliyevin
müəllim əməyinə yüksək qiymət verdiyini, onun layiqli
davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
bu siyasətin hazırda uğurla davam etdirildiyini diqqətə
çatdırmışdır. Y.Məmmədov ilk dərs günündə təhsil
nazirinin bu universitetə gəlişini müəllim hazırlığına
olan diqqətin təzahürü kimi dəyərləndirmişdir.
Təhsil naziri Mikayıl Cabbarov olduqca əlamətdar olan bu
günün ölkəmizdə böyük bayram kimi qeyd olunduğunu
bildirmişdir. Son illər ölkəmizdə müsbət demoqrafik
dəyişikliklərin baş verdiyini, bunun nəticəsində hər il
birinci sinfə gedən şagirdlərin sayının artdığını deyən
nazir bu il 141 mindən çox şagirdin ilk dəfə məktəbə
qədəm qoyduğunu vurğulamışdır. Nazir, həmçinin ölkə
başçısının son günlər bir sıra yeni məktəb binalarının
açılışında iştirak etdiyini bildirmiş, bu il təkcə Bakı
şəhərində 164 məktəb binasının Təhsil Nazirliyi
tərəfindən cari təmir olunduğunu diqqətə çatdırmışdır.
Azərbaycan
Dövlət Pedaqoji Universitetinin qədim ənənələrindən söz
açan təhsil naziri AMEA-nın keçmiş prezidentləri Yusif
Məmmədəliyev, Zahid Xəlilov və Həsən Abdullayevin məhz
bu ali məktəbin məzunu olduqlarını qeyd etmişdir. Nazir
bildirmişdir ki, təhsil sisteminin keyfiyyəti, ilk
növbədə, müəllimlərin peşəkar səviyyələri ilə bağlıdır.
Təhsil naziri çıxışında bir çox sahələrdə uğur əldə edən
ölkələrin təbii ehtiyatlara malik olan ölkələr deyil,
intellektual potensialı güclü olan ölkələr olduğunu qeyd
etmişdir.
Təhsil naziri müəllim peşəsinin müqəddəsliyini
vurğulamış, müasir müəllimin biliyi necə əldə etməyin
yollarını öyrədən peşə sahibi olduğunu bildirmişdir.
Yaxşı müəllimin məhz bu keyfiyyəti ilə fərqləndiyini
deyən nazir, tələbələrə müvafiq fənləri tədris etməklə
bərabər, Vətəni sevməyi təlqin etməyin də vacibliyini
qeyd etmişdir. Nazir bu gün ümumi təhsil məktəblərində
ilk dərs saatının da məhz vətənpərvərlik mövzusuna həsr
edildiyini bildirmişdir.
Təhsil sahəsinin, o cümlədən ali təhsilin dövlətin daim
diqqət və qayğısı ilə əhatə olunduğunu nəzərə çatdıran
təhsil naziri bu günlərdə ölkə Prezidenti cənab İlham
Əliyevin sərəncamları ilə təhsil işçilərinin
əməkhaqqının və tələbələrin təqaüdlərinin artırıldığını
söyləmiş, bunu göstərilən diqqət və qayğının daha bir
təzahürü kimi dəyərləndirmişdir. Ali təhsildə adambaşına
maliyyələşdirmə mexanizminin tətbiqinin ali təhsil
müəssisələrinin muxtariyyatının artırılmasında mühüm rol
oynadığını diqqətə çatdıran nazir bir sıra ali
məktəblərin bu mexanizmdən daha səmərəli bəhrələndiyini
demişdir. Hazırda tətbiq edilən qəbul planlarının
universitetlərin muxtariyyatlarını məhdudlaşdırdığını
qeyd edən təhsil naziri ali məktəblərin müstəqilliyinin
daha da artırılması istiqamətində mütəmadi addımlar
atılmasının, mövcud qanunvericiliyin verdiyi imkanlardan
maksimum istifadə olunmasının zəruriliyini bildirmiş,
universitetlərin dayanıqlığının təmin edilməsində
akademik azadlığın mühüm şərt olduğunu nəzərə
çatdırmışdır.
Təhsil naziri bildirmişdir ki, ölkə Prezidentinin
sərəncamı ilə təsdiq olunmuş və neft kapitalının insan
kapitalına çevrilməsi məqsədini daşıyan xaricdə təhsil
üzrə Dövlət Proqramı çərçivəsində bu il də xeyli
azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində
təhsil almaq imkanı qazanmışdır. Bununla yanaşı, nazir
azərbaycanlı gənclərin ölkəmizin ali məktəblərində
təhsil alması barədə Azərbaycan Respublikası
Prezidentinin bu günlərdə səsləndirdiyi fikirlərlə
qarşıya böyük məqsəd qoyulduğunu vurğulamış, bu baxımdan
uğurla fəaliyyət göstərən dünya universitetlərinin
təcrübəsinin öyrənilərək tətbiq olunmasının zəruriliyini
qeyd etmişdir.
Dövlət tərəfindən təhsilin maddi-texniki bazasının
gücləndirilməsi, bu sahəyə sərmayə yatırılması
istiqamətində atılmış qətiyyətli addımlardan söz açan
nazir yaradılmış şəraitdən səmərəli istifadə edilməsinin
qarşıda duran əsas vəzifələrdən biri olduğunu diqqətə
çatdırmışdır. Nazir yeni yaradılmış İnformasiya
Texnologiyaları Universitetinin Azərbaycan Diplomatik
Akademiyasının zəngin bazasından istifadəsini və
fəaliyyət göstərməsini buna misal olaraq qeyd etmiş, bu
cür əməkdaşlığın davam etdirilməsinin vacibliyini
bildirmişdir. Boloniya prosesinə keçidin yalnız tələbə
biliyinin qiymətləndirilməsi ilə məhdudlaşdırılmasının
düzgün yanaşma olmadığını deyən nazir bu prosesin digər
istiqamətləri üzrə də ardıcıl işlərin aparılmasını
məqsədəuyğun saymışdır. Azərbaycan xalqının, dövlətinin
elmə, biliyə və savada olan münasibətinin ölkəmizdə
əlverişli təhsil sisteminin qurulmasına imkan verdiyini
deyən nazir gələcəkdə də bu istiqamətdəki fəaliyyəti
dəstəkləyəcəyini qeyd etmişdir.
Çıxışının sonunda təhsil naziri ölkənin təhsil
ictimaiyyətini və universitetin professor-müəllim
heyətini yeni dərs ilinin başlanması münasibətilə təbrik
etmiş, tələbələri maraqlandıran sualları
cavablandırmışdır. |