BMT-nin qərarı ilə hər il sentyabrın sonuncu həftəsi -
Beynəlxalq Dəniz Həftəsi kimi qeyd olunur.
AzərTAc xəbər verir ki, bu münasibətlə sentyabrın 7-də
IDEA- Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq
Kampaniyası (International Dialogue for Environmental
Action) tərəfindən Nardaran çimərliyi ərazisində
təmizlik aksiyası təşkil olunmuşdur.
Aksiya çimərlik ərazisindəki tullantıların toplanması və
onların faydalı şəkildə istifadəsi üçün təkrar emala
göndərilməsi, habelə gənclərin təbiət ərazilərinin təmiz
saxlanılmasına cəlb olunmaları məqsədi ilə
keçirilmişdir.
Aksiya zamanı 100-dən çox gənc topladığı tullantıları
qida və qeyri-qida tullantılarına ayıraraq
çeşidləmişdir. Toplanmış tullantılar Balaxanı bərk
məişət tullantılarının çeşidlənməsi zavoduna nəql
edilmiş və burada təkrar çeşidlənmişdir. Sonra zavodda
təkrar emala yararlı materiallar ümumi kütlədən
ayrılaraq emal müəssisələri üçün xammal əldə edilmişdir.
2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən
başladılmış IDEA kampaniyası mütəmadi olaraq bu cür
maarifləndirici və ekoloji cəhətdən əhəmiyyətli
aksiyalar həyata keçirir. |