Ötən
illərdən fərqli olaraq bu il xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulunu rayon (şəhər)
təhsil şöbələri həyata keçirirlər.
Məlum olduğu kimi, "Təhsil haqqında" Azərbaycan
Respublikası Qanununa əsasən məktəbə qəbul 6 yaşdan
başlanır. Lakin valideynlərin arzusu ilə dərs ilinin
başlanmasına qədər 6 yaşı tamam olmamış xüsusi istedadı
ilə fərqlənən uşaqlar da Təhsil Nazirliyinin müəyyən
etdiyi qaydada vaxtından əvvəl məktəbə qəbul oluna
bilərlər. Azərbaycan Respublikası təhsil nazirinin 17
iyul 2013-cü il tarixli əmri ilə təsdiq edilmiş "Xüsusi
istedada malik uşaqların vaxtından əvvəl l sinfə qəbulu
Qaydaları" belə uşaqların məktəbə qəbulu ilə bağlı
məsələləri tənzimləyir. Qaydalara əsasən, vaxtından
əvvəl l sinfə qəbul hər il 16 sentyabr - 31 dekabr
müddətində 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara
şamil edilir.
Mühakimə, müqayisə, ümumiləşdirmə bacarıqlarının nümayiş
etdirilməsi, nitqin aydınlığı və rabitəliliyi, fikrin
sərbəst və düzgün ifadə edilməsi, təqdim olunmuş mövzuda
sadə şifahi mətnin qurulması, yaşa görə söz ehtiyatının
zənginliyi, dinlənilən mətndən müvafiq nəticə
çıxarılması, mətndə ifadə olunan fikrə münasibət
bildirilməsi, müxtəlif yolla sadə hesablama
vərdişlərinin nümayiş etdirilməsi, müşahidə edilən
hadisələrə münasibət bildirilməsi kimi zehni
keyfiyyətlər məktəb yaşına çatmayan əqli və fiziki
cəhətdən normal inkişaf etmiş uşaqların xüsusi
istedadını şərtləndirən amillər hesab olunur.
Uşaqların vaxtından əvvəl l sinfə qəbulu ilə bağlı
müsahibə rayon (şəhər) təhsil şöbələrinin nəzdində
yaradılan komissiyalar tərəfindən aparılır.
Avqustun 28-də müsahibə prosesində iştirak etmək
məqsədilə Bakı şəhərində bu tədbirin həyata keçirildiyi
42 nömrəli məktəbdə olduq. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin ümumi təhsil sektorunun müdiri Firudin
Həmzəyevdən aldığımız məlumata görə, BŞTİ-nin müdiri
Nailə Rzaquliyeva Azərbaycan Respublikası təhsil
nazirinin "Xüsusi istedada malik uşaqların vaxtından
əvvəl l sinfə qəbulu Qaydaları"nın təsdiq edilməsi
barədə 17.07.2013-cü il tarixli əmrinin icrasını təmin
etmək məqsədilə müvafiq əmr imzalamışdır. Əmrə əsasən,
valideynlərin ərizələrinin qəbul edilməsi üçün zəruri
tədbirlər həyata keçirilmişdir. Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində olan məktəblərin l sinfinə qəbul
olunmaq istəyənlərlə müsahibə aparılması üçün BŞTİ-nin
müdirinin rəhbərliyi ilə yaradılmış komissiyalar
avqustun 5-dən 42 nömrəli məktəbdə fəaliyyətə
başlamışdır. Komissiyaların hər biri ibtidai sinif
müəllimi, həkim, psixoloq və metodistlərdən ibarət
olmaqla 5 nəfərdən təşkil olunmuşdur.
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl l sinfə
qəbulu üçün keçirilən müsahibə saat 9-dan 18-dək davam
edir. Qaydalara uyğun olaraq müsahibə uşağın təhsil
alacağı dildə 15-20 dəqiqə ərzində aparılır. Həmin
prosesdə uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması
üçün nəzərdə tutulmuş 4 sual verilir. Hər bir suala
cavab 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal
toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab
olunur.
Komissiyalar məktəbin xüsusi olaraq ayrılmış korpusunun
ll və lll mərtəbələrində fəaliyyət göstərirdi. Hər iki
mərtəbəni gəzərək yaradılan şəraitlə yaxından tanış
olduqdan sonra komissiyaların birində iş prosesini
müşahidə etdik. Müsahibə valideynlərin iştirakı ilə
keçirilirdi. Obyektivliyin və şəffaflığın tam təmin
edilməsi məqsədilə prosesin videoçəkilişi aparılırdı.
Növbəti uşaq - Miryusif Şıxlı otağa dəvət olunduqdan
sonra müsahibənin başlandığı vaxt xüsusi hazırlanmış
vərəqdə qeyd olundu. Ona fiqurların formaları, rəngləri,
ölçüləri və s. aid suallar verildi. Miryusif fikirlərini
çox çətinliklə çatdırırdı. Həyəcanlı olduğundan diqqəti
müəllimdə deyildi. Sonra uşağın rabitəli nitqi, zaman
anlayışı, dinləyib-anlama qabiliyyəti, sadə şifahi
hesablama bacarığı yoxlanıldı. Sorğunun hər mərhələsinin
sonunda komissiya üzvləri sualın hansı meyara əsasən
verildiyini, məqsədin nə olduğunu valideynə izah edir,
verilən cavablara görə fikirlərini bildirirdilər.
Müsahibə başa çatdıqdan sonra komissiya üzvləri
F.Əhmədov, S.Əhmədova, N.Paşayeva, X.Nəzərova və
L.Məmmədova xüsusi vərəqdə qeyd olunmuş 4 meyar üzrə
(nitq, sadə şifahi hesablama, idrak, fizioloji,
psixoloji durum) ballarını verdilər. Həmin göstəricilər
əsasında onların hər birinin verdiyi baldan ümumi nəticə
çıxarılaraq uşağa yekun olaraq 7 bal yazıldı.
Gülay Əsgərli fiqurların adlarını, rənglərini tanıdı,
zaman, məkan anlayışları, şifahi hesablama ilə bağlı
sualları düzgün cavablandırdı. O, sağ-solu göstərməkdən
başqa, demək olar ki, bütün tapşırıqları düzgün yerinə
yetirsə də nitq qabiliyyətinə görə digər uşaqlardan o
qədər də fərqlənmədi. Bu da yəqin ki, Gülayın çox
həyəcanlı olması ilə bağlı idi. Ona 15 bal yazıldı.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, uşaqlar həddindən
artıq həyəcanlı görünür, hətta bildikləri suallara da
çəkinə-çəkinə cavab verirdilər. Valideynlər uşaqlarının
çox hazırlıqlı olduğunu, verilən bütün tapşırıqların
öhdəsindən çox asanlıqla gələ biləcəklərini desələr də
uşaqlar bildiklərini nümayiş etdirməyə o qədər can
atmırdılar.
Müsahibə prosesində daha çox müşahidə etdiyimiz bir
cəhət də bəzi uşaqların rabitəli nitq qabiliyyətinin çox
aşağı səviyyədə olması idi. Balacalar sualları yarımçıq
cümlələrlə, bir kəlmə ilə cavablandırır, fikri tam ifadə
edən cümlələr qura bilmirdilər.
Müsahibəyə dəvət olunan növbəti uşaq - Elxan fiqurların
adlarını, rənglərini dedi, ölçü, zaman və məkan
anlayışlarına aid sualları qismən cavablandırdı, lakin
məntiqi tapşırıqların öhdəsindən gəlmədi və nağılı davam
etdirə bilmədi. Komissiya üzvlərinin verdiyi ballara
əsasən onun yekun balı 9,6 yazıldı.
Sonra Dinar Məmmədova ilə müsahibə aparıldı. Adətən, bir
sıra ailələrdə öz bölgələrinə xas olan dialektdən
istifadə edirlər. Ailə üzvləri bir-biri ilə, eləcə də
kiçikyaşlı uşaqlarla yalnız bu cür ünsiyyətdə olurlar.
Ona görə də uşaqlar məktəbə gedəndə çox çətinlik
çəkirlər. Dinar da belə uşaqlardan biri idi. Hiss
olunurdu ki, o, müəllimin ədəbi dildə dediyi sözləri
yaxşı başa düşmür. Dinar bu dərs ilində birinci sinfə
getmək üçün zəruri olan balı toplaya bilmədi. Müsahibəyə
gəlmiş növbəti iştirakçı Dərya Nəsibli də çox zəif
nəticə göstərdi.
Orada olduğumuz zaman valideynlərlə söhbət edərək bu
tədbirlə bağlı fikirlərini öyrəndik. Vahid Əsgərov
müsahibə prosesinin obyektiv aparıldığını, hər şeyin
gözəl təşkil edildiyini, narazılıq üçün heç bir əsas
olmadığını deyərək yaradılan şəraitə görə təşəkkürünü
bildirdi.
Qaradağ rayonunun Sahil qəsəbəsindən gəlmiş Sevər
Nəsibova dedi: "Qızım Dəryanın biliyi komissiya
tərəfindən 8,2 balla qiymətləndirilsə də mənim heç bir
narazılığım yoxdur. Burada hər şey göz qabağındadır.
Özüm də bilirdim ki, qızım hələ məktəbə getməyə tam
hazır deyil. Sadəcə sınaq məqsədilə bu prosesdə iştirak
etdik".
Öyrəndik ki, avqustun 5-dən 28-dək 430 nəfər bu
komissiyada müsahibə prosesində iştirak etmiş, onlardan
190 nəfəri cari dərs ilində məktəbə getmək hüququ
qazanmışdır.
Artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində
olan məktəblərin birinci sinfinə qəbul olunmaq
istəyənlərlə müsahibə aparmaq üçün yaradılan
komissiyalar öz işini başa çatdırmışdır. BŞTİ-dən
verilən məlumata görə, ümumilikdə, müsahibə prosesində
4600 nəfərə qədər uşaq iştirak etmiş, onlardan 2400-ə
yaxınının l sinfə qəbulu məqbul sayılmışdır.
Hicran ƏKBƏROVA |