Məqsədim vətənə layiqli mütəxəssis kimi yaıtmaqdır
Natəvan
ƏHMƏDOVA,
Böyük Britaniyanın Nyukastl Universitetinin magistrantı
- 1990-cı il oktyabrın 15-də Bakı şəhərində anadan
olmuşam. 1997-ci ildə Bakıdakı 59 nömrəli tam orta
məktəbdə I sinfə getmişəm. 2008-ci ildə Bakının Xətai
rayonundakı Heydər Əliyev adına liseyi bitirərək Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul
imtahanlarında 668 bal toplamaqla Azərbaycan Dövlət
İqtisad Universitetinin maliyyə və kredit fakültəsinə
daxil olmuşam. Bir il sonra təhsilimi həmin
universitetin aparıcı Avropa universitetlərinin ən son
dərslik və dərs vəsaitləri əsasında tədrisin ingilis
dilində aparıldığı xüsusi istedadlar qrupunda davam
etdirmişəm.
Təhsil aldığım müddətdə bir çox yerli və beynəlxalq
seminar və müsabiqələrin iştirakçısı olmuşam, ayrı-ayrı
təşkilat və müəssisələrdə müvafiq iş təcrübəsi
qazanmışam.
2011-ci ildə Azərbaycanın ilk mobil operatoru olan
Bakcellin maliyyə departamentində üçaylıq təcrübə
keçmişəm. Növbəti iş təcrübəm dünya üzrə ən böyük audit
şirkətlərindən olan KPMG şirkətinin Bakı ofisində
olmuşdur. Bu müddət ərzində bir sıra maliyyə və
istehsalat şirkətlərinin audit hesabatlarının
hazırlanmasında iştirak etmişəm. ABŞ-ın USAİD
təşkilatının həyata keçirdiyi layihənin tərkib hissəsi
olan, dünyanın ən qabaqcıl universitetlərindən biri Dyuk
Universitetinin Azərbaycan Dövlət İqtisad
Universitetində apardığı "İqtisadi inkişaf üçün tətbiqi
layihənin dəyərləndirilməsi və riskin idarə edilməsi"
kursunda iştirak etmək üçün iqtisadiyyat və maliyyə
yönümlü fənlərdən imtahan verərək seçilmiş və kursu
müvəffəqiyyətlə başa vurduğuma görə Dyuk Universitetinin
sertifikatı ilə təltif olunmuşam.
2012-ci ilin fevral ayında Avropanın qabaqcıl
universitetlərindən olan Charles Universitetində
"Mühasibatlıq və qiymətləndirmə" kursunu ən yüksək
dərəcə ilə başa vurmuşam.
Bu yaxınlarda magistratura təhsili almaq üçün müvafiq
sənədlərlə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın
müəyyən etdiyi siyahıya daxil olan aparıcı Avropa
universitetlərinə müraciət etmiş və bir neçə nüfuzlu
universitetdən dəvət məktubu almışdım. Məqsədim Böyük
Britaniyanın Nyukastl Universitetində təhsilimi davam
etdirmək və Vətənə layiqli mütəxəssis kimi qayıtmaq,
sürətlə inkişaf etməkdə olan Azərbaycan iqtisadiyyatına
öz kiçik töhfəmi vermək, ölkəmizin daha da
qüdrətlənməsinə bacardığım köməyi göstərməkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin azərbaycanlı gənclərin dünyanın tanınmış ali
məktəblərində yüksək təhsil almaları üçün şərait
yaratması və bu məqsədlə müvafiq Dövlət Komissiyası
təşkil olunmasına dair fərman imzalaması müstəqil
dövlətimiz və dövlətçiliyimiz barədə qürur hissimi daha
da gücləndirmiş, çoxdan ürəyimdə gəzdirdiyim Avropada
təhsil almaq arzumun reallaşmasına imkan yaratmışdır.
