Sumqayıt üzrə 98 məzun 600-dən yuxarı bal toplamışdır
Sentyabrın 6-da Sumqayıt şəhər təhsil işçilərinin
ənənəvi sentyabr konfransı keçirilmişdir. Sumqayıtın
tarixi muzeyində keçirilmiş konfransda şəhər təhsil
şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov "2012-2013-cü dərs
ilinin yekunları və yeni dərs ilində qarşıda duran
vəzifələr" mövzusunda geniş məruzə etmişdir.
Məruzədə bildirilmişdir ki, təhsil işçilərinin 2012-ci
il sentyabr konfransından ötən bir il ərzində ölkəmizdə
çox şey dəyişib. Ümummilli lider Heydər Əliyev
ideyalarının Prezident cənab İlham Əliyev tərəfindən
davamlı olaraq, yaradıcılıqla həyata keçirilməsi
sayəsində güclənən, qüdrətlənən ölkəmizdə təhsil
sahəsində inkişaf da göz qabağındadır.
Son dövrlərdə şəhərdə 6 məktəb əsaslı təmir olunmuş, 5
məktəb binası, 7 məktəb yanında 2200 yerlik əlavə tədris
korpusu tikilmişdir. Üç məktəbdənkənar müəssisədə əsaslı
təmir və yenidənqurma işləri aparılmışdır. Hazırda yeni
dərs ili ərəfəsində 6 məktəbdə əsaslı təmir işləri
aparılır. Cari dərs ilində əla qiymətlərlə oxuyan
şagirdlərin sayı 7226 nəfərə çatmış, ötən dərs ili ilə
müqayisədə 935 nəfər artmışdır. Şəhər üzrə təhsilin
keyfiyyət göstəricisi ötən dərs ilindəki 50,3 faizdən
cari dərs ilində 54,3 faizə qalxmışdır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən
keçirilmiş buraxılış imtahanlarından tam orta təhsil
üzrə müvəffəqqiyyət göstəricisi 90,7 faiz, ümumi orta
təhsil üzrə 79,3 faiz olmuşdur ki, bu da respublika üzrə
ən yüksək göstəricilərdəndir.
Gənc nəslin milli mənəvi, vətənpərvərlik tərbiyəsini
yaxşılaşdırmaq məqsədilə son illərdə Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizovun təşəbbüsü və
yaxından dəstəyi ilə keçirilən və ümummilli lider Heydər
Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş
müxtəlif tədbirlər - məktəblərin "Şahin" komandalarının
hərbi-vətənpərvərlik paradı, "Şəhər günü", Kitab
bayramı, tarixçilərin konfransı, mikrorayonlar və
məhəllələr üzrə gənclər arasında futbol, mini-futbol,
velosiped, şahmat yarışları şəhər ictimaiyyəti
tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edilmişdir ki, respublika və beynəlxalq miqyaslı
müsabiqələrdə Sumqayıt məktəbliləri uğurla çıxış edir və
müvəffəqiyyət qazanırlar. 47 ölkənin qatıldığı "Ətraf
mühitin mühafizəsi" VII Beynəlxalq Layihə
Olimpiadasında (İNEPO Euroasia) şəhərin 11, 12, 13, 14,
18, 19, 23, 24, 25, 27, 29, 30, 31 nömrəli
məktəblərinin, TET Gimnaziyanın, "İstedad", "Təfəkkür"
və TTE liseylərinin hazırladıqları layihələr qəbul
olunmuş, təqdimat sərgisində Sumqayıt məktəbləri dörd
bürünc, üç gümüş medal qazanmışlar.
"Dilimiz varlığımızdır" devizi altında keçirilən "Ana
dilimizi sevək, sevdirək" mövzusunda IX Respublika
müsabiqəsində 36 nömrəli məktəbin şagirdi Türkan
Heydərova qızıl, 43 nömrəli məktəbin şagirdi Aytac
Hüseynova gümüş medal almışdır.
Ölkə Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı
ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqələrində şəhərin 5 məktəbi (30, 31 nömrəli
məktəblər, TET Gimnaziya, TTEL, "İstedad" liseyi) və 4
müəllimi qalib gəlmişdir.
Bakı və Sumqayıt məktəbliləri arasında keçirilən
"Sabahın alimləri" Beynəlxalq layihə müsabiqəsinin
Respublika mərhələsində 16 nəfər Sumqayıt məktəblisinin
layihələri III dərəcəli diploma layiq görülmüşdür.
Fənn olimpiadalarının respublika turunda Sumqayıt
məktəbliləri hər il olduğu kimi, bu il də
müvəffəqiyyətlə çıxış etmiş, 27 təmsilçidən iki nəfəri
1-ci, üç nəfəri 2-ci, yeddi nəfəri 3-cü, dörd nəfəri
mükafata layiq 4-cü yerləri tutmuşdur ki, bu da rayon və
şəhərlər arasında ən yüksək nəticə hesab olunur.
