2007-ci
ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini
fərqlənmə diplomu ilə bitirib "tarixçi" ixtisasına
yiyələnmişəm. 2007 -2011- ci illər ərzində Təhsil
Nazirliyinin təyinatı əsasında Lerik rayonunun Vizəzəmin
kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət
göstərmişəm. 2008-2011-ci illər ərzində Sumqayıt Dövlət
Universitetində qiyabi olaraq magistr təhsili almışam.
2011-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib
"Tarixi politologiya" ixtisasına və magistr dərəcəsinə
yiyələnmişəm. 2011-2012-ci tədris ilində Təhsil
Nazirliyinin müəllimlərin işə qəbulu ilə bağlı
keçirdiyi müsabiqədə iştirak etmiş və Sabunçu rayonu
22 nömrəli tam orta məktəbin tarix müəllimliyi üçün
verdiyi vakant yeri qazanaraq 2011-2013-cü illərdə
sözügedən məktəbdə işləmişəm.
Qeyd etməliyəm ki, mənim bir pedaqoji kadr kimi
yetişməyimdə Vizəzəmin kənd orta məktəbinin və Sabunçu
rayonu 22 nömrəli tam orta məktəbin mühüm rolu olmuşdur.
Hər bir gənc müəllimə tövsiyə edərdim ki, ilk təcrübə
üçün rayon və kənd məktəblərini seçsinlər. Çünki o illər
mənə çox şey qazandırdı və mən 2013-2014-cü tədris
ilində özümü yenidən sınamaq qərarına gəldim.
Bu müsabiqənin hər üç mərhələsini uğurla keçərək yüksək
balla (36.39) "Zəngi "liseyinin tarix müəllimliyi üçün
verdiyi vakant yeri qazandım. Mən yüksək bal toplamış
bir müəllim kimi yox, dövlətin, Təhsil Nazirliyinin
yaratdığı bu imkandan faydalanmış bir şəxs kimi deyirəm:
"Bu müsabiqənin hər üç mərhələsi tam şəffaf, obyektiv və
demokratik yolla həyata keçirildi".
Sentyabr ayının 2-də Təhsil Nazirliyi tərəfindən
göndərildiyim təhsil müəssisəsinə - "Zəngi" liseyinə
getdim. Liseyin rəhbərliyi və kollektivi məni
səmimiyyətlə qarşıladı. İndi burada mənim normal
fəaliyyətim üçün hər cür şərait yaradılıb. Eyni zamanda
məni məktəbdaxili qaydalarla tanış edib öz tövsiyələrini
verdilər. Mən də bir vətəndaş, bir müəllim kimi
çalışacağam ki, dövlətin, Təhsil Nazirliyinin və məktəb
kollektivinin etimadını doğruldum, dərs deyəcəyim
məktəbdə təhsil alan şagirdlərin sevimli müəlliminə
çevrilim. Çünki bu, mənim üçün bir vəzifə borcu və böyük
şərəf hissidir.
Taleh ŞAHBAZOV,
Bakıdakı "Zəngi" liseyinin tarix müəllimi
|