Çox şəffaf və ədalət prinsiplərinə əsaslanan müsahibə
mənim kimi yüzlərlə gəncin xaricdə təhsil almasına imkan
yaratdı. Beləliklə, yaxın gələcəkdə ölkə daxilində və
xaricində müxtəlif dövlət qurumlarında, beynəlxalq
təşkilatlarda, bank-maliyyə sistemlərində, eləcə də özəl
sektorda çalışaraq Azərbaycanda idarəetmənin və
mədəniyyətin, elmin, təhsilin və səhiyyənin inkişafı
üçün yetərli kadr ehtiyatı formalaşacaqdır. Bizə
yaratdığı şəraitə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlığımı
bildirirəm.
Dövlət Proqramı gənclərə arzularını gerçəkləşdirməyə
şərait yaradır
Aytac
XƏLİLLİ,
Böyük Britaniyanın Mançester Universitetinin tələbəsi
- 1993-cü il dekabrın 10-da Qax şəhərində anadan
olmuşam. İbtidai təhsilimi Bakıdakı 286 nömrəli tam orta
məktəbdə, orta təhsilimi isə Türkiyə Dəyanət Vəqfi Bakı
Türk Liseyində almışam. Orta məktəbdəki nəticələrimə
görə qızıl medalla təltif olunmuşam. TQDK-nın keçirdiyi
qəbul imtahanlarında 695 bal toplayaraq 2-ci qrup
respublika birincisi olmuş və Prezident təqaüdünə layiq
görülmüşəm. Azərbaycan Diplomatik Akademiyasında iki il
təhsil aldıqdan sonra, bu il Böyük Britaniyanın
Mançester Universitetinin iqtisadiyyat və maliyyə
fakültəsinin üçillik bakalavr proqramına qəbul olmuşam.
Xaricdə təhsil hələ məktəb vaxtımdan qarşıma qoyduğum
məqsəd olub və sevinirəm ki, sözümə əməl edə bildim.
Düşünürəm ki, əgər Dövlət Proqramı olmasaydı, bunu əldə
edə bilməzdim.
Seçim turu haqda təəssüratlarıma gəlincə, bir çox şey
müsahibə turundan asılıdır və əgər müsahibədə özünü
lazımınca göstərə və Dövlət Proqramının məqsədinə
yetərincə uyğun olduğunu sübut edə bilirsənsə, onda bu,
işin taleyini müsbət istiqamətdə həll edə bilər. Bu
proqram Azərbaycanda yüksək ixtisaslı kadr azlığına bir
həll yolu tapmaq üçün qurulub və mən bunu yüksək
qiymətləndirirəm. Ümumilikdə gənclərə xaricdə təhsilə
şəraitin yaradılması üçün məncə, ilk öncə
maarifləndirməyə ehtiyac var. Çünki hələ də çox
insanlar var ki, Dövlət Proqramının yaratdığı
imkanlardan xəbərdar deyillər. Qeyd edim ki, bəzi
ixtisaslar, o cümlədən hüquq, beynəlxalq münasibətlər və
s. prioritet ixtisaslar içərisində Dövlət Proqramında
mövcud deyil.
Məncə, bu sahələrdə kifayət qədər savadlı kadr
yetişdirmək üçün də tələbələri göndərmək uğurlu addım
olardı.
Ümid edirəm ki, bakalavr təhsilimdən sonra magistr
təhsilimi də tamamlayıb, Azərbaycana qayıdacağam və
bilik və bacarığımdan iqtisadiyyat sahəsinin daha da
inkişafı üçün istifadə edəcəyəm.
Xaricdə təhsil üzrə Dövlət Proqramı özünü doğruldur,
gənclərə arzularını gerçəkləşdirməyə şərait yaradır. Bu
proqramın yaradılmasına, gənclərin xaricdə təhsilinə
böyük qayğı və diqqət göstərdiyinə görə ölkə
Prezidentinə dərin minnətdarlığımı bildirirəm.
Biz gənclərin borcu Azərbaycanın inkişafına öz töhfəmizi
verməkdir
Əsgər CAVADOV,
Oksford Universitetinin magistrantı
- 1989-cu ildə Şirvan şəhərində anadan olmuşam. İbtidai
təhsilimi Şirvan şəhər 18 nömrəli tam orta məktəbdə
almışam. 2001-ci ildə Şirvan Özəl Türk Liseyinə qəbul
olmuşam. 2004-cü ildə respublika fənn olimpiadasında
riyaziyyat fənni üzrə qızıl, sonrakı iki ildə - 2005,
2006-cı illərdə isə gümüş medala layiq görülmüşəm. Milli
fənn olimpiada komandasının tərkibində 2005-ci ildə
Meksikada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında
ölkəmizi təmsil etmişəm. 2006-cı ildə təlim və tərbiyədə
göstərdiyim nailiyyətlərə görə məktəb birincisi olaraq
liseyi bitirmiş və ali məktəblərə qəbul imtahanında
yüksək bal toplayaraq Qafqaz Universitetinə sənaye
mühəndisliyi ixtisası üzrə qəbul olmuşam. Universitet
illərində bir çox respublika və dünya səviyyəli
proqramlaşdırma olimpiadalarında iştirak etmişəm. 2008,
2009, 2010-cu illərdə proqramlaşdırma üzrə Azərbaycan
çempionu olmuşam və həmin illərdə ölkə xaricində
universitet tələbələri arasında keçirilən beynəlxalq
proqramlaşdırma olimpiadalarında komanda və fərdi
yarışlarda 3-cü dərəcəli diploma layiq görülmüşəm.
2013-cü ildə Oksford Universitetinin kompüter elmləri
ixtisasına magistr pilləsi üzrə qəbul olmuşam.
Dünyanın ən nüfuzlu universitetlərindən biri olan
Oksford Universiteti mənim qəbul olduğum ixtisas üzrə
dünya reytinqində ilk üçlükdə yer alır. 1000 ilə yaxın
yaşı olan universitet ingilis dünyasının ən qədim
universitetidir. Təbii ki, belə mötəbər universitetə
qəbul heç də asan deyil. 4 ay sürən bu proses bir neçə
mərhələdən ibarətdir. Əhatəli müraciət ərizəsini
doldurduqdan bir müddət sonra imtahan etmək
istədiklərini bildirdilər. Kifayət qədər çətin bir
imtahandan uzun müddət sonra təklif etdiyim həllər qəbul
olundu və müsahibəyə dəvət olundum. Müsahibə isə sırf
nəzəri və konseptual şəkildə keçdi və nəticədə
universitetə şərtsiz qəbul olundum. Onu da qeyd etmək
istərdim ki, bu qəbulda mənim 10 illik olimpiada
tarixçəmin və qatıldığım seminar və konfranslardan
qazandığım 20-dən çox diplom və sertifikatın böyük rolu
oldu.
Bir
çox qabaqcıl ölkələrdə olduğu kimi ölkəmizdə də
gənclərin xaricdə təhsil almalarına göstərilən qayğı
bizi çox sevindirir. Mənim müşahidələrim nəticəsində
gəldiyim qənaət ondan ibarətdir ki, bu proses kifayət
qədər şəffaf aparılır. Xüsusilə, müsahibələrdə soruşulan
suallar namizədlərin dünyagörüşü və alacaqları təhsil
üzrə nə qədər hazırlıqlı olduqlarını obyektiv şəkildə
ölçməyə imkan verir. Düşünürəm ki, biz gənclərin də
borcu xaricdə yüksək təhsil alıb qazandığımız
təcrübələri ölkəmizdə tətbiq edərək Azərbaycanın
inkişafına öz töhfəmizi verməkdir.
