2013-2014-cü dərs ili üçün Azərbaycan Respublikasının
ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları
artıq çoxdan başa çatmış, minlərlə gənc arzusunda olduğu
tələbə adını qazanmışdır. Xatırladaq ki, bu il ölkənin
ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından
orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında
iştirak üçün 100 min 675 abituriyent ərizə vermişdir.
Üçüncü qrup üzrə qəbul imtahanları bu il iyulun 14-də,
birinci ixtisas qrupu üzrə iyulun 21-də, dördüncü
ixtisas qrupu üzrə iyulun 28-də, ikinci ixtisas qrupu
üzrə avqustun 3-də olmaqla ölkənin 11 şəhərində
keçirilmiş, bütün qruplar üzrə ixtisas seçimi isə
avqustun 6-dan 15-dək İnternet vasitəsi ilə
aparılmışdır.
Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş
qalan yerlərinə 938 nəfər qəbul olunmuşdur. Bütövlükdə
isə 2013-2014-cü tədris ili üçün Azərbaycan
Respublikasının ali təhsil müəssisələrinə ayrılmış 36
min 537 plan yerinə 33 min 745 gənc qəbul olunmuşdur.
Qəbul imtahanlarında üçüncü ixtisas qrupu üzrə 4 nəfər,
dördüncü ixtisas qrupu üzrə isə 2 nəfər maksimal nəticə
- 700 bal toplamışdır. Qəzetimizin əvvəlki saylarında
onlar haqqında məlumat vermişdik. Qəbul imtahanlarında
ən yüksək nəticə göstərənləri bir daha təqdim edir,
onlara və onların simasında ali məktəblərə bu il qəbul
olunmuş bütün tələbələrə təhsillərində uğurlar
arzulayırıq.
Qafarova Flora Eldar qızı
1996-cı
il fevralın 13-də Sumqayıt şəhərində anadan olmuşdur.
2002-ci ildə Sumqayıt şəhər N.Gəncəvi adına texniki və
təbiət elmləri liseyinə I sinfə qəbul olunmuşdur.
İbtidai təhsili "əla" qiymətlərlə bitirmişdir. Yuxarı
siniflərdə də müvəffəqiyyətlə oxumuş və liseyin
sayılıb-seçilən şagirdlərindən olmuşdur.
Oxuduğu illərdə fənn olimpiadalarında fəal iştirak
etmiş, olimpiadanın şəhər turunun mükafatçıları sırasına
çıxmışdır. Liseyi bu il "əla" qiymətlərlə bitirmişdir.
Floranın dediklərindən: "Ali məktəbə hazırlığa 10-cu
sinifdə başlamışam və hazırlığı "Araz" ali məktəblərə
hazırlıq kurslarında keçmişəm. Hazırlıq müddətində
hədəfim yalnız 700 bal olub və buna nail olmaq üçün
müəllimlərin tapşırıqlarına ciddi əməl etmiş, dərslərimi
vaxtında yerinə yetirmişəm. Fikirləşirəm ki, 2 illik
hazırlığın mənim 600 bal həddini rahatlıqla keçməyimi
təmin edə bilərdi. Lakin liseydə də ciddi hazırlığım
mənim 700 bal toplamağıma təminat vermişdir. Mən bu
uğura imza atacağıma əmin idim".
Bu uğuruna görə ilk növbədə müəllimlərinə borclu
olduğunu bildirən F.Qafarova özünün formalaşmasında,
dərin biliklərə yiyələnməsində daha çox zəhmət payı olan
ibtidai sinif müəllimi Yavər Mürşüdovanın, ingilis dili
müəllimi Gülnarə Babayevanın, Azərbaycan dili və
ədəbiyyat müəllimi Mahirə Mədətovanın, tarix müəllimi
Məhəmməd Süleymanovun, sinif rəhbəri Vaqif Behbudovun
ünvanına minnətdarlığını ifadə etdi.
Bu yazının hazırlanması prosesində əlaqə saxladığımız
Sumqayıt şəhər N.Gəncəvi adına texniki və təbiət elmləri
liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini
Cəfər Əliyev məzunlarını oxuduğu illərdə liseyin ən
yaxşı şagirdlərindən biri, ictimai işlərdə xüsusi
fəallıq göstərən gənc kimi xarakterizə etdi. Bildirdi
ki, o, sənədlərini III ixtisas qrupuna versə də
humanitar fənlərlə yanaşı texniki fənləri də yüksək
səviyyədə mənimsəmiş, dərsə davamiyyət baxımından
liseyin ən nümunəvi şagirdlərindən olmuşdur. F.Qafarova
fənn olimpiadalarında, eləcə də Xəzər və Qafqaz
universitetlərinin keçirdikləri bilik yarışlarında fəal
iştirak edərək mükafatlar qazanmışdır.
