Sentyabrın 16-da - Bilik Günündə Bakının Yasamal
rayonundakı 158 nömrəli tam orta məktəb əsaslı təmir və
yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Ölkəmizdə son illər təhsilin inkişafı ilə bağlı ardıcıl
tədbirlər həyata keçirilir, müxtəlif proqramlar icra
olunur. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri
"Təhsil əsri" elan etmişdir. Odur ki, yüksək intellektə
malik insan kapitalının formalaşmasında, davamlı
inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında
təhsil mühüm rol oynayır. Azərbaycanda əldə olunan bu
uğurların daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl
tədbirlər görülür. Son illərdə ölkədə yüzlərlə məktəb
tikilmiş və ya əsaslı təmir edilmişdir. Yasamal
rayonundakı 158 nömrəli tam orta məktəbdə aparılan
yenidənqurma işləri də bu tədbirlərin davamıdır.
Dövlətimizin başçısı məktəbin təmirdən əvvəlki
görüntülərini əks etdirən fotostendə baxdı.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov Prezident İlham Əliyevə məlumat verdi ki,
1961-ci ildən fəaliyyət göstərən bu təhsil müəssisəsində
əsaslı təmir və yenidənqurma işlərinə may ayında
başlanılmışdır.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
məktəbdə yaradılan şəraitlə tanış oldular. Burada ulu
öndər Heydər Əliyevin ölkədə təhsilin inkişafına
göstərdiyi diqqət və qayğını əks etdirən fotostend
qurulmuşdur. Üç tədris və bir yardımçı korpusdan ibarət
olan 1850 şagird yerlik bu məktəbdə 198 müəllim işləyir.
Məktəbin idman zalı da yenidən qurulmuşdur. Zalda
idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsi
mümkündür. Təhsil kompleksində ən müasir standartlar
səviyyəsində qurulan və yeni avadanlıqla təchiz edilən
fənn kabinetləri yaradılmışdır. Bütün siniflər əyani
vəsaitlərlə təchiz edilmişdir. Məktəbin zəngin
kitabxanasında 40 minə yaxın müxtəlif ədəbiyyat
toplanmışdır. Təhsil ocağının sinifləri interaktiv
lövhələrlə təchiz olunmuşdur.
Şagirdlərin istifadəsinə iki informatika kabineti də
verilmişdir.
Dövlətimizin başçısı ayrı-ayrı fənn kabinetləri ilə də
tanış oldu. Məktəbdə müxtəlif tədbirlərin keçirilməsi
üçün 350 nəfərlik geniş akt zalı da yaradılmışdır.
Məktəbin müəllim-şagird kollektivi ilə görüşən Prezident
İlham ƏLİYEV dedi:
- Sabahınız xeyir olsun. Mən sizin hamınızı yeni dərs
ili münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Eyni
zamanda, məktəbinizin əsaslı təmirindən sonra açılışı
münasibətilə də təbrik edirəm. Çox gözəl məktəb olub.
Əvvəlki vəziyyəti ilə də tanış oldum, fotoşəkillərə
baxdım. Siz də - burada oxuyanlar, burada işləyənlər
daha yaxşı bilirsiniz ki, əvvəlki vəziyyət necə idi.
Qısa müddətdə - cəmi üç ay ərzində məktəb yenidən
qurulub, əsaslı təmir olunub. Onilliklər bundan sonra bu
məktəbin bax, belə gözəl vəziyyətdə olması təmin
ediləcəkdir. Bütün avadanlıq var, bütün lazımi işlər
görülübdür. Ona görə, burada oxumaq da, müəllimlər üçün
işləmək də xoş olacaqdır.
Əsas məsələ ondan ibarətdir ki, təhsilin keyfiyyəti daha
da yüksəlsin. Çünki məktəb tikintisi ölkədə və Bakı
şəhərində geniş vüsət almışdır. Təkcə bu il yay
aylarında Bakıda 46 məktəb əsaslı şəkildə təmir
edilmişdir. Ölkə üzrə isə 200-dən çox məktəb təmir
edilmişdir. Son illər ərzində Azərbaycanda məktəblərin
tikintisi, təmiri çox geniş aparılır. Ölkəmizdə cəmi
4500-ə yaxın məktəb vardır. Son on ildə 2700-dən çox
məktəb tikilib və əsaslı təmir edilibdir. Ancaq buna
baxmayaraq, hələ də təmirsiz məktəblər vardır, o
cümlədən Bakıda. Son illərdə Bakıda 267 məktəb əsaslı
təmir edilib və tikilib. Ancaq hələ 90 məktəbdə təmir
işləri aparılmalıdır. Çünki o məktəblərin vəziyyəti bax
bu məktəbin əvvəlki vəziyyəti kimidir. Yəni, bu, o
deməkdir ki, hesab edirəm bizə hələ 1-2 il lazım
olacaqdır ki, Bakının bütün məktəbləri bax belə gözəl
vəziyyətdə olsun.
Təhsilin keyfiyyəti isə elə prosesdir ki, bu prosesin
hüdudları yoxdur. Biz daim bu məsələni diqqət mərkəzində
saxlamalıyıq, xüsusilə müəllimlər və təhsillə məşğul
olan məsul şəxslər. Biz bu məsələyə daim diqqət
yetirməliyik. Çünki artıq dəfələrlə bu ifadə işlədilib:
"Təhsil hər bir ölkənin gələcəyini təmin edir". Hər bir
ölkənin inkişafını onun insanları, insanların bilikləri,
istedadı müəyyən edir. Ölkələr vardır ki, orada təbii
sərvətlər yoxdur. Ancaq o ölkələr dünyada ən inkişaf
etmiş ölkələrdir. Biz də bu yolu getməliyik. Bizim
üstünlüyümüz ondan ibarətdir ki, təbii sərvətlərimiz də
var və biz təbii sərvətlərin işlənməsindən əldə edilmiş
gəlirləri insan kapitalına, o cümlədən təhsil sahəsində
aparılan islahatlara yönəldirik.
Ancaq biz elə etməliyik ki, gələcəkdə ölkəmizin uğurlu
və uzunmüddətli inkişafını elm, biliklər, texnologiyalar
müəyyən etsin. Elmi-texniki tərəqqi hər bir ölkə üçün
onun gələcəyini müəyyən edən amillərdir. Xüsusilə XXI
əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin
səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız
bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri
bilməlidirlər. Əlbəttə ki, müəllim heyəti də təhsilin
yüksək səviyyəsini təmin etməlidir.
Ümid edirəm ki, hazırda təhsil sahəsində aparılan
islahatlar yaxın gələcəkdə müsbət nəticələrə gətirib
çıxaracaqdır. Bu günə qədər müəyyən işlər görülübdür.
Ancaq hesab edirəm bugünkü Azərbaycanın inkişaf
dinamikası bizə diktə edir ki, təhsil sahəsində səviyyə
ən yüksək zirvədə olmalıdır. Əminəm ki, biz buna nail
olacağıq. Çünki Azərbaycan xalqının çox böyük potensialı
vardır. Bizim insanlarımız istedadlıdır, biliklidir.
Hesab edirəm uşaqlar da başa düşürlər ki, əgər
məktəblərdə, ali məktəblərdə yaxşı biliklərə malik
olmasalar, gələcəkdə onlar üçün həyatda öz yerini tapmaq
o qədər də asan olmayacaqdır.
Bu gün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir
insanın gələcəyini müəyyən edir. Getdikcə, ölkəmiz
inkişaf etdikcə bu amil daha da ciddi rol oynayacaqdır.
Eyni zamanda, əlbəttə ki, hər bir dövlətin inkişafını
vətənpərvər insanlar müəyyən edir. Vətən sevgisi, Vətənə
bağlılıq həmişə xalqımıza xas olan xüsusiyyətlərdən biri
olmuşdur. Xüsusilə bu gün Azərbaycan dünya miqyasında
böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanda
aparılan işlər artıq dünya ictimaiyyətinin diqqətini
çəkir. Biz iqtisadi sahədə dünya miqyasında ən sürətli
inkişafa nail ola bilmişik. Beynəlxalq mövqelərimiz də
möhkəmdir. Ona görə ölkəmizlə fəxr etmək üçün kifayət
qədər səbəblər vardır. Bunu nəzərə alaraq, bir daha
demək istəyirəm ki, gənclərimiz, uşaqlarımız
vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə
yaşamalıdırlar.
Əlbəttə ki, bu sahədə həm ailələrin, həm də ki,
müəllimlərin çox böyük rolu vardır. Çünki hər bir
insanın dünyagörüşü orta məktəblərdə formalaşır. Orta
məktəblərdə yaxşı oxuyan uşaqlar adətən ali məktəblərdə
də yaxşı oxuyur.
Bu gün təhsil qarşısında duran bir neçə əsas vəzifə
əminəm ki, yaxın zamanlarda təmin ediləcəkdir. Ali
məktəblərdə təhsilin keyfiyyəti artmalıdır. Peşə
məktəblərində yeni vəziyyət yaradılmalıdır. Xüsusilə,
iqtisadi inkişafımızı nəzərə alaraq peşə məktəblərinin
fəaliyyəti iqtisadi inkişafla uzlaşmalıdır ki, ölkəmiz
üçün vacib olan sahələrdə peşəkar kadrlar hazırlansın.
Peşəkar kadrların hazırlanması üçün müxtəlif proqramlar
icra edilir. Biz gəncləri xaricə oxumağa göndəririk.
Ancaq mən artıq bu barədə öz fikirlərimi bildirmişəm.
Bir daha deyirəm, istəyirəm Azərbaycanda təhsilin
səviyyəsi o qədər yüksək olsun ki, xaricə getməyə
ehtiyac qalmasın. Bu da həm müəllimlərdən, həm dövlət
rəhbərliyindən, eyni zamanda, təhsil sistemində çalışan
bütün insanlardan və əlbəttə ki, uşaqlardan asılıdır.
Uşaqlar da məktəbdə yaxşı oxumalıdırlar. Müəllimlərin
sözünə baxmalıdırlar. Çünki bu, ilk növbədə onlar üçün,
onların gələcəyi üçün lazımdır.
Biz isə çalışacağıq ki, bütün məktəbləri bax, belə gözəl
vəziyyətə gətirib çıxaraq, eyni zamanda, təhsillə bağlı
bütün digər məsələləri həll edək.
Bir daha sizi ürəkdən təbrik edirəm. Sizə uğurlar
arzulayıram.
***
Məktəbin direktoru Zemfira SƏMƏDOVA çıxış edərək
dedi:
- Hörmətli cənab Prezident.
Bütün kollektivimiz adından Sizə öz minnətdarlığımızı
bildiririk. Bu gün bizim məktəbi tarixə qovuşduran bir
gündür. Sizin bu qədər işiniz olduğu bir zamanda vaxt
tapıb bizimlə görüşə gəlmisiniz, biz bunu bütün
kollektivimizə, özümüzə böyük şərəf bilirik, çox sevinc
hissi duyuruq. Sizin təhsilə olan qayğınızın nəticəsində
az bir müddətdə bizə belə bir gözəl məktəb bəxş
etmisiniz. Buna görə Sizə bütün kollektiv adından
ürəkdən, min dəfələrlə təşəkkür edirik.
Cənab Prezident, həm Sizin, həm də Mehriban xanımın
fəaliyyəti həmişə bizi ruhlandırır. Biz müəllimlər bu
gün çalışırıq ki, Siz dediyiniz kimi vətənpərvər
vətəndaşlar formalaşdıraq.
Hörmətli cənab Prezident, eyni zamanda, çalışırıq ki,
gənclərimiz Sizin kimi Vətəni sevən, çalışqan olsunlar.
Gənc nəsil gələcəyin qurucularıdır. Onlar gələcəyimizi,
bir sözlə, Azərbaycanın gələcəyini təmin edən,
dövlətçiliyimizin, müstəqilliyimizin əbədiliyini qoruyan
nəsildir.
Bir daha Sizə təşəkkür edirik. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
|