Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK)
Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola
şirkəti ilə birgə həyata keçirdiyi "Fəal Ailəm, Sağlam
Aləm" layihəsi çərçivəsində İsmayıllı Olimpiya İdman
Kompleksində ilk ailəvi idman yarışı keçirilmişdir.
Yarışın əsas məqsədi olimpiya hərəkatı və sağlam həyat
tərzini geniş əhali kütləsi arasında təşviq etməklə
insanları, xüsusilə uşaqları, gəncləri və onların
valideynlərini olimpiya hərəkatının fəal üzvlərinə
çevirməkdən ibarətdir. Şən, təhlükəsiz və inklüziv
oyunlardan ibarət yarışda Bakı və İsmayıllı şəhərindən
olan 5 ailəyə 400 nəfərədək tamaşaçı azarkeşlik
etmişdir.
İsmayıllıda təşkil edilmiş ilk ailəvi idman yarışını
giriş sözü ilə açan rayon gənclər və idman rəisi Elçin
Nəcəfli bu kimi tədbirlərin uşaqların və gənclərin idman
ruhu ilə tərbiyə edilməsində mühüm rol oynadığını xüsusi
vurğulamışdır.
Daha sonra Milli Olimpiya Komitəsinin məsul işçisi
Həsənağa Rzayev iştirakçılara MOK və Coca-Cola şirkəti
arasındakı uzunmüddətli əməkdaşlıq və "Fəal Ailəm,
Sağlam Aləm" layihəsinin tarixçəsindən danışdı.
Olimpizm, olimpiya dəyərləri və ölkədə geniş vüsət alan
olimpiya hərəkatı haqda söhbət açan H.Rzayev
iştirakçıları və tamaşaçıları olimpiya prinsiplərindən
gündəlik həyatlarında daha fəal istifadə etməyə
çağırmışdır.
Daha sonra meydançaya uşaqlardan və valideynlərdən
ibarət ailə komandaları dəvət olunaraq şən, təhlükəsiz
və inklüziv oyunlar əsasında hazırlanmış estafet
yarışına start verilmişdir.
Yarış başa çatandan sonra qonaqlar və yerli hökumət
qurumlarının rəsmiləri iştirakçı ailələri fəxri diplom
və hədiyyələrlə təltif etmişlər. |