Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan
İlümjinovu qəbul etmişdir.
"Məktəbdə şahmat" proqramının Azərbaycanda fəal şəkildə
tətbiq olunmasının əhəmiyyətinə toxunan Kirsan İlümjinov
2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə
ölkəmizdə şahmatın inkişafına dair Dövlət Proqramının
təsdiq olunmasının önəmini qeyd etdi. O, Azərbaycanda
şahmatın inkişafına göstərilən dövlət qayğısını yüksək
qiymətləndirdi. Beynəlxalq Şahmat Federasiyasının
prezidenti Rusiya Federasiyasının Xantı-Mantiysk
vilayətində ilk dəfə keçirilən sürətli şahmat üzrə dünya
çempionatında Şəhriyar Məmmədyarovun qalib gəlməsini
ölkəmizdə şahmatın inkişafının yaxşı göstəricisi kimi
dəyərləndirdi.
Dövlətimizin başçısı "Məktəbdə şahmat" proqramının
Azərbaycanda ardıcıl olaraq davam etdiriləcəyinə
əminliyini ifadə etdi. Ölkəmizdə şahmatın uğurla inkişaf
etdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanın
bütün şəhərlərində şahmat məktəblərinin bərpa edildiyini
dedi. Ölkəmizdə "Baku Open-2013" Beynəlxalq Şahmat
Festivalına hazırlıq işlərinin görüldüyünü deyən
dövlətimizin başçısı Azərbaycanın təşəbbüslərinə
göstərdiyi dəstəyə görə Beynəlxalq Şahmat
Federasiyasının prezidenti Kirsan İlümjinova təşəkkürünü
bildirdi.
AzərTAc |