Flora Qafarova hazırda Qafqaz Universitetinin tərcümə
fakültəsinin tələbəsidir. Gənc qız bu ali məktəbi yaxşı
tanıdığına, orada yüksək ixtisaslı mütəxəssis
yetişdirilməsi üçün bütün şəraitin və yüksək təhsil
mühitinin olmasına, habelə bu ali təhsil ocağının
keçirdiyi bilik yarışlarında həmişə həvəslə iştirak
etdiyinə görə seçmişdir. Universitetdə də daim belə
yüksək nəticələr əldə etməyi arzulayan və bunu qarşısına
məqsəd qoyan Flora gələcək illərdə ali məktəblərə
hazırlaşacaq həmyaşıdlarına məktəb dərslərini
vaxtlı-vaxtında oxumağı məsləhət görür.
Murğuzova Nərminə Sahib qızı
1995-ci
il sentyabrın 18-də Tovuz rayonunun Bozalqanlı kəndində
anadan olmuşdur. Nərminə orta təhsilini Tovuz rayonu
Bozalqanlı kənd tam orta məktəbində almışdır. Orta
təhsil illərində dərslərini "4", "5" qiymətlərlə oxumuş
Nərminə hər zaman öz çalışqanlığı, dərsə hazırlığı,
savadı ilə məktəbdə seçilmişdir. Orta məktəbi gümüş
medalla bitirən bu istedadlı qız yüksək bilik nümayiş
etdirərək ali məktəblərə qəbul imtahanlarında III
ixtisas üzrə maksimum -700 balı toplamaqla böyüyüb
boya-başa çatdığı doğma rayonuna, eyni zamanda
Bozalqanlı kəndinə bir başucalığı, sevinc gətirdi.
Bu xoş hadisənin sevincini yaşayanlardan biri -
Nərminənin orta təhsilini başa vurduğu Tovuz rayonu
Bozalqanlı kənd tam orta məktəbinin direktoru Nüsrət
Quliyev bizimlə söhbət zamanı öz məzunu barədə bunları
bildirdi: "2003-2004-cü tədris ilindən Tovuz rayonu
Bozalqanlı kənd tam orta məktəbinə direktor təyin
olunmuşam. Həmin ildən bütün siniflərdə olduğu kimi,
Nərminənin oxuduğu sinifdə də dərslərdə iştirak etmişəm.
O, öz çalışqanlığı ilə hər zaman seçilirdi. Yuxarı
siniflərə keçdikcə onda olan fərqli fitri istedad
qabarıq şəkildə özünü göstərirdi. X sinifdə ictimai
fənlərə marağını nəzərə alaraq onu ictimai fənlər seçmə
sinfinə cəlb etdik. X sinifdə oxuduğu müddətdə bu qızın
gələcəkdə yüksək bal toplayacağına ümidlərimiz artdı.
Nərminənin başqa şagirdlərdən fərqli cəhəti onun özünə
qarşı inamlı, məqsədinə çatmaq üçün çox çalışqan
olmasıdır. Artıq Tovuz təhsilində 700 bala ilk imza atan
gənc Nərminə Murğuzova oldu. Bizim məktəbin muəllim və
şagird kollektivi onunla fəxr edir".
Nərminə Murğuzova isə söhbət zamanı əldə etdiyi yüksək
nəticəni belə dəyərləndirdi: "Bölgələrdə, xüsusilə kənd
məktəblərində təhsilin aşağı olması fikri ilə razı
deyiləm. Heç kim deməsin ki, kənd məktəbidir, burada
təhsil alanlar yüksək nəticə əldə edə bilməzlər. Bunun
üçün sadəcə çalışmaq, səy göstərmək lazımdır. Lap
uşaqlıqdan hüquqşünas olmağı arzulamışam və düşünürəm
ki, əslində oxuyan üçün şəhər və ya kəndin fərqi yoxdur.
Oxumaq, məqsədinə nail olmaq istəyən, mənə elə gəlir
ki, harada yaşamasından asılı olmayaraq öz arzusuna
çatacaqdır. Elə mənim kimi.
Mənə yüksək savad vermiş müəllimlərimə, doğma məktəbimin
rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. Ən böyük
arzum Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində
yüksək səviyyədə təhsil almaq, tələbəlik illərində,
sonradan isə iş həyatımda bilik və bacarığımla
valideynlərimin, yaxınlarımın mənə olan etimadını
doğrultmaqdır".
İsmayılov Məhəmməd Şahin oğlu
1995-ci
ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Bakı
şəhərinin Nərimanov rayonunda yerləşən 258 nömrəli tam
orta məktəbin I sinfinə gedib. Məktəbdə oxuduğu müddətdə
həmişə yüksək təlim göstəriciləri ilə fərqlənib. "11 il
ərzində hər zaman biliyimə görə seçilən şagird olmuşam",
- deyə o, bizimlə söhbətində bildirdi.
Məhz bunun nəticəsi olaraq Məhəmməd bu il buraxılış
imtahanlarını da "əla" qiymətlərlə verərək 258 nömrəli
məktəbi qızıl medalla bitirmişdir.
M.İsmayılov III ixtisas qrupu üzrə iki il ciddi
hazırlaşdığını bildirdi. Lakin bu istedadlı gənc
imtahanlara yaxşı hazırlaşsa da 700 bal toplayacağını
gözləmədiyini söylədi. "Əslində 670 bal hədəfləmişdim.
