1959-cu
ildə Qərbi Azərbaycanın Zəngibasar (Masis) rayonunun
Zəhmət kəndində ziyalı ailəsində anadan olmuşam.
1976-cı ildə Zəhmət kənd orta məktəbini əla qiymətlərlə
bitirib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya
fakültəsinə qəbul olmuşam. 1980-ci ildə həmin institutu
müvəffəqiyyətlə bitirib İrəvan Kənd Təsərrüfatı
Texnikumunda kimya müəllimi kimi əmək fəaliyyətimə
başlamışam. 1989-cu ilədək kimya, biokimya, aqrokimya
fənlərini tədris etmişəm.
1989-cu ildə Dağlıq Qarabağ və onun ətrafında baş verən
hadisələrlə əlaqədar mənim də ailəm köçmək
məcburiyyətində qalaraq Bakıya gəldi. 1989-cu ildən 20
nömrəli məktəb-liseydə kimya müəllimi işləyirəm.
Pedaqoji fəaliyyətim ərzində işimə vicdanlı münasibətim,
tədris etdiyim fənnə və müəllimlik peşəsinə olan sevgim
sayəsində bir çox uğurlar qazanaraq qabaqcıl müəllim
kimi tanınmışam. Rayon metodbirləşmə iclaslarında və
digər tədbirlərdə müxtəlif mövzularda çoxlu çıxış və
təkliflərim olub. Bir çox tədbirlərin, seminarların
təşkilatçısı və aparıcısı olmuşam.
2001-2002-ci tədris ilində Bakı şəhəri üzrə keçirilən
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin rayon
mərhələsinin qalibi olmuşam.
2002-ci ilin iyul ayında Azad Müəllimlər Birliyi xətti
ilə təcrübə mübadiləsi məqsədi ilə bir qrup müəllim
heyətinin tərkibində Türkiyə Respublikasınin İzmir
şəhərində olmuşam.
2005-ci ildə Təhsil Mərkəzi tərəfindən "İlin kimya
müəllimi" fəxri adına layiq görülərək diplomla təltif
olunmuşam. Təhsil Nazirliyi və QHT tərəfindən keçirilən
inkişafyönümlü təhsil layihələrində, treninq, kurslar və
seminarlarda iştirak etmişəm. Çoxlu sertifikat və fəxri
fərmanlarım vardır.
"Çaşıoğlu-Multimedia" şirkətinin hazırladığı 8-9-cu
sinif kimya fənnindən İnternet resurslarında testlərin
müəllifiyəm. Dərslərimi müasir tələblər səviyyəsində
qurur, şagirdləri yaradıcı fəaliyyətə həvəsləndirirəm.
Şagirdlərim müxtəlif dövrlərdə olimpiada və
müsabiqələrin qalibi olmuşlar. Hər il çoxlu sayda
şagirdim tələbə adını qazanır. Onların içərisində
Prezident təqaüdünə layiq görülənlər də var.
2008-ci ildə Azərbaycan müəllimlərinin 13-cü
qurultayının nümayəndəsi olmuşam.
Hazırda məktəb kimya kafedrasının müdiriyəm. 33 il
pedaqoji iş stajım var. YAP-ın üzvüyəm. Rayonun
ictimai-siyasi həyatında fəal iştirakıma görə Yasamal
Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif
olunmuşam.
Mən özümü xoşbəxt hiss edirəm ki, iki dəfə "Ən yaxşı
müəllim" müsabiqəsində iştirak edərək qalib gəlmişəm.
Yeri gəlmişkən qeyd edim ki, ölkəmizdə 6-cı ildir ki,"Ən
yaxşı müəllim" müsabiqəsinin keçirilməsi, qabaqcıl
təhsil işçilərinin əməyinin qiymətləndirilməsi, təhsildə
keyfiyyətin yüksəlməsinə,müəllimlər arasında sağlam
rəqabətin, yaradıcılıq fəaliyyətinin artmasına səbəb
olmuşdur.
İlk dəfə 2007-2008-ci tədris ilində keçirilən bu
müsabiqədə mən də böyük həvəslə iştirak etdim və qalib
oldum. Bu qalibiyyət üzərimə böyük məsuliyyət qoyurdu,
fəaliyyətimi adıma layiq yönəltməyə çalışırdım.
Yaradıcılıq həvəsim daha da artmışdı. Bu illərdə çoxlu
sayda, bir-birindən maraqlı, fərqli üsullarla müxtəlif
mövzularda "açıq dərs"lər vermişəm. 2012-2013-cü tədris
ilində yenidən müsabiqədə iştirak etdim. Təhsil
sahəsində gedən sürətli inkişaf sayəsində dərsə verilən
tələblər daha da təkmilləşmişdir. Qalib olmağım təsdiq
etdi ki, bu inkişafın içərisində təhsilə baxışım,
fəaliyyətim inkişaf etmiş, yeniləşmiş və
müasirləşmişdir.
Birinci dəfə müsabiqədə iştirak edərkən çox həyəcan
keçirdim. Ancaq bu müsabiqədə həyəcanım yox idi. Çünki
artıq nə edəcəyimi bilirdim. Dərsim 8-ci sinifdə
"Duzların kimyəvi xassələri, tətbiqi" idi. Dərsi çox
həvəslə, bütün tələbləri nəzərə alaraq hazırlamışdım.
Dərsi aparmaq üçün hər bir şərait yaradılmışdı.
Şagirdlərin fəallığı xoşuma gəldi. Dərsim yüksək balla
qiymətləndirildi.
Fatma MUSTAFAZADƏ,
Bakıdakı 20 nömrəli məktəb-liseyin kimya müəllimi |