Səhifəmizin bugünkü qonağı sərbəst güləş üzrə Dünya
kubokunun sahibi, əməkdar idman ustası Gözəl Zutovadır
Bu
ilin 10-11 avqust tarixlərində Polşanın paytaxtı
Varşava şəhərindəki "Spala" idman sarayında "Grand
Şlan" 17-ci beynəlxalq turniri keçirilmişdir. Turnirdə
respublikamızla yanaşı, 46 ölkənin idmançıları
qüvvələrini sınamışlar. İdman ustaları arasında
keçirilən turnirdə 67 kiloqram çəki dərəcəsində döşək
üzərinə çıxan Gözəl Həbibullah qızı Zutova sərbəst güləş
üzrə keçirdiyi bütün görüşləri qalibiyyətlə başa
vurmuşdur. Almaniya təmsilçisi Alien Foceken, Polşa
güləşçisi Daria Osocka və Rusiya idmançısı Anastasiya
Şçavlinskaya üzərində inamlı qələbə qazanan Gözəl Zutova
turnirin qızıl medalına sahib olmuşdur. Respublikamızın
bayrağını Polşada zirvəyə qaldıran Gözəl Zutova,
ümumilikdə, dörd görüş keçirmişdir. İlk üç görüşdə
Almaniya, Qazaxıstan və Polşadan olan idmançıları
məğlubiyyətə uğratmış güləşçimiz finalda rusiyalı
idmançı ilə üz-üzə gələndə də rəqibinə heç bir şans
verməmişdir. Keçirdiyi bütün görüşlərdə rəqiblərini
məğlub edən Azərbaycan idmançısı fəxri kürsünün ən
yüksək pilləsinə qalxmış və idmanın sərbəst güləş növü
üzrə beynəlxalq turnirin qalibi olmuşdur. O, qaydasız
döyüş üzrə 3 dəfə Dünya çempionatının qalibi, 2 dəfə
Avropa çempionu, 2012-ci ildə sərbəst güləş üzrə
Yaponiyada keçirilən Dünya Kubokunun sahibi, beynəlxalq
turnirlərin qalibi olmuş və dəfələrlə respublika
çempionu adına layiq görülmüşdür.
Bu yaxınlarda Polşada keçirilən 17-ci beynəlxalq
turnirdən qızıl medalla Vətənə qalib kimi qayıdan
Gözəl Zutova ilə məşq zalında görüşdük. Bir azdan
növbəti məşqə başlayacaq qadın güləşçimiz idman
geyimində idi. Bütün söhbətimiz boyunca Gözəli
dinlədikcə qürur hissi duyurdum ki, ilk baxışda çox
təmkinli, sakit görünən bu gənc qız neçə-neçə mötəbər
yarışların qalibidir. O, söhbətimizə bu sözlərlə körpü
saldı:
- 8 aprel 1986-cı ildə Zaqatalanın Danaçı kəndində
dünyaya göz açmışam. Milliyyətcə avar qızıyam.
Ailəmizdə beş uşağın dördüncüsü, üç bacının ən
kiçiyiyəm. Anam Gövhərət evdar xanımdır.
Atam isə bir vaxtlar kəndimizdə ibtidai sinif müəllimi
işləyib. İndi təqaüddədir. Cavan vaxtı o da güləşlə
yaxından məşğul olurmuş. Hazırda yığma komandadakı
məşqçimiz Yaqub müəllimlə eyni vaxtda atam da yarışlara
qatılırmış.
- Ucqar bir rayon, ucqar bir kənd və bu kəndin pəhləvan
qızı... ilk baxışda kiməsə qəribə gələ bilər.
- Atam hər zaman istəyirdi ki, güləşçi olum. Ancaq ilk
vaxtlar mənim güləşməyimə maneçilik törədənlər çox oldu.
Deyirdilər, get özünə başqa peşə tap, qız hara, güləş
hara? Amma bu yolda mənə dəstək duranlar da çox olub.
Zeynal əmim əsgərlikdən qayıdanda mən ibtidai sinif
şagirdi idim. Əmim məni güləşməyə ruhlandırır, elə hey
deyirdi ki, qız uşağı mütləq idmanla məşğul olmalı, hər
bir şəraitdə özünü müdafiə etməyi bacarmalıdır. Əmimin
bu sözləri həyatımı idmana bağlamağımda istiqamətverici
rol oynadı.
- Yarışlardan kənarda heç olubmu ki, hansısa bir
zərurətdən qolunun gücünü göstərməli olasan?
- Bəzən oğlanlarla sözüm düz gəlməyəndə hərdən qolumun
zorunu göstərdiyim vaxtlar da olub. Bizim məktəbimiz
dördillik idi deyə, dördüncü sinifdən sonra
təhsilimizi qonşu kəndin məktəbində davam etdirməliydik.
Təbii ki, mən də beşinci sinifdən başlayaraq, qonşu
kəndin məktəbinə getdim. Öz məktəbimizdə hər zaman
birinci partada oturmuşdum. Odur ki, ilk dərs günü yeni
məktəbin yeni sinfində də ən qabaqda oturdum. Təzə
gəldiyim məktəbin şagirdlərindən biri məni yerimdən
durğuzmağa çalışdı ki, birinci yer mənə məxsusdur, ən
irəlidə mən oturmalıyam. Mən ona etiraz edəndə
aramızdakı mübahisə əməlli-başlı davaya çevrildi.
Oğlanın "dərsini" verdim və kürəyini yerə qoydum. Heç
demə bu şagird mənim yeni sinif rəhbərimin oğlu imiş.
İnsafən o, oğlunun mübahisə etdiyini və nəticədə
döyüldüyünü biləndə mənə yaxınlaşıb dedi ki, oğlum da
olsa, birinci partada oturmaq uğrunda mübarizəni o
uduzub, sən isə udmusan. Ona görə birinci partada
oturmaq sənin haqqındır. Bu əhvalatı uşaqlıq
illərimdə qazandığım ilk qələbəm hesab edirəm.
Yeni
məktəbdə bədən tərbiyəsi müəllimimiz SSRİ idman ustası
Ramazan Qatmayev idi. O bizə yeni fənd göstərmək
istəyəndə deyirdi ki, kim istəyirsə çıxsın lövhənin
qarşısına, yeni fəndi onun üzərində nümayiş etdirim.
Həmişə birinci mən əlimi qaldırırdım ki, yeni fənd mənim
üzərimdə göstərilsin. Müəllimim atama deyirdi ki, bu
qızdan yaxşı idmançı olacaq. Bütün bunları xatırlamaqda
məqsədim onu diqqətə çatdırmaqdır ki, idmana həvəsim hər
zaman sonsuz olub.
- İlk yarışı necə xatırlayırsınız?
- 2001-ci ildə onuncu sinifdə oxuyanda ilk dəfə yarışa
cüdo üzrə qatıldım. O zaman Bakıda Azərbaycan çempionatı
gedirdi. Bir az anlaşılmazlıq oldu, ona görə mən,
ümumiyyətlə, cüdodan birdəfəlik uzaqlaşdım. Qayıtdım
yenidən rayona.
2001-ci ildə orta məktəbi bitirdim. Əvvəllər bir müddət
qaydasız döyüş üzrə də döyüşmüşəm. Düz üç dəfə məhz
idmanın bu növü üzrə dünya çempionu olmuşam.
Bakıda
olanda "İnter" klubda məşq edirdim. Mənə dedilər ki,
evdə oturmaqdansa, sən hazır kadrsan, gəl yazıl
"Universal"a. Beləliklə, yazıldım həmin kluba. İlk dəfə
qadınlar arasında 2007-ci ildə "Universal"da yarış oldu.
Mənə dedilər ki, kənddə böyümüsən, sənə heç nə olmaz,
dəmir kimisən. Mən də 63 kq çəki dərəcəsində yarışlara
qoşulub dörd görüş keçirdim, çempion oldum.
İdmanda çoxlu sayda təltiflərim, mükafatlarım olub.
