Sentyabrın 5-də Lerik rayonunun ümumi təhsil sistemində
çalışan pedaqoji işçilərin konfransı olmuşdur.
Konfransda Lerik Rayon İcra Hakimiyyətinin başçısı
Rövşən Bağırov, Milli Məclisin üzvü İqbal Məmmədov,
Təhsil Problemləri İnstitutunun direktor müavini
Rafiq Qəndilov, idarə-müəssisə rəhbərləri, ərazi icra
nümayəndələri iştirak etmişlər.
Konfransda rayon təhsil şöbəsinin müdiri Balaşirin
Nəsirov "2012-2013-cü dərs ilinin yekunları və yeni
dərs ilində qarşıda duran vəzifələr" mövzusunda
məruzə etmişdir. Bildirmişdir ki, 2012-2013-cü dərs
ilində rayonda 109 ümumtəhsil məktəbi, o cümlədən 37
tam orta, 49 ümumi orta, 23 ibtidai məktəb, 4
məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət
göstərmişdir. 495 nəfər attestat, 848 nəfər
şəhadətnamə almışdır.1 nəfər qızıl medala layiq
görülmüşdür.
Ali məktəblərə 126, orta ixtisas məktəblərinə 212 nəfər
qəbul olunmuşdur. 11 nəfər 500-dən, 4 nəfər isə 600-dan
yuxarı bal toplamışdır.
Xüsusi istedadlı uşaqlarla işin təşkili rayon
təhsil şöbəsinin diqqətdə saxladığı məsələlərdən
olmuşdur. Fənn olimpiadalarının rayon mərhələsində
478 nəfər şagird iştirak etmişdir. 2 şagird -
Lərmərud kənd tam orta məktəbin IX sinif şagirdi
fizika, Vizəzəmin kənd tam orta məktəbinin XI
sinif şagirdi biologiya fənnindən respublika
mərhələsində IV yeri tutmuşdur.
Yeni dərs ilində Nücü, Bibiyonu, Livədirqə, Molalan
kənd məktəblərinin hər biri üçün 180, Nüvədi,
Kələxan, Durğan, Zəriküməco kənd məktəblərinin hər
biri üçün 80 yerlik məktəb binası qapılarını
şagirdlərin üzünə açacaqdır. Mastail və Nuravud kənd
tam orta məktəblərinin binaları əsaslı təmir
olunmuşdur.
Milli Kurikulumla işləyəcək I-VI siniflərdə dərs
deyəcək 724 müəllim son 2 ildə müxtəlif fənlər
üzrə kurslardan keçmişdir.
37 adda 18597 dərslik gətirilərək məktəblərə
çatdırılmışdır. VI siniflərdə kurikulumla işləyəcək
129 müəllim 10 günlük kurslarda iştirak etmiş və
sertifikat almışdır.
Konfransda digər çıxışlar da olmuşdur.
Sonda konfransın qərar layihəsi oxunmuşdur.
Şakir CƏFƏROV |