Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva sentyabrın
14-də Bakının Xəzər rayonundakı 234, 125 və 121
nömrəli orta məktəblərin binalarının əsaslı
təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə
tanış olmuşlar.
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramına uyğun olaraq orta məktəb binalarının
əsaslı təmir və yenidənqurma işləri davam
etdirilir.
Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva əvvəlcə 234 nömrəli orta məktəbin
binasında aparılan əsaslı təmir və yenidənqurma
işləri ilə tanış oldular.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı Prezident İlham
Əliyevə məlumat verdi. Bildirildi ki, 234
nömrəli orta məktəb 1980-ci ildə inşa
olunmuşdur. 1176 yerlik məktəbdə 850 şagird
təhsil alır. Məktəbin bütün sinif otaqları, fənn
kabinetləri, yeməkxanası, kitabxanası, akt və
idman zalları təmir edilmiş, təhsil ocağında
əsaslı yenidənqurma işləri aparılmış, yüksək
standartlara uyğun şərait yaradılmışdır. Tədris
müəssisəsində kompüter sinifləri fəaliyyət
göstərəcəkdir. Məktəbin işıqlandırma və istilik
sistemi də yenidən qurulmuşdur. Ərazidə abadlıq
və yaşıllaşdırma işləri görülmüşdür.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban
Əliyeva 125 nömrəli orta məktəbə gəldilər.
Burada da görülən işlərlə bağlı dövlətimizin
başçısına məlumat verildi. Qeyd edildi ki,
məktəb 1939-cu ildə inşa olunmuşdur. 2011-ci
ildə dövlətimizin başçısı bu məktəbdə olarkən
yeni binanın inşa edilməsi barədə yerindəcə
göstərişlər vermişdir. Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq məktəbin yeni binası
yüksək standartlara uyğun şəkildə inşa
olunmuşdur. 760 yerlik yeni məktəbdə hazırda 560
şagird təhsil alır. Məktəbin akt və idman
zalları yüksək tələblər səviyyəsindədir. Bu
məktəbdə də müasir kompüter sinifləri
yaradılmışdır. Təhsil müəssisəsi ən müasir
avadanlıqla, işıqlandırma və istilik sistemləri
ilə təchiz edilmiş, ətraf ərazilərdə abadlıq
işləri aparılmışdır.
Daha sonra Prezident İlham Əliyev və xanımı
Mehriban Əliyeva Binə qəsəbəsindəki 121 nömrəli
orta məktəbdə yaradılan şəraitlə tanış oldular.
Burada görülən əsaslı təmir və yenidənqurma
işləri ilə bağlı məlumat verildi. Bildirildi ki,
1934-cü ildə inşa olunan məktəbdə 2006-2007-ci
illərdə əlavə korpus inşa edilmişdir. Məktəbin
köhnə korpusu yararsız vəziyyətdə olduğuna görə
2012-ci ildə sökülərək müasir standartlara uyğun
400 şagird yerlik yeni korpus inşa olunmuşdur.
Məktəbin bütün sinif otaqları ən müasir tələblər
səviyyəsindədir. 1040 yerlik məktəbdə hazırda
870 şagird təhsil alır.
Dövlətimizin başçısı və xanımı yaradılan
şəraitlə yaxından tanış oldular. Yeni korpusda
yüksək səviyyədə iclas və idman zalları
qurulmuş, müasir işıqlandırma və istilik
sistemləri yaradılmışdır. Məktəbin ətrafı
abadlaşdırılmışdır.
AzərTAc
|