Dünya üzrə çempionatda qalib gəlib üç dəfə qızıl medala
sahib olmuşam. 2015-ci ildə Bakıda keçirilməsi nəzərdə
tutulan yarışlarda iştirak etmək və qalib gəlmək ən
böyük arzumdur. Beynəlxalq olimpiadalarda çıxış etməyə
hazırlaşıram.
- Böyük idmanda ən arzu edilməyən amil hansıdır?
- Hər şeydən əvvəl zədələr. İstər məşqlərdə, istərsə də
yarışlarda güləşçi maksimum dərəcədə özünü baş verə
biləcək zədələrdən qorumağa çalışmalıdır. Çünki zədələr
böyük qələbəyə aparan yolda idmançının ayağına dolaşan
ən arzuedilməz maneədir. Bundan qurtulmağın yolu isə
məşğul olduğun güləş növünə aid bütün fəndləri dərindən
mənimsəməkdir.
-
Zədələrin sizi də yaxaladığı vaxt olubmu?
- Qəflətən onurğa disklərimdə problem yarandı və cərrahi
müdaxilə qaçılmaz oldu. Hərbi klinikada əməliyyat
olundum, bir müddət ancaq sağlamlığımı bərpa etməyə
çalışdım və qısa müddətdə yenidən idmana döndüm.
Sağaldıqdan sonra bu ilin avqust ayında Polşanın Spala
şəhərindəki yarışlara qatıldım. Oradan qızıl medalla
qayıtdım. Qarşıda məni daha mötəbər yarışlar gözləyir.
Sentyabrın 13-də Macarıstanda qadınlar arasında
keçiriləcək çempionatda 67 kiloqram çəki dərəcəsində
iştirak edəcəyəm.
- Gözəl xanım, çəkinizi necə nəzarətdə saxlaya
bilirsiniz?
- Bir-iki kiloqram artıq çəki güləşçi üçün elə də qorxu
yaratmır. Çünki yarışlar ərəfəsində gərgin məşqlər
zamanı onsuz da bir neçə kilo itiririk. Həm də yarışlara
dörd-beş gün qalmış ancaq meyvə və sularla qidalanırıq.
Üstəlik də məşqlərdə ancaq sürətə işləyirik, tər
tökürük. Belə etməsək, qələbə qazana bilmərik.
- Qələbə qazanmağınızda məşqçilərinizin rolu?
-
Məşqçidən də, onun yetirməsindən də çox şey asılıdır.
Yığma komandamızda işləyən müəllimlərimiz - məşqçi Aslan
Ağayev, baş məşqçi Yaqub Məmmədov, şəxçi məşqçim
Elşad Allahverdiyev məhz yarış öncəsi mənəvi cəhətdən
bizə çox təsir göstərirlər. Keçən il dünya kuboku
uğrunda Yaponiyaya getmişdik. Müəllimim bir kəlmə dedi
mənə: "Gözəl, çıx və güləş". Bu sözlər o demək idi ki,
məşqçim mənə güvənir. Yəni, o mənə demək istəyirdi ki,
həmişə məşqdə necə güləşirsənsə, indi yarışda da elə
güləş, o bizə bəsdir. Məşqçi ki, öyrətdiyini addımbaşı
təriflədi, orada qalibiyyətdən söhbət gedə bilməz. Çünki
güləşçi heç zaman arxayınlaşmamalı, daim hərəkətdə
olmalıdır. Onsuz da təbiətən zəif adamlara idmanda yer
yoxdur. Kimsə idmana üz tutubsa, deməli, o nəsə bacarır
ki, bu yolu seçib.
- Gözəl xanım, gəncsiniz, güclüsünüz. Bütün
arzularınızın üzü idmana yönəlikdi, eləmi?
- Desəm bəli, bu cavabım səmimi olmazdı. Təbii ki, idman
yarışlarından hər zaman zəfərlə qayıtmaq bir növ mənim
vəzifə borcumdur. Ancaq ürəyimdə daha böyük iki arzum da
var: birinci arzum, cənab Prezidentimizin Ali baş
komandanlığı altında torpaqlarımızın düşmənin tapdağı
altından geriyə qaytarıldığı günü görməkdir.
İkinci arzum isə budur: oğul ya qız, fərqi yoxdur, məni
övlad sahibi etməklə şərəfləndirməyini Ulu Yaradandan
dilək diləyirəm. Övladım hansı sənəti seçərsə-seçsin,
istəyərəm ki, əsas məşğuliyyəti idman olsun. Böyük
qardaşımın iki qızı var: Xumar və Nigar - birinin beş
yaşı var, birinin altı. Hər ikisi güləşə gedir.
- Şəxsi həyatınız və idman karyeranız?
- Öz rayonumuzdan -Zaqataladan olan həyat yoldaşım
Yaqub Yusubov da peşəkar idmançı olub. Doqquz il idi
ki, bir-birimizi sevirdik. Nəhayət səkkiz ay əvvəl ailə
qurduq. Yaqub ailədə yeganə oğuldu. İdman
yarışlarından birində çiynindən zədə aldığı üçün daha
güləşməyə davam edə bilmədi. Hazırda məşqçi kimi
fəaliyyət göstərir. Qayınatam Vaqif Yusubov əvvəllər
boksla məşğul olub. Qayınanam Solmaz xanım Yusubova isə
bir vaxtlar yığma komandada voleybolçu olub. Həmişə
deyirəm, xoşbəxtəm ki, bəxtimə Solmaz xanım kimi qaynana
düşüb. Biz onunla sanki iki rəfiqəyik. Bütün bunlar isə
idman karyeramın yüksəlməsində həlledici amillərdəndir.
- Bugünkü gəncliyə hansı tövsiyələriniz var?
- Yol gedərkən bəzən küçələrdə, tinlərdə yığışan bekar
oğlan uşaqlarını görəndə heyifsilənirəm. İstəyirəm ki,
onlar vaxtlarını səmərəsiz keçirməsinlər, idmanın
istənilən sahəsinə üz tutsunlar, elmlə məşğul olsunlar.
Axı, respublikamızın sabahı sağlam, bilikli gənclərin
çiynində olacaq.
- Xarici ölkələrdə yarışlar zamanı ən çox hansı amillər
sizə ruh verib?
- Artıq xarici ölkələrdə Azərbaycan idmançısının müsbət
mənada yetərincə imici formalaşıb. Yarışlar vaxtı
eşidirik, rəqiblərimiz xahiş edirlər ki, oyunu
azərbaycanlılarla başlamayın. Heç olmasa iki-üç oyundan
sonra bizi buraxırlar yarışa. Çünki rəqiblərimiz fiziki
hazırlığımıza görə Azərbaycan idmançılarından
çəkinirlər.
- Təhsiliniz və daimi iş yeriniz?
- Ötən il İdman Akademiyasını bitirdim. Hazırda
Beynəlxalq Bankın "Simurq" klubunu təmsil edirəm.
Buradakı məşqçim Arif Ramazanovdur.
İş yerim isə Fövqəladə Hallar Nazirliyindədir. Orada
Xüsusi Riskli Xilasetmə Xidmətində gizirəm.
- Xidməti işinizlə çempionata hazırlıq, gərgin idman
məşqləri bir-birinə mane olmur ki?
- Qazandığım hər bir qələbəmdə FHN-də tabeçiliyində
çalışdığım cənab general-mayor Cahangir Qulamovun da
müstəsna rolu var. Hər dəfə yarışlara hazırlaşanda o,
mənə xeyir-dua verib deyir ki, qızım, sən təki qalib
gəl, Azərbaycan bayrağını ucalt, başqa heç nəyin fikrini
etmə.
- Qəzetimizin gənc oxucularına arzularınız?
- Hər zaman təhsillərini artırsınlar, kitab oxusunlar,
idmanı sevsinlər, vətənsevər olsunlar.
Onlar bizim sabahımızdır.
Hazırladı: Ellada UMUDLU |