Hər il olduğu kimi, bu il də Sumqayıt üzrə ali
məktəblərə qəbul imtahanlarının göstəriciləri yüksək
olmuş, respublika üzrə ən yaxşı nəticələrdən hesab
edilmişdir. İlkin məlumata əsasən, bu il ali məktəblərə
sənəd vermiş sumqayıtlı məzunların 54,3 faizi müxtəlif
universitetlərə qəbul olunaraq tələbə adını qazanmışdır
ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 3,3 faiz
çoxdur.
600-dən yuxarı bal toplayan abituriyentlərin sayı ötən
dərs ilindəki 92 nəfərdən cari dərs ilində 98-ə
çatmışdır.
Bu il qəbul imtahanlarında TTEL-in məzunu Flora Qafarova
ən yüksək - 700 bal toplamışdır. Şəhər üzrə ümumilikdə
98 nəfər (7 nəfər SÖTL, 1 nəfər "İdrak" liseyi) 600-dən
çox bal toplamışdır ki, bu da ötənilki göstəricidən
çoxdur.
Məruzədə bildirilmişdir ki, Azərbaycan Respublikasının
təhsil naziri cənab Mikayıl Cabbarovun 17 iyul 2013-cü
il tarixli 739 nömrəli əmri ilə "Xüsusi istedada malik
uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"
təsdiq edilmiş, yeni qaydalar 6 yaşı dekabrın 31-dək
tamam olan uşaqlara I sinfə qəbul olmaq imkanı
vermişdir.
Nazirin əmrinə uyğun olaraq şəhər təhsil şöbəsində də,
pedaqoji kollektivlərin ən nüfuzlu müəllimləri,
metodist, psixoloq və həkimin də daxil edildiyi
komissiya yaradılmış, tam şəffaf və obyektiv seçim təmin
edilmişdir. Sumqayıtın tarixində ilk haldır ki, 5 yaş 8
aylıq Heydər Salmanov müsahibə zamanı 20 mümkün baldan
19 bal toplayaraq birinci sinfə qəbul olunmuş və bu gün
təhsil işçilərinin sentyabr konfransına dəvət
edilmişdir.
Konfransda vurğulanmışdır ki, müstəqilliyimizin qorunub
saxlanması və daha da möhkəmləndirilməsini, müxtəlif
sahələrdə zəruri olan islahatların həyata keçirilməsini,
ölkə iqtisadiyyatının dinamik inkişafını, Azərbaycanın
dünya ölkələri arasında özünə layiq nüfuz sahibinə
çevrilməsini təmin edən, Heydər Əliyev ideyalarını
qətiyyət və yaradıcılıqla həyata keçirən, hər bir
Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işi
ilə təsdiq etmiş cənab İlham Əliyev ümumxalq sevgisi və
dəstəyi qazanmışdır, Sumqayıt təhsil işçilərinin
birmənalı şəkildə fikri belədir. Prezident seçkisində
İlham Əliyevə alternativ yoxdur, biz İlham Əliyevləyik!
Sonra məruzə ətrafında çıxışlar olmuşdur.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Tələbələrə diplomlar verilmişdir
Sentyabrın 6-da Bərdə rayonunda təhsil işçilərinin
ənənəvi sentyabr konfransı keçirilmişdir. Öncə konfrans
iştirakçıları rayon mərkəzində ümummilli lider Heydər
Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək
önünə gül dəstələri qoymuşlar.
Konfransı giriş sözü ilə açan Bərdə Rayon Təhsil
Şöbəsinin müdiri Rzaqulu Şəfiyev geniş məruzə etmişdir.
Respublikamızda təhsilin sürətli və dinamik inkişafından
söz açan şöbə müdiri bildirmişdir ki, ümummilli lider
Heydər Əliyev bütün fəaliyyəti dövründə təhsilə,
müəllim əməyinə böyük önəm vermiş, ölkəmizdə təhsilin
inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Ulu
öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti
cənab İlham Əliyevin təhsillə bağlı imzaladığı
sərəncamların xüsusi əhəmiyyət daşıdığı nəzərə
çatdırılmışdır.
2012-2013-cü dərs ilində rayonun təhsil göstəriciləri
haqqında danışan şöbə müdiri qeyd etmişdir ki, rayonda
75 ümumtəhsil məktəbi (59 tam orta, 11 ümumi orta, 5
ibtidai) fəaliyyət göstərmişdir. Ümumtəhsil
məktəblərində təhsil alan 21011 nəfər şagirdin
təlim-tərbiyəsi ilə 3315 nəfər müəllim məşğul olmuşdur.
