12
nömrəli Bakı Peşə Liseyində sentyabrın 12-də
respublikada fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili
müəssisələri işçilərinin sentyabr konfransı
keçirilmişdir. Konfransda Təhsil Nazirliyinin
nümayəndələri, ilk peşə-ixtisas təhsili müəssisələrinin
rəhbərləri, müəllimlər və digər şəxslər iştirak
edirdilər.
Konfransı giriş sözü ilə açan Təhsil Nazirliyinin
Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov
"İlk peşə-ixtisas təhsili müəssisələrinin qarşısında
duran mühüm problemlər və inkişaf perspektivi"
mövzusunda təqdimatla çıxış etmişdir. Qeyd edilmişdir
ki, Müasir Azərbaycan Peşəkarları Layihəsi çərçivəsində
bu il 5 ilk peşə-ixtisas təhsili müəssisəsində yeni
layihələr həyata keçirilmişdir. Bu layihələrin əsas
məqsədi, ilk növbədə, ilk peşə-ixtisas təhsili
müəssisələrində təhsil şəraitinin yaxşılaşdırılması,
sosial partnyorların bu sahəyə diqqətinin artırılması,
tədrisin keyfiyyətinin yüksəldilməsi, bu tip təhsil
müəssisələrinə axının artırılması və son nəticədə əmək
bazarının tələblərinə müvafiq kadr hazırlığının təmin
edilməsidir.
Son illər peşə təhsilində görülən işlərdən danışan
N.Məmmədov bildirmişdir ki, 14 nömrəli Bakı Peşə
Məktəbində və 4 nömrəli Bakı Peşə Liseyində KNAUF
şirkətinin dəstəyi ilə "Quru inşaat ustası" ixtisası
üzrə kadrların hazırlanmasına başlanılmışdır.
Almaniyanın tanınmış "BOSCH" şirkətinin dəstəyi ilə 18
nömrəli Bakı Peşə Liseyində "Dülgər, xarrat-parket
ustası" ixtisası üzrə kadr hazırlanması nəzərdə
tutulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası
hökuməti ilə Belarus Respublikasının hökuməti arasında
bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 4 nömrəli
Bakı Peşə Liseyində "Elektrik qaz-qaynaqçısı" ixtisası
üzrə kadr hazırlanacaqdır. Hazırda 4 nömrəli Bakı Peşə
Liseyinin emalatxanasında Təhsil Nazirliyinin vəsaiti
hesabına əsaslı təmir işləri aparılır. Təhsil
Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Yaponiya
hökumətinin birgə maliyyə dəstəyi ilə "Ot Kökləri və
İnsan Təhlükəsizliyi Qrant Proqramı" çərçivəsində Şəki 1
nömrəli Peşə Məktəbində əsaslı təmir işləri aparılmış,
tədris ocağının maddi-texniki bazası yenilənmişdir. Belə
ki, peşə məktəbində turizm, xidmət, kompüter, tikiş
sahələri üzrə yeni kabinetlər istifadəyə verilmiş və
müvafiq avadanlıqlarla təchiz edilmişdir. Yaponiyanın
ölkəmizdəki səfirliyinin dəstəyi ilə Şəki 1 nömrəli Peşə
Məktəbində "Turizm və xidmət sahəsi" ixtisası üzrə yeni
pilot siniflər açılır. Bu ixtisası seçən təhsilalanlar
"Aşpaz", "Tikişçi", "Tikiş avadanlıqlarının operatoru",
"Turizm agenti", "Əməliyyatçı-mühasib", "Kompüter üzrə
operator", "Ərzaq malları satıcısı", "Çörək ustası",
"Mehmanxana inzibatçısı", "Ofisiant-barmen" peşələrinə
yiyələnəcəklər.
İlk peşə-ixtisas təhsili sahəsində əldə edilən uğurlarla
yanaşı bir çox problemlərin də olduğu diqqətə
çatdırılmış, ilk peşə-ixtisas təhsili müəssisələrinin
rəhbərlərinə bir sıra tapşırıq və tövsiyələr
verilmişdir.
Konfransda çıxış edən ilk peşə-ixtisas təhsili
müəssisələrinin rəhbərləri bu sahənin hazırkı vəziyyəti
ilə bağlı mövcud olan problemlərə dair sual və
təkliflərini vermişlər.
Tədbirin sonunda Azərbaycan müəllimlərinin XIV
qurultayına nümayəndələr seçilmiş, konfrans
iştirakçıları adından Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət qəbul
edilmişdir.
Niyazi RƏHİMOV |