27
avqust - 5 sentyabr tarixlərində Quba Rayon Uşaq-Gənclər
Şahmat Məktəbində məktəblilər arasında şahmat üzrə
respublika çempionatı keçirilmişdir.
Çempionat ayrı-ayrılıqda olmaqla oğlanlar və qızlar
arasında 6 yaş qrupu üzrə təşkil olunmuşdur.
Yarışda ümumilikdə respublikamızın şəhər və
rayonlarından 47 komanda tərkibində 268 məktəbli iştirak
etmişdir.
Çempionatın açılış mərasimində çıxış edən "Təhsil"
Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov,
Milli Olimpiya Komitəsinin məsul işçisi "Olimpiya
dünyası" qəzetinin baş redaktoru Murad Fərzəliyev, Quba
Rayon Təhsil Şöbəsinin müdiri Süleyman Aslanov,
Azərbaycan Şahmat Federasiyasının baş katibi İbrahim
Məmmədov yarış iştirakçılarını salamlamış, onlara
müvəffəqiyyətlər arzulamışlar.
Qeyd edilmişdir ki, ölkəmizdə bütün sahələrdə olduğu
kimi idman və təhsildə də böyük irəliləyişlər var. Hər
il onlarla Avropa və dünya miqyaslı birincilik,
çempionat və beynəlxalq turnirlər məhz Azərbaycanda
keçirilir. İdmançılarımız mötəbər beynəlxalq yarışlarda
uğurla çıxış edirlər. Şahmat idman növü də sürətlə
inkişaf edir. Hazırda respublikamızda 66 Uşaq-Gənclər
Şahmat Məktəbi fəaliyyət göstərir. Azərbaycan Prezidenti
cənab İlham Əliyev "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişafı haqqında Dövlət Proqramı"
imzalamışdır. Bu yarışın keçirilməsi elə məhz bu
proqramın yerinə yetirilməsinin bir nümunəsidir. Sonra
qeyd olunmuşdur ki, təkcə bu ilin 8 ayı ərzində məktəbli
şahmatçılarımız yaş qrupları üzrə Serbiyanın Novi Sad
şəhərində keçirilən məktəblilər arasında Avropa
çempionatında 3 qızıl, 4 gümüş, 1 bürünc medal,
Yunanıstanın Porto Karras şəhərində keçirilən
məktəblilər arasında dünya çempionatında 1 qızıl, 2
gümüş, 1 bürünc medal, Gürcüstanın Ureki şəhərində
keçirilən yeniyetmələrin Avropa kuboku yarışlarında isə
1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanmışlar.
Daha sonra yarışın baş hakimi beynəlxalq dərəcəli hakim,
Quba Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru
Qüdrət İsmayılov yarışın keçirilmə qaydaları haqqında
məlumat vermişdir.
9 turdan ibarət olan yarışda yaş qrupları üzrə qaliblər
müəyyən olunmuşdur.
6 yaşadək qrupda: oğlanlar arasında, Əli Züqanov (Bakı)
I, Səid Bəkirov (Bakı) II, Ayxan Cabbarlı (Ucar) III,
qızlar arasında, Lalə Budaqova (Gəncə) I, Aysel
Səlimova (Mingəçevir) II, Nurtac Heydərli (Bakı) III, 8
yaşadək qrupda oğlanlar arasında, Aydın Süleymanlı
(Bakı) I, Mətin Salamov (Bakı) II, Xəzər Babazadə
(Biləsuvar) III, qızlar arasında, Pikəxanım Behbudova
(Quba) I, Mehin Taba-Tabai (Bakı) II, Nəzrin Həsənova
(Bakı) III, 10 yaşadək qrupda, oğlanlar arasında,
Məhəmməd Muradlı (Bakı) I, Məhəmməd İsmayılov (Bakı) II,
Mətin Mürsəlli (Bakı) III, qızlar arasında, Gövhər
Beydullayeva (Bakı) I, Zeynəb İsmayılzadə (Mingəçevir)
II, Şəhla Əzizova (Sumqayıt) III, 12 yaşadək qrupda
oğlanlar arasında, Andrey Mustafin (Bakı) I, Murad
İbrahimli (Sumqayıt) II, Sadiq Ağayev (Bakı) III, qızlar
arasında Nigar Mustafazadə (Bakı) I, Leyla İbrahimli
(Bakı) II, Aytac Heydərova (Bakı) III, 14 yaşadək qrupda
oğlanlar arasında, Niyazi Nağdıyev (Bakı) I, Şəhriyar
İsgəndərov (Quba) II, Oğuz Abışlı (Bakı) III, qızlar
arasında, Türkan Abdullayeva (Gəncə) I, Nərmin Kərimzadə
(Bakı) II, Xavər Kazımlı (Şirvan) III, 16 yaşadək qrupda
oğlanlar arasında, Elxan Bayramov (Bakı) I, Elvin
Bayramov (Quba) II, Zaur Bayramov (Sumqayıt) III, qızlar
arasında, Aytən Əmrayeva (Bakı) I, Məğrurə İmanlı (Bakı)
II, Şölə Məmmədova (Şabran) III yerləri tutmuşlar.
Əsasnaməyə uyğun olaraq I yeri tutanlar məktəblilər
arasında dünya çempionatına, II yeri tutanlar isə
Avropa çempionatına vəsiqə qazanırlar.
Qaliblər "Təhsil" Respublika İdman Mərkəzinin müvafiq
dərəcəli diplomları və Quba Rayon Təhsil Şöbəsinin kubok
və hədiyyələri ilə mükafatlandırılmışlar.
İbrahim MƏMMƏDOV,
"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini |