Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

"Müsabiqə qalibi olmağımız ən böyük uğurumuzdur"

 

Bu sözləri bizimlə söhbətində möhtərəm Prezidentimizin məlum sərəncamına əsasən artıq altıncı ildir ki, keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin 2012-2013-cü dərs ili üzrə qaliblərindən biri olan Bakıdakı 263 nömrəli tam orta məktəbin direktoru Nəsimi Abbasov dedi.

Bu yaxınlarda qəzetimizə yazı hazırlamaq üçün məktəbdə olarkən direktor da, imkan tapıb söhbət edə bildiyimiz pedaqoji kollektiv üzvləri də müsabiqədə qalib gəlmələrinə, 10000 manat pul mükafatı almalarına görə adıçəkilən yarışma ilə ölkədə müəllimlərin, məktəblərin fəaliyyətini stimullaşdıran, sağlam rəqabəti təşviq edən bir mühitin yaradılmasına rəvac vermiş Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, dövlətimizin,  onun başçısı möhtərəm Prezidentimizin təhsilə, təhsil işçilərinə göstərdiyi gündəlik qayğını yüksək qiymətləndirdilər.

Direktorla söhbətdən  öyrəndik ki, 263 nömrəli tam orta məktəb 1981-ci ildən fəaliyyət göstərir. Ümumi tutumu 1176 şagird yerlik olan məktəbdə  ötən dərs ilində 57 sinif fəaliyyət göstərmiş və onlarda 1246 şagird təhsil almışdır. Şagirdlərin təlim-tərbiyəsi ilə 170 nəfər müəllim məşğul olmuşdur. Müəllimlərdən 152 nəfəri ali, 18 nəfəri orta ixtisas təhsillidir. Müəllim-şagird nisbəti 1:7-dir. Məktəb ixtisaslı müəllimlərlə tam təmin olunmuşdur.

Ölkədə təhsil sahəsində həyata keçirilən islahatlara fəal şəkildə qoşulan məktəbin kollektivi təhsilin keyfiyyətinin yüksəldilməsinə, kurikulumların tətbiqinə, tədris prosesində müasir təlim metodlarından, xüsusən də fəal, interaktiv təlim üsullarından, İKT-dən istifadəyə xüsusi diqqət yetirir, dərsləri, digər təlim məşğələlərini müasir tələblər səviyyəsində qurmağa səy göstərir.

Məktəbdə keyfiyyətli təhsil üçün lazımi mühit və şərait yaradılmışdır. Belə ki, məktəbin binası keçən il yüksək səviyyədə əsaslı təmir edilmiş, müasir tədris avadanlığı ilə təchiz olunmuşdur. Hazırda məktəbdə 4 kompüter otağı fəaliyyət göstərir, sürətli İnternet bağlantısı var. Müəllim və şagirdlər bunlardan geniş istifadə edirlər. Məktəbdə müasir metodik vəsaitlərlə zəngin fənn kabinetləri, hər cür zəruri cihaz və avadanlıqlarla təchiz olunmuş kimya, fizika, biologiya laboratoriyaları müəllim və şagirdlərin istifadəsindədir. İl ərzində siniflərdə müntəzəm olaraq yoxlamalar aparılmış, dərsdinləmələr həyata keçirilmiş, "açıq dərs"lər təşkil olunmuşdur.

Fəal müəllimlərin "açıq dərs"lərinin audio-video yazılışı və çəkilişləri aparılmış və onlar diskə köçürülmüşdür. Bunlardan da yeri düşdükcə gənc müəllimlər tərəfindən metodik vəsaitlər kimi istifadə olunur. Buraxılış siniflərində mütəmadi yoxlamalar aparılır və onların nəticələri müzakirə olunur. Yoxlamalarda zəif nəticələr göstərən şagirdlərin valideynləri ilə fənn müəllimləri daim əlaqə saxlayır və şagirdin geriliyi birgə işlə aradan qaldırılır. Məktəb-müəllim-valideyn üçlüyünün birgə işi tədris ocağında yaxşı təşkil olunub. Valideynlər məktəbin bütün tədbirlərində fəal iştirak edirlər.

Məktəbin zəngin kitabxanası var. Sinif rəhbərləri və kitabxanaçı kitabxanadan istifadə ilə bağlı şagirdlər arasında müntəzəm iş aparır, onları mütaliəyə həvəsləndirirlər.

Aparılan bütün bu işlər isə, təbii ki, öz bəhrəsini verir, məktəbin keyfiyyət göstəriciləri ildən-ilə yaxşılaşır. Son bir ildə isə bu sahədə gözəçarpan irəliləyişə nail olunmuş, nəticədə həm ali məktəblərə qəbul faizi, həm də məktəb üzrə ali məktəblərə qəbul olunanların orta bal göstəricisi artmışdır. Belə ki, əgər keçən il qəbul faizi məktəb üzrə 52-yə yaxın idisə, bu il 73 faiz olub. Keçənilki 234 orta bal göstəricisinə qarşı bu il 261 orta bal nəticəsi qeydə alınıb. Məktəb üzrə 2010-2011-ci tədris ilində 105 nəfər məzundan 100-ü ali məktəblərə sənəd vermiş və onlardan 46-sı (46%) tələbə adını qazanmışdır. 2011-2012-ci tədris ilində 115 məzundan 104-ü sənəd vermiş, 55-i qəbul olunmuşdur. Qəbul faizi 53 olmuşdur.

Bu il isə XI siniflərin 67 məzunundan 62-si ali məktəblərə qəbul üçün ərizə vermiş, onlardan 45-i, yəni 73 faizi tələbə adını qazanmışdır. Necə deyərlər, inkişaf göz qabağındadır. İki il öncə məktəbin məzunu Cahandar Camallı 700, Nurlan Məsimli 680, Aytən Hacıyeva 641 bal toplamış, 7 məzun isə 500 baldan yüksək nəticə göstərmişdir.

Ötənilki məzunlardan Rəşad İsmayılov 696, Aytəkin Baxşıyeva 644, Zəka Məmmədov 641, Şəmsi Nəsirov isə 600 bal toplayaraq ölkəmizin ən yaxşı ali məktəblərinə dövlət sifarişi üzrə daxil olmuşlar. Builki məzunlardan Mehriban Sarıyeva 676 bal toplamış, 5 nəfər isə 500 bal həddini keçmişdir.

Keçən il fənn olimpiadalarında və digər bilik yarışlarında da məktəbin əldə etdiyi uğurlar diqqətəlayiq olmuşdur. Belə ki, 21 şagird fənn olimpiadalarının şəhər turunda I-II yerləri tutmuşdur. 2 şagird - Rövşən Nağılı və Rəşad Şirizadə isə respublika turunda fərqlənmişlər. Rövşən informatika fənni üzrə IV, Rəşad isə fizikadan III yerə çıxmışdır. Fənn olimpiadalarının əvvəlki illərdəki nəticələri də ürəkaçan olmuşdur.

Bunlardan başqa, məktəbin komandası 2010-2011-ci dərs ilində "Virtual rinq" televiziya müsabiqəsində II yeri tutmuş, stolüstü tennis komandası rayon 1-si olmuşdur. Ötən il məktəbin şagirdi Mircavad Həsənli karate idman növü üzrə Avropa çempionu olmuşdur. Tədris ocağının yetirmələri yaradıcılıq xarakterli yarış və müsabiqələrdə də iştirak edir və fərqlənirlər. Son iki ildə ulu öndər Heydər Əliyevin anadan olmasının 89 və 90-cı ildönümləri ilə əlaqədar məktəblilər arasında keçirilmiş inşa müsabiqələrində 263 nömrəli tam orta məktəbin şagirdləri də yaxından iştirak edərək yaxşı işlərinə görə təltif olunmuşlar.

Məktəbdə yaradıcı, öz işinin ustası olan müəllimlərdən ibarət pedaqoji kollektiv formalaşıb. Müəllimlərin əksəriyyəti yenilikləri həvəslə öyrənib öz işində tətbiq edir, İKT-dən geniş faydalanır. Məktəbdə müəllimlərin ixtisas bilik və bacarıqlarının artırılmasına, onların təkmilləşməsinə də böyük önəm verilir. Son 3 ildə müəllimlərin əksəriyyəti kurikulumun, İKT-nin tətbiqi ilə əlaqədar kurslardan keçmişdir. Bu iş bu il də yüksək səviyyədə təşkil olunmuşdur. Belə ki, indiyədək 10 müəllim ixtisasartırma, 7 nəfər kurikulum, 50 nəfər isə İKT kurslarında iştirak etmişdir.

Direktor bizimlə söhbətində məktəbin fəal müəllimlərindən Şüşəxanım Əsgərovanın, Səmiyəxanım İbrahimovanın, Hafizə Şərifovanın (ibtidai sinif), Ənvər Müşrüdün, Cəmilə  İsmayılovanın, Həqiqət Əliyevanın (Azərbaycan dili və ədəbiyyat), Aqil Qazinin, Təranə Balayevanın (tarix), Tovuza Həsənovanın, Təranə Səmədovanın (fizika), Validə Gülməmmədovanın, Arzu Əliyevanın, Məhburə Həsənovanın (riyaziyyat), Şəfiqə Nəbiyevanın (kimya), Südabə Əliyevanın, Esmira Bağmanovanın (biologiya) və başqalarının adını xüsusi qeyd edib barələrində xoş sözlər dedi, onları öz işini sevən, yaradıcı çalışan, innovativ axtarışlar aparan müəllimlər kimi səciyyələndirdi.

Qeyd edək ki, məktəbin direktoru N.Abbasov  özü də 2010-2011-ci dərs ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.

263 nömrəli tam orta məktəbdə şagirdlərin tərbiyəsi, doğma torpağa bağlı vətəndaşlar kimi yetişməsi üçün sistemli və zəngin məzmunlu sinifdənxaric tərbiyə işləri aparırlar. Bütün milli və dövlət bayramları, tarixi günlər yaddaqalan, şagirdlərə müsbət tərbiyəvi təsir göstərən tədbirlərlə qeyd olunur. Ziyalılarla, yazıçı və şairlərlə müntəzəm görüşlər keçirilir.

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyə işi isə məktəbdə aparılan tərbiyəvi işlərin bir növ nüvəsini təşkil edir. Dərslərdə, ulu öndərə həsr olunan tədbirlərdə onun zəngin həyat yolu, xalqımız qarşısındakı misilsiz xidmətləri şagirdlərə daha dərindən çatdırılır, onların qəlbində  bu dahi insana məhəbbət, onun kimi vətəni, xalqı sevmək hissləri alovlandırılır.

Azərbaycanın yazıçı və alimlərinin yubileylərinin qeyd olunması da məktəbin tərbiyəvi iş planının əsas mövzularındandır. Bu il ərzində məktəbdə X.B.Natəvanın yubileyi, Xocalı faciəsinin 20-ci ildönümü, Novruz bayramı və s. münasibəti ilə olduqca maraqlı və təsirli tədbirlər keçirilmişdir.

Əlbəttə, 263 nömrəli tam orta məktəbdə əldə olunan uğurlarla kifayətlənmirlər. Direktor özünün də, müəllim kollektivinin də bu dərs ilində daha yaxşı çalışmaq əzmində olduqlarını bildirdi və aldıqları mükafatın bu işdə onlara əlavə stimul verdiyini söylədi. O, söhbətində habelə aldıqları 10 min manat pul mükafatını məktəblərinin maddi-texniki bazasının daha da zənginləşdirilməsinə sərf olunacağını da xüsusi qeyd etdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov