Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də
Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin
tədris-təcrübə və istirahət mərkəzinin açılışında
iştirak etmişdir.
Açılışda iştirak edən Azərbaycanın birinci xanımı
Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov
məlumat verdi ki, mərkəzin ərazisi 8 hektardır. Ərazi
1970-ci ildən istifadə olunur. Son 20 ildə isə burada
məcburi köçkünlər məskunlaşmışdı. Yeni binanın inşasına
2011-ci ilin sentyabrında başlanılmış, bu ilin
sentyabrında başa çatdırılmışdır. Tikinti işləri
universitetin daxili imkanları hesabına aparılmışdır.
Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstü
qoyulmuş, ulu öndərin həyat və fəaliyyətini əks etdirən
fotostend quraşdırılmışdır. Binada "Bakı Dövlət
Universitetinin tarixi" və "Tədris-təcrübə və istirahət
mərkəzinin tarixi" adlı fotoguşələr də yaradılmışdır.
Dövlətimizin
başçısı və xanımı mərkəzin otelində yaradılan şəraitlə
tanış oldular. Bildirildi ki, 400 nəfər üçün nəzərdə
tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin
istirahətinə hər cür şərait yaradılmışdır. Burada həm
professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə
tutulmuş otaqlar ən müasir standartlara cavab verir.
Müxtəlif müzakirələrin aparılması və tədbirlərin
keçirilməsi üçün burada konfrans zalları təşkil
olunmuşdur. Böyük akt zalında istənilən tədbirin
keçirilməsi üçün hər cür şərait vardır. Müəllim-tələbə
heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən də
istifadə edə biləcəkdir. İdman zalları müasir
avadanlıqla təchiz olunmuşdur. Burada idmanın müxtəlif
növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların
keçirilməsi mümkündür. Mərkəzin əsas bölmələrindən biri
də kitabxanadır. Elektron formatda təşkil olunan
kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat
toplanmışdır. Bundan əlavə, tədris-təcrübə və istirahət
mərkəzində müxtəlif istiqamətlər üzrə laboratoriyalar
təşkil olunmuşdur. Bütün bunlar müəllim və tələbələrin
daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və
beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar
yaradır.
AzərTAc |