Müəllim şagird nisbəti 1:6,3 təşkil etmişdir. Ötən dərs
ilində təhsilin maddi-texniki bazasının
möhkəmləndirilməsi sahəsində xeyli işlər görülmüşdür.
Mirzalıbəyli kənd tam orta məktəbi üçün 220 şagird
yerlik, Qullar kənd ümumi orta məktəbi üçün 180 şagird
yerlik yeni məktəb binaları, rayon təhsi şöbəsinin
üçmərtəbəli inzibati binası tikilmiş, bir çox məktəbdə
isə cari təmir işləri aparılmış, səliqə-sahman
yaradılmış, yaşıllıqlar salınmışdır.
Rayon təhsil şöbəsinin və onun metodkabinetinin gördüyü
işlər nəticəsində ən yaxşı müəllimlər aşkar edilərək
onların təcrübəsinin öyrənilib yayılması, müəllimlərin
bilik və bacarıqlarının daim artırılması diqqət
mərkəzində saxlanmış, dərs ili ərzində məktəblərdə "açıq
dərs"lər keçirilmişdir. Azərbaycan Müəllimlər
İnstitutunun Ağcabədi filialında 33 nəfər, Təhsil
Nazirliyinin "Mədət" qeyri-hökumət təşkilatı ilə
birlikdə təşkil etdiyi İKT üzrə treninqlərdə 859 nəfər,
Təhsil Nazirliyinin "Öyrədənləri öyrədən" kurslarında
isə 14 nəfər müəllimin iştirakı təmin edilmişdir. Yeni
kurikulumla beşinci və altıncı siniflərdə işləyəcək 800
nəfər müəllim Təhsil Nazirliyinin təşkil etdiyi
kurslarda təlim keçmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına
uyğun olaraq hər il keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin
əhəmiyyətindən danışan R.Şəfiyev bildirmişdir ki,
müsabiqəyə qoşulan 7 nəfər müəllimdən 2 nəfəri, şəhər
8 nömrəli tam orta məktəbin fizika müəllimi Sədiqə
Ağamalıyeva və Kətəlparaq kənd tam orta məktəbinin
ingilis dili müəllimi Günel Nəsibli "Ən yaxşı müəllim"
müsabiqəsinin, akademik Zərifə Əliyeva adına texniki
təmayüllü məktəb-lisey (ikinci dəfə) və şəhər 3 nömrəli
tam orta məktəb isə "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşlar.
Şagirdlərin müxtəlif olimpiada və müsabiqələrdə uğurlu
çıxışlarından danışan R.Şəfiyev qeyd etmişdir ki, Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının 2013-cü ildə keçirdiyi
qəbul imtahanlarında rayonun məzunları yüksək nəticələr
əldə etmişlər. Belə ki, 57 nəfər 500-dən, 30 nəfər isə
600-dən çox bal toplayaraq respublikanın nüfuzlu ali
məktəblərinə qəbul olmuşdur.
Tədbirdə çıxış edənlər son illər təhsilimizdə aparılan
islahatlardan, qazanılan nailiyyətlərdən söz açmışlar.
Konfransda tələbə adını qazanmış məzunlara diplom və
hədiyyələr verilmişdir.
Konfransda Azərbaycan müəllimlərinin XIV qurultayına
nümayəndələr seçilmiş, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət qəbul
edilmişdir.
Ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr
müzakirə edilmişdir
Sentyabrın
4-də İsmayıllı rayon təhsil işçilərinin sentyabr
konfransı keçirilmişdir. Konfransın başlanmasından əvvəl
iştirakçılar rayon mərkəzində ucaldılmış ulu öndər
Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə
tər çiçəklər qoymuşlar.
Konfransda rayon təhsil şöbəsinin müdiri Rasim Orucov
"2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda geniş məruzə etmişdir. Qeyd
edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasəti
sayəsində ölkəmiz iqtisadi cəhətdən qüvvətlənmiş, siyasi
cəhətdən inkişaf edərək beynəlxalq aləmdə böyük nüfuz
qazanmışdır. Respublikamızda əldə edilmiş davamlı
iqtisadi yüksəliş təhsilimizin maddi-texniki bazasının
inkişafı üçün zəmin yaratmışdır.
Yeni məktəb binalarının inşa edilməsi, təhsil
müəssisələrinin əsaslı təmir olunması, məktəblərin
müasir avadanlıqlar və texnologiyalarla təchiz edilməsi,
yeni dərsliklərin çap edilərək şagirdlərə pulsuz
verilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev
tərəfindən təhsilimizə göstərilən yüksək diqqət və
qayğının nəticəsidir. Bu sahədə Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevanın da xüsusi xidmətləri vardır.
Qeyd olunmuşdur ki, son 5 ildə rayonda 10 yeni məktəb
binası tikilib istifadəyə verilmişdir. Bu il tikilən
Yeniyol, Müdrü kənd tam orta, Mücü kənd ümumi orta,
Pirəbilqasım kənd ibtidai məktəblərinin binaları yaxın
günlərdə istifadəyə veriləcəkdir. Qalınçaq kənd tam orta
məktəbi üçün yeni binanın tikintisinə başlanmışdır. Daha
dörd məktəb üçün yeni binanın tikintisinə yaxın
vaxtlarda başlanılacaqdır. İsmayıllı şəhərində yeni 140
uşaq yerlik körpələr evi-uşaq bağçası tikilmişdir.
Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə İsmayıllı
şəhər 2 nömrəli uşaq bağçası üçün tikilmiş yeni bina
artıq istifadəyə verilmişdir.
Məruzədə göstərilmişdir ki, rayonun ümumtəhsil
məktəblərində 591 ədəd kompüter, 50 ədəd proyektor, 5
ədəd elektron lövhə vardır. Rayonda hər 20 şagirdə 1
kompüter düşür. 25 məktəbdə lokal şəbəkə, 11 məktəbdə
sürətli İnternetə çıxış vardır.
Rayonda 81 ümumitəhsil məktəbi fəaliyyət göstərir.
Onlardan 46-sı tam orta, 22-si ümumi orta, 13-ü ibtidai
məktəbdir. Məktəbəqədər müəssisələrin sayı 10,
məktəbdənkənar müəssisələrin sayı isə 5-dir. Rayon
məktəblərində oxuyan 11837 nəfər şagirdin
təlim-tərbiyəsi ilə 1561 nəfər müəllim məşğul olur.
Məruzəçi qeyd etmişdir ki, 2012-2013-cü tədris ilində
keçirilmiş fənn olimpiadalarının respublika
mərhələsində rayonun 8 nəfər şagirdi qaliblər
sırasında yer tutmuşdur. Bu tədris ilində təhsildə
qazandığı uğurlara görə rayon məktəblərinin 4 nəfər
məzunu qızıl medalla təltif edilmişdir. Medal alan
məzunlar ali məktəblərə qəbul imtahanlarında yüksək
nəticə qazanmaqla uğurlarını təsdiq etmişlər.
Ümumiyyətlə, ali məktəblərə tələbə qəbulunda rayon
ümumtəhsil məktəblərinin məzunları yüksək nəticəyə nail
olmuşlar. Bu il rayonun 325 nəfər məzunu ali məktəblərə
qəbul olmuşdur. Onlardan 21 nəfər 600-dən yuxarı, 52
nəfər isə 500-600 arasında bal toplamışdır.
Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr
olunmuş inşa yazı müsabiqəsinin rayon mərhələsinin
qalibi, Cülyan kənd tam orta məktəbinin XI sinif
şagirdi Fərmanlı Gülqədəm Bəhram qızı müsabiqənin
respublika mərhələsində də müvəffəqiyyətlə iştirak
edərək III yeri tutmuş, Respublika Təhsil Nazirliyinin,
Heydər Əliyev Fondunun və Yeni Azərbaycan Partiyasının
qiymətli hədiyyələri ilə təltif edilmişdir.
Akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi ilə
əlaqədar "Ana müqəddəslik zirvəsidir" mövzusunda
keçirilən inşa yazı müsabiqəsinin respublika
mərhələsində isə şəhər 5 nömrəli tam orta məktəbin
şagirdi Aysel Bağırlı həvəsləndirici yer tutmuşdur.
Bildirilmişdir ki, respublika Prezidenti cənab İlham
Əliyevin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrində hər il
uğurlu nəticələr qazanılır. Bu il keçirilən "Ən yaxşı
ümumtəhsil məktəbi" müsabiqəsindıə rayonun şəhər 1
nömrəli, Lahıc qəsəbə, Talıstan kənd tam orta məktəbləri
qalib gəlmişdir. Həmin məktəblərin builki qələbəsi
müsabiqə tarixində ikinci qələbələridir.
"Ən yaxşı müəllim" müsabiqəsində rayonun dörd qabaqcıl
müəllimi - şəhər 1 nömrəli tam orta məktəbin xarici dil
müəllimi Ruhiyyə Mahmudova, şəhər 2 nömrəli tam orta
məktəbin fizika müəllimi Şəkər Hacıyeva, şəhər 3
nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Briliyant
Mursalova, şəhər 6 nömrəli tam orta məktəbin Azərbaycan
dili və ədəbiyyat müəllimi Minazər Mahmudova qalib
gəlmişdir.
Ümumilikdə müsabiqələrin keçirildiyi 6 il ərzində
rayonun 19 tam orta məktəbi "Ən yaxşı ümumtəhsil
məktəbi", 16 müəllim isə "Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi olmuşdur.
Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı
Mirdaməd Sadıqov və Təhsil Nazirliyinin Dərslik və
nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı rayonda təhsil
sahəsində qazanılan uğurlara yüksək qiymət verməklə
yanaşı, müəllimlərə dəyərli məsləhətlər vermiş, konfrans
iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə
təbrik etmişlər.
Ötən dərs ili Şəki təhsil işçiləri üçün uğurlu olmuşdur
Sentyabrın 5-də Şəki Rayon İcra Hakimiyyətinin iclas
zalında təhsil işçilərinin ənənəvi konfransı
keçirilmişdir.
Konfransın işində Şəki Rayon İcra Hakimiyyətinin başçısı
Elxan Usubov, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov iştirak
etmişlər.
Şəki Rayon Təhsil Şöbəsinin müdiri Südabər İsmayılova
"2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran
vəzifələr" mövzusunda məruzə etmişdir. Bildirmişdir ki,
2012-2013-cü dərs ilində Şəkidə 98 ümumtəhsil məktəbi
fəaliyyət göstərmişdir. Bunlardan 72-si tam orta, 22-si
ümumi orta, 4-ü ibtidai məktəbdir. Bu məktəblərdə 23257
nəfər şagird təhsilə cəlb edilmişdir.
Fənn olimpiadalarının və müsabiqələrin rayon turunun
nəticələrinə görə 7 fənn və müxtəlif nominasiyalar üzrə
birinci yer tutmuş 52 nəfər şagird respublika,
beynəlxalq olimpiada və müsabiqələrdə iştirak etmiş,
onlardan 33 nəfəri qalib olmuşdur. Bu isə yaxın 3 il
bundan qabaqkı nəticədən 4 dəfə çoxdur.
2013-cü ildə Şəkinin ümumtəhsil məktəblərini bitirmiş
1917 məzundan 1197 nəfəri ali məktəblərə daxil olmaq
üçün sənəd vermiş, onlardan 680 nəfəri artıq tələbə
adını qazanmışdır. Bu məzunlardan 145 nəfəri 500-dən
yuxarı bal toplamışdır ki, bunların içərisində 55 nəfəri
600 baldan yuxarı nəticə göstərənlərdir.
Təsadüfi deyil ki, 2013-cü il Respublika Prezidenti
tərəfindən "İKT ili" elan edilmişdir. İl çərçivəsində
xeyli iş görülmüşdür. Müəllimlərdən 572 nəfər İKT üzrə
treninqlərdən keçərək müvafiq bacarıqlara
yiyələnmişdir.Şəhər 5 nömrəli və 10 nömrəli tam orta
məktəblərin müəllimləri "1 şagird - 1 kompüter"
layihəsində fəal iştirak etmiş və respublika üzrə
iştirakçı olmuş 278 məktəbdən finala qalmış 15 məktəb
sırasında olmuşlar. 5 nömrəli tam orta məktəbin müəllimi
Aysun Qasımova həm də respublika üzrə keçirilən
"Elektron məktəb" layihəsində qalib gələrək II yerə
layiq görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, 2013-cü ildə Şəkinin
məktəblərində V-XI siniflərdə 20 şagirdə 1 kompüter
nisbəti təmin edilmişdir. Yaxın günlərdə 4 məktəb
fizika, kimya, biologiya avadanlıqları ilə təchiz
edilmiş, 5 məktəbdə linqofon kabinetləri
quraşdırılmışdır. Aparıcı fənlər üzrə elektron təlim
materialları məktəblərə çatdırılmışdır. Rayonda 35
məktəb İnternet xəttinə qoşulmuş, daha 22 məktəbə
İnternet xətləri çəkilmişdir. Bu il daha 50 kompüter
dəsti, 100 DVD, 20 televizor, 20 proyektor dövlət
vəsaiti hesabına alınaraq məktəblərə təhvil verilmişdir.
Rayonun 5, 10 və 11 nömrəli tam orta məktəbləri son iki
ildə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin
qalibləri olmuşlar. Bu il isə ilk dəfə olaraq 10 nömrəli
tam orta məktəbin müəllimi Ədalət Musayeva və 20 nömrəli
tam orta məktəbin müəllimi Rahim Həsənov "Ən yaxşı
müəllim" müsabiqəsinin qaliblərindən olmuşlar.
2012-2013-cü dərs ilində rayonda 6 yeni məktəb binası
tikilmiş, 2 məktəb əsaslı təmir edilmiş və şagirdlərin
istifadəsinə verilmişdir. Şəhər 5 nömrəli tam orta
məktəb əsaslı təmir edilmiş, 360 yerlik yeni korpus, 10
nömrəli tam orta məktəbdə idman, akt zalı və bufetdən
ibarət əlavə korpus inşa edilmişdir. Hazırda 17 nömrəli
tam orta məktəbin, Şəki Rayon Təhsil Şöbəsinin inzibati
binasının yeni tikintisi və Baş Küngüt kənd tam orta
məktəbinin əsaslı təmiri başa çatmaq üzrədir.Şin, Baş
Şabalıd, Baş Göynük, Göybulaq kəndlərində isə
yeni məktəb tikintiləri başlanılmışdır.
Daha sonra S.İsmayılova qeyd etmişdir ki, qarşıdan gələn
dərs ili ölkəmizin həyatında əlamətdar hadisə -
prezident seçkilərinin keçirilməsi ilə yadda qalacaq. O,
əminliklə bildirmişdir ki, Şəkinin çoxsaylı təhsil
işçiləri bu günün və gələcəyin partiyası olan Yeni
Azərbaycan Partiyasının namizədi İlham Əliyevə
yekdilliklə səs verəcəklər.
Məruzə ətrafında müzakirələrdə Şəki şəhər 14 nömrəli tam
orta məktəbinin direktoru İradə Abdullayeva, şəhər
fizika - riyaziyyat və humanitar təmayüllü liseyin
müəllimi Reyhan Xəlilova, Oxud kənd tam orta məktəbinin
məzunu, 696 balla Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş
Fəridə Hacıhəsənli, Təhsil Nazirliyinin keçirdiyi
müsabiqədə uğurla iştirak edərək rayonun Biləcik
kəndində ingilis dili fənni üzrə vakant yeri tutmuş gənc
müəllim Arzu Şamilli və valideyn Mehman Salamov çıxış
etmişlər.
Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov
konfransda çıxış edərək təhsil işçilərini əldə olunmuş
uğurlara görə və yeni dərs ilinin başlanması münasibəti
ilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində
müvəffəqiyyətlər arzulamışdır.
Təhsil Nazirliyinin nümayəndəsi Əhliyət Adıgözəlov
ölkəmizdə gənc nəslin təhsilinə göstərilən diqqət və
qayğıdan, görülən işlərdən ətraflı bəhs etmiş, konfrans
iştirakçılarının təkliflərinə öz münasibətini bildirmiş,
təhsil işçilərinin qarşısında duran vəzifələrdən
danışmışdır.
Konfransın qərar layihəsi oxunmuş, Şəki rayon təhsil
işçilərinin sentyabr konfransı iştirakçıları adından
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə müraciət qəbul olunmuşdur.
Masallıda
son illərdə
33
yeni məktəb
binası
tikilmişdir
Sentyabrın 6-da Masallı rayonu təhsil işçilərinin
ənənəvi konfransı keçirilmişdir. Konfransda Təhsil
Problemləri İnstitutunun əməkdaşı Rafiq Qəndilov, rayon
icra hakimiyyətinin başçısı Rafil Hüseynov, Milli
Məclisin deputatları Elmira Axundova, Nəriman Əliyev,
idarə və müəssisələrin rəhbərləri, iş adamları, məktəb
direktorları, qabaqcıl müəllimlər iştirak etmişlər.
Konfransda "2012-2013-cü tədris ilində görülən işlərin
yekunu, 2013-2014-cü tədris ilinə hazırlığın vəziyyəti
barədə" Masallı RTŞ-nin müdiri Astan İbişov məruzə
etmişdir.
Məruzədə qeyd edilmişdir ki, ölkə Prezidenti cənab İlham
Əliyevin qayğısı, Təhsil Nazirliyinin təhsilin daha da
inkişafı naminə həyata keçirdiyi çox mühüm işlər hesabat
dövründə qarşıya qoyulmuş vəzifələrin həllində əsas rol
oynamış, təhsilin ayrı-ayrı sahələri üzrə Dövlət
Proqramlarının yerinə yetirilməsi istiqamətində əməli
tədbirlər həyata keçirilmiş, RTŞ tərəfindən strateji iş
planı hazırlanıb təsdiq edilmiş, fəaliyyət planının
icrası əsasən yerinə yetirilmişdir.
Bildirilmişdir ki, rayonun 64 tam orta məktəbində
22826, 31 ümumi orta məktəbdə 4019 nəfər şagird təhsil
alır. 4 ibtidai məktəb 80 şagirdi əhatə edir.
Ümumilikdə 26925 nəfər şagirdin təlim-tərbiyəsi ilə 2796
nəfər müəllim məşğul olur.
3 məktəbdənkənar tədris müəssisəsi - Uşaq-Yeniyetmələr
Yaradıcılıq Mərkəzi, Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənclər
Şahmat Məktəbi fəaliyyət göstərir. Diqqətə
çatdırılmışdır ki, əksər məktəblərdə müasir
texnologiyalar lazımi texniki qaydada quraşdırılmışdır.
Masallı RTŞ və bir sıra məktəblər birbaşa İnternet
xəttinə qoşulmuşdur. Yeni texnologiyalardan birbaşa
dərslərin gedişində istifadəsi daim diqqət mərkəzindədir.
Yeni dərs ilində ibtidai siniflər üçün 18619, yuxarı
sinif şagirdləri üçün 22233 ədəd dərslik gətirilmiş və
məktəblərə verilmişdir.
2013-cü ildə qəbul imtahanlarının nəticəsinə görə 546
nəfər sənəd verən məzundan 262 nəfər tələbə adını
qazanmışdır. 38 nəfər abituriyent 500, 9 nəfər məzun
isə 600-dən yüksək bal toplamışdır.
Orta ixtisas məktəblərinə qəbul imtahanlarında 500 nəfər
şagirddən 256 nəfəri orta ixtisas məktəblərinə qəbul
olmuşdur.
Şəhər 3 nömrəli tam orta məktəbin məzunu Gülay Sabir
qızı Seyfullayeva ali məktəblərə qəbulda 685 bal
toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş və
Prezident təqaüdünə layiq görülmüşdür.
Bu il "Ən yaxşı müəllim" müsabiqəsində Böyük Xocavar
kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Sevda
Məmmədova 22,1 bal toplayaraq qalib adını qazanmışdır.
Bildirilmişdir ki, məktəblilərin fənn olimpiadasının
Respublika mərhələsində də rayon məktəblilərinin
uğurları böyükdür. Ə.Əsgərov adına Köhnə Alvadı kənd tam
orta məktəbinin IX sinif şagirdi Məzahim Çingiz oğlu
Məzahimli fizika fənni üzrə IV yer, B.Məmmədov adına
Böyük Xocavar kənd tam orta məktəbinin IX sinif şagirdi
Röyal Qəşəm oğlu Həmidov biologiya fənni üzrə IV yer,
Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin XI
sinif şagirdli Tünzalə Nizami qızı Əliyeva biologiya
fənni üzrə IV yerə layiq görülmüşlər. Ulu öndər Heydər
Əliyevin 90 illik yubileyi ilə əlaqədar Bakı şəhərində
keçirilən musiqi festivalında Q.İsmayılov adına Şərəfə
kənd tam orta məktəbinin VIII sinif şagirdi Ramil Əsəd
oğlu Seyfullayev fəxri diploma layiq görülmüş və
Respublika inşa yazı müsabiqəsində "Dəfinə" məktəb-liseyinin
X sinif şagirdi Azər Əlinaz oğlu Talıbzadə qalib
olmuşdur.
Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun
təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb"
devizi altında son illərdə Masallıda 33 yeni məktəb
binası tikilmiş, 5 məktəb isə əsaslı təmir olunmuşdur.
Kurikulumun tətbiqi ilə əlaqədar və 2013-2014-cü dərs
ilində VI sinifdə dərs deyəcək fənn müəllimləri Təhsil
Nazirliyinin təşkil etdiyi kurslara cəlb edilərək yeni
təlim texnologiyasını öyrənirlər.
Bu il 32 nəfər gənc müəllim Təhsil Nazirliyində
müəllimlərin işə qəbulu üzrə test imtahanını
müvəffəqiyyətlə verərək rayon məktəblərində vakant
yerlərə müəllim təyin edilmişdir.
Konfransın sonunda təhsil işçiləri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət
qəbul etmişlər.
Azərbaycan müəllimlərinin XIV qurultayına nümayəndələr
seçilmişdir
Sentyabrın 6-da Samux rayon müəllimlərinin konfransı
olmuşdur. Konfransdan öncə ümummilli lider Heydər
Əliyevin xatirəsi yad edilmiş, abidəsi önünə əklil
qoyulmuşdur.
Konfransı Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa
Hüseynov açıq elan etdikdən sonra Azərbaycan
Respublikasının Dövlət himni səsləndirilmişdir.
Konfransda Samux Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə
orqanlarının rəhbərləri, Təhsil Nazirliyinin nümayəndəsi,
məktəb direktorları, müəllimlər iştirak etmişlər.
"2012-2013-cü dərs ilinin yekunları və yeni dərs ilində
qarşıda duran vəzifələr" mövzusunda konfrans Samux Rayon
Təhsil şöbəsinin müdiri Gülağa Hüseynovun məruzəsi ilə
davam etdirilmişdir. Qeyd edilmişdir ki, rayonda 35
ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 23-ü tam
orta, 11-i ümumi orta, 1-i ibtidai məktəb və 5-i
məktəbdənkənar müəssisədir. 2012-2013-cü tədris ilində
rayon ümumtəhsil məktəblərində 7658 nəfər şagird təhsil
almış, məktəbdənkənar müəssisələrdə isə 1450 şagird
asudə vaxtlarını səmərəli keçirmişdir. Kurikulum
layihəsi üzrə bu il rayonun I-VI siniflərində 4404 nəfər
şagird təhsil alacaqdır. Rayon məktəblərinin I
siniflərinə isə 808 nəfər şagirdin qəbul edilməsi
planlaşdırılmışdır.
Qeyd edilmişdir ki, təhsil nazirinin 7 avqust 2007-ci il
tarixli 953 nömrəli əmrinin icrası təmin edilmiş, rayon
məktəblərinin şagirdləri tam məktəbli formasına
keçmişdir. "Təhsil sisteminin informasiyalaşdırılması
üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonun ümumtəhsil
məktəbləri 266 ədəd kompüter,13 ədəd noutbuk, 13 ədəd
proyektor dəsti ilə təmin edilmiş, məktəblərin bir qismi
tam şəkildə İnternetə qoşulmuşdur.
2012-2013-cü tədris ilində maddi-texniki bazanın
möhkəmləndirilməsi ilə əlaqədar olaraq Samux şəhər 2
nömrəli tam orta, Poylu kənd tam orta, Salahlı kənd
ümumi orta, Seyidlər kənd tam orta, Lək kənd tam orta və
Qiyaslı kənd ümumi orta məktəbləri müasir tələblər
səviyyəsində tikilib istifadəyə verilmişdir. Hazırda 2
məktəbin - Qarabağlılar, Əhmədbəyli kənd tam orta
məktəblərinin yeni binası inşa edilir. Qırmızı Samux,
Alabaşlı, Zazalı kənd tam orta məktəblərində isə əsaslı
təmir işləri yekunlaşmaq üzrədir.
Diqqətə çatdırılmışdır ki, builki məzunlardan 121 nəfəri
ali təhsil, 49 nəfər isə orta ixtisas təhsili
müəssisələrinə qəbul edilmişdir. Bu il 9 nəfər 600-dən
yuxarı, 12 nəfər isə 500-600 arası bal toplamışdır.
Məruzə ətrafında Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin
müəllimi İltimas Əliyeva, Kəsəmən kənd ümumi orta
məktəbinin dırektoru Tahir Bağırov, rayon Uşaq-gənclər
şahmat məktəbinin direktoru Faiq Aslanov, Samux şəhər 2
nömrəli tam orta məktəbin müəllimi Səlminə Məmmədova
işlədikləri məktəblərdə qazındıqları uğurlardan,
nöqsanlardan və qarşıda duran vəzifələrdən danışmışlar.
Zazalı kənd tam orta məktəbinin məzunu 675 balla Gəncə
Dövlət Universitetinin riyaziyyat-informatika
fakültəsinə daxil olmuş Kübrə Mehdiyeva, Seyidlər kənd
tam orta məktəbinin məzunu, 669 balla Qafqaz
Universitetinə daxil olmuş Səbinə Abbasova, Qarayeri
qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Lalə Amanova
648 balla Bakı Dövlət Universitetinin tarix fakültəsinə
daxil olmuş məzunlar öz çıxışlarında qazandıqları
nailiyyətlərdən danışmış və sonda onlara əmək sərf
etmiş müəllimlərinə minnətdarlıqlarını bildirmişlər.
Təhsil Nazirliyinin nümayəndəsi Sübhi Kazımov öz
çıxışında təhsil naziri Mikayıl Cabbarovun təbrikini
konfrans iştirakçılarına çatdırmışdır. Sonra o, təhsil
sahəsində aparılan islahatlardan, ölkə rəhbərinin
təhsilə daim qayğısından, təhsilin müasir tələblər
səviyyəsində inkişaf etdirilməsindən danışmışdır.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev
çıxış edərək yüksək bal toplayan 3 məzuna kompüter dəstı,
digər məzunlara isə qiymətli hədiyyələr vermişdir.
Konfransın sonunda Azərbaycan müəllimlərinin XIV
qurultayına Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa
Hüseynov, TİAHİ Samux Rayon Komitəsinin sədri Natiq
Hüseynov, Sərkar kənd tam orta məktəbinin müəllimi Zöhrə
Verdiyeva, Samux şəhər 2 nömrəli tam orta məktəbin
müəllimi Səlminə Məmmədova nümayəndə seçilmişdir.
Hazırladı: Şakir CƏFƏROV |