İndiyə qədər aldığım biliklərlə kifayətlənməyib daha da
inkişaf etdirmək üçün doktorantura təhsili almağı
planlaşdırıram. Zənnimcə, elm sahəsində irəliləməklə
vətənimizə faydalı işlər görmək üçün daha çox zəmin
yaranır. Ölkəmizin inkişaf etmiş ölkələrlə kompüter
sahəsində rəqabət apara bilməsi üçün lazımi şəratin
qurulmasında fəal iştirak etməyi düşünürəm.
Cənab Prezident İlham Əliyevin "qara qızıl"ın insan
kapitalına çevirmək istəyinin ən bariz nümunələrindən
biri "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici
ölkələrdə təhsili üzrə Dövlət Proqramı"dır. Bu, eyni
zamanda gənclərə qayğının bir nümunəsi olaraq ölkəmizin
gələcəyinə yatırılmış bir kapitaldır. Bizə göstərilən bu
qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı
bildirirəm. Arzu edərdim ki, bu proqramdan yararlanan
hər bir gənc ölkəmizin inkişafına öz töhfəsini verməkdə
qərarlı olsun və bu istiqamətdə hər bir şansı
dəyərləndirsin.
Xoşbəxtlikdən mən də seçilmiş tələbələr içərisində idim
Nihad
YOLÇUYEV,
London İmperial Kollecinin magistrantı
- 1997-ci ildə Bakı şəhəri Nizami rayonu 238 nömrəli
orta məktəbdə birinci sinfə getmişəm və 2008-ci ildə 145
nömrəli orta məktəbi bitirərək ali məktəbə qəbul üçün
sənəd vermişəm. Qəbul imtahanında 640 bal yığaraq Bakı
Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika
fakültəsinə daxil olmuşam. İkinci kursdan etibarən Bakı
Dövlət Universitetinin xüsusi qrupu olan ingilis
qrupunda təhsil almağa başlamışam. Bu qrupda tədrisin
ingiliscə olması dil biliklərimin inkişafına çox böyük
təsir göstərmişdir. 2012-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirdikdən sonra RİSK elmi istehsalat
şirkətində texnoloji həllərin tərtibatçısı vəzifəsində
işə başlamışam. İşlədiyim müddətdə yeni texnologiyaların
öyrənilməsinə və tətbiqinə olan tələbləri gördükdə
təhsilimi davam etdirərək daha müasir biliklərə
yiyələnmək qərarına gəldim və sənədlərimi dünyanın ən
nüfuzlu ali təhsil ocaqlarından biri olan İmperial
Kollecə göndərdim və ora qəbul olundum. Qəbul olunduqdan
sonra "2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na
müraciət etdim və dövlət hesabına xaricdə təhsil almaq
hüququ qazandım.
Dövlət Proqramına sənəd qəbulu başlayan ilk günlərdən
Təhsil Nazirliyinə müraciət etdim və bir neçə gündən
sonra müsahibəyə çağırıldım. İlk olaraq onu demək
istərdim ki, müsabiqənin tam obyektiv və qərəzsiz
olacağına heç bir şübhəm yox idi. Çünki Dövlət
Proqramının tələbə və məzunlarından aldığım məlumatlar
məndə belə bir fikir yaratmışdı və düşündüyüm kimi də
oldu. İlk görüşdən komissiya üzvləri çox müsbət aura
yaratdılar və mənim öz fikirlərimi tam aydın şəkildə
izah etməyim üçün kifayət qədər yaxşı şərait yaradıldı.
Nəticələr müsabiqədən bir neçə həftə sonra açıqlandı və
xoşbəxtlikdən mən də seçilmiş tələbələr içərisində idim.
Xaricdə təhsil almaq istəyən bütün gənclərə Azərbaycan
dövlətinin yaratdığı bu gözəl imkandan yararlanmağı
məsləhət görərdim.
Belə bir imkanı bizə yaratdığı üçün Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin
təşəkkürümü bildirirəm. Eyni zamanda tam obyektiv bir
seçim prosesi təşkil etdiyi üçün Azərbaycan Respublikası
Təhsil Nazirliyinə minnətdarlıq edirəm. |