Azərbaycan Təhsil Şurası sentyabrın 5-də Şirvan
şəhərindəki 9 nömrəli tam orta məktəbdə "Təlimin
keyfiyyətinin yüksəldilməsi problemi" mövzusunda
elmi-praktik konfrans keçirmişdir.
Şuranın "Təhsil və zaman" qəzeti ilə birgə təşkil etdiyi
və təhsilin aktual məsələlərinə həsr olunan silsilə
konfranslar layihəsi çərçivəsində reallaşan tədbirdə
Şirvan şəhər məktəblərinin rəhbərləri, müəllimləri,
təhsil şöbəsinin əməkdaşları ilə yanaşı, respublikanın
ayrı-ayrı regionlarını təmsil edən təhsil işçiləri də
iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Azərbaycan Təhsil
Şurasının sədri, professor Əjdər Ağayev rəhbəri olduğu
qeyri-hökumət təşkilatının yaranma tarixindən,
məramından, gördüyu işlərdən danışmışdır. Sonra Təhsil
Şurasının fəaliyyətini əks etdirən slaydlar nümayiş
olunmuşdur.
Ə.Ağayev konfransda "Təlimin keyfiyyətinin yüksəldilməsi
problemi" mövzusunda məruzə etmişdir. Məruzəçi qeyd
etmişdir ki, bu gün məktəblərin böyük əksəriyyəti
dövlətimizin qayğısı sayəsində maddi-texniki baza və
təchizat baxımından qənaətbəxş səviyyədə olsa da bu,
təhsilin yüksək keyfiyyətinə nail olmaq üçün kifayət
deyildir. Təhsilin keyfiyyətinin yüksəldilməsi
probleminin həlli eyni zamanda təhsil ocaqlarında
yaradılan əlverişli təlim mühitindən, müəllimlərin
hazırlığından və bu işə münasibətindən, dərsliklərdən və
digər amillərdən də həlledici dərəcədə asılıdır.
Vurğulanmışdır ki, təhsilin keyfiyyətinin yüksəldilməsi
problemi praktik təhsil işçiləri kimi pedaqoq alimləri
də daim düşündürmüş və onlar tərəfindən bu istiqamətdə
sistemli tədqiqatlar aparılmışdır.
Qeyd olunmuşdur ki, müəllimlərin yüksək peşəkarlığa
yiyələnməsi, dərslərini müasir tələblər səviyyəsində
qurması, informasiya texnologiyalarından geniş istifadə
etməsi, dərsliklərin metodik cəhətdən düzgün yazılması,
dərslik yazılmasına sıradan bir şəxsin deyil, təhsil
sahəsində tanınan, bu sahədə tədris təcrübəsi, ixtisas
hazırlığı olan şəxslərin cəlb olunması, dərsliklərin
şəffaf müsabiqə əsasında yazılması və qəbul olunmuş
dərsliklərin eksperimentdən keçirilməsi təhsilin
keyfiyyətinin yüksəldilməsini təmin edə biləcək əsas
amillərdir.
Konfransda məruzə ətrafında müzakirələr olmuşdur. Salyan
şəhər 1 nömrəli humanitar-texniki təmayüllü
məktəb-liseyin müəllimi, əməkdar müəllim, "Ən yaxşı
müəllim" müsabiqəsinin qalibi (2008, 2013) Zabul
Əhmədov, Neftçala rayon Xıllı qəsəbə 1 nömrəli tam orta
məktəbin müəllimi, əməkdar müəllim, "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi Seyran Səfərov, İmişli Rayon Təhsil
Şöbəsi müdirinin müavini Vahid Tağıyev, Şirvan şəhər 9
nömrəli tam orta məktəbin direktor müavini Mətanət
Baxışova, həmin məktəbin müəllimi Sevinc Niftiyeva, Bakı
şəhərindəki 317 nömrəli tam orta məktəbin müəllimi
Sevinc Hüseynova, 149 nömrəli tam orta məktəbin müəllimi
Ləman Hacıyeva, Biləsuvar rayonundakı İsmətli kənd tam
orta məktəbinin müəllimi Rüstəm Əliyev, İsmayıllı şəhər
1 nömrəli tam orta məktəbinin müəllimi, əməkdar müəllim
Şəfaqət Rəsulov, Milli Qəhrəman Mübariz İbrahimov adına
Biləsuvar şəhər liseyi direktorunun müavini Hüseyn
Mirzəyev, Füzuli rayonu 48 nömrəli tam orta məktəbin
müəllimi Həcər Mahmudova, "İdrak" məktəbinin direktoru
Fatmaxanım Bünyadova və başqaları mövzu ətrafında
çıxışlar etmiş, təlim keyfiyyətinin yüksəldilməsi ilə
bağlı təkliflər irəli sürmüşlər. Təkliflərdə qeyd
olunmuşdur ki, məktəblərdə istedadlı şagirdlərin aşkara
çıxarılması, onlarla işin sistemli təşkili üçün
tədbirlərin daha intensiv təşkil olunması, pedaqoji
sahəyə meyli olan şagirdlərlə sistemli iş aparılması,
İKT-ni tətbiq etməklə riyaziyyat dərslərində görüntülü
elementlərdən daha çox istifadə olunması, İKT-nin
istifadəsiylə şagirdlərin layihəyönümlü fəaliyyətlərinin
daha optimal həyata keçirilməsi, təhsilalanların
tədqiqat fəaliyyətinə cəlb edilməsi, "İnformatika və
İKT" fənni üzrə fakültativ kursların keçirilməsi,
informasiya texnologiyaları vasitəsilə qurulan müasir
dərs modellərinin hazırlanması, informatika dərslərinə
aşağı siniflərdə də təcrübi hissənin ayrılması, elektron
dərsliklərin hazırlanması təhsilin keyfiyyətinin
yüksəldilməsi baxımından faydalı olardı.
Sonda Təhsil Şurası ilə fəal əməkdaşlıq edən, konfransda
maraqlı çıxışları ilə diqqət çəkən müəllimlərə
sertifikatlar təqdim olunmuşdur.
Yusif ƏLİYEV |