700 bal toplayacağımı gözləmirdim. Amma yaxınlarım,
qohumlarım, müəllimlərim mənim 700 bal toplayacağıma
əmin idilər və bu nəticəni məndən gözləyirdilər".
M.İsmayılovun arzusu hüquqşünas olmaqdır. Arzusunu
reallaşdırmaq üçün artıq ən real şans əldə etmiş gənc
bakalavr təhsilini Azərbaycanda almaq, magistraturanı
isə xaricdə oxumağı planlaşdırmışdır. M.İsmayılov
hazırda Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinin
tələbəsidir.
Onu da qeyd edək ki, Məhəmmədin sinif yoldaşları
arasında da yüksək bal toplayanlar vardır.
258 nömrəli tam orta məktəbin müəllimi, Məhəmmədin sinif
rəhbəri olmuş Zəkiyyə Abdullayevanın fikrincə, bu cür
yüksək nəticə göstərmək üçün şagirdlərin orta məktəbin
aşağı siniflərindən yaxşı oxumaları lazımdır.
"Məhəmməd birinci sinifdən onbirinci sinfə qədər çox
yaxşı oxumuşdur. O, təkcə humanitar fənlərdən deyil,
bütün fənlərdən yüksək qiymətlər almışdır. Nəticədə
məktəbimiz onun qızıl medala namizədliyini irəli sürmüş
və o, məktəbimizin medallı məzunu olmuşdur", - deyə
Z.Abdullayeva tədris ocaqlarında Məhəmmədlə fəxr
etdiklərini, onun gələcəkdə yaxşı mütəxəssis olacağına
inandıqlarını bildirmişdir.
Məmmədli Nərmin Rövşən qızı
1996-cı
il sentyabrın 21-də Mingəçevir şəhərində anadan
olmuşdur. Nərmin Mingəçevir şəhəri 3 nömrəli tam orta
məktəbin məzunudur. Orta məktəbdə oxuduğu 11 il ərzində
hər zaman yüksək bilik və bacarığı ilə fərqlənmişdir.
Nümunəvi davranışı, təlim-tərbiyəsi ilə müəllimlərinin
və öz yaşıdlarının hörmətini qazanmışdır. Təhsil aldığı
müddətdə dərs əlaçısı kimi tanınan Nərmin rayon üzrə
keçirilən fənn olimpiadalarında da fəal iştirak edərək
şəhər turunda müvafiq yerlər tutmuşdur. O, ümumi təhsili
xüsusi nailiyyətlərlə başa vurduğuna görə məktəbi qızıl
medalla bitirmişdir.
Hazırda 700 bal toplamağın sevincini yaşayan Nərmin
bizimlə öz təəssüratlarını bölüşdü: "700 bal toplamağı
əvvəlcədən hədəfləmişdim və buna nail oldum.
Valideynlərimə, yaxınlarıma, 11 il təhsil aldığım
Mingəçevir şəhəri 3 nömrəli tam orta məktəbin müəllim
kollektivinə bu sevinci yaşatdığım üçün sevinir və qürur
hissi keçirirəm. Təbii ki, əldə etdiyim yüksək
nailiyyət, eyni zamanda doğma məktəbimin də uğurudur.
Mənim üstümdə əməyi keçən müəllimlərimdən İradə
Sadıqovaya, Rima Məmmədovaya, Tənzilə Heydərxanlıya,
Hilal Qarayevə və digərlərinə, həmçinin bizim yüksək
təlim-tərbiyə almağımız üçün yaradılmış şəraitə görə
məktəbimizin direktoru Tamara Barataşviliyə öz
minnətdarlığımı bildirirəm".
III ixtisas qrupunu seçmiş Nərmin ən böyük arzusuna
çatmışdır. Artıq Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan
bu istedadlı gənc tanınmış bir hüquqşünas olmaq istəyir.
Nərmin eyni zamanda "Arzularımdan biri də ali təhsilimi
gələcəkdə xarici ölkələrin birində davam etdirməkdir.
Əgər bu reallaşarsa, o zaman Amerika və ya İngiltərədə
təhsilimi davam etdirmək istəyirəm", - deyərək özü üçün
artıq indidən planlar qurub.
Müslümov Osman Məmmədhüseyn oğlu
1996-cı
il iyulun 7-də Bakı şəhərində anadan olmuşdur. 2002-ci
ildə Bakıdakı 98 nömrəli tam orta məktəbin I sinfinə
gedəndə Osmanın ağlına belə gəlməzdi ki, 11 il keçəcək
və o, doğma təhsil ocağını "əla" qiymətlərlə bitirərək
ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal
toplayıb respublikanın istedadı, biliyi ilə seçilən
gənclərindən biri olacaq, hamı tərəfindən tanınacaqdır.
Osman Müslümov orta təhsil illərində çalışqanlığı, özünə
qarşı tələbkarlığı, dərslərinə hazırlığı ilə məktəbdə
seçilib-sayılan şagirdlərdən biri olmuşdur. İstedadlı
yeniyetmə doğmalarının, təhsil aldığı məktəbin, onu
əhatə edən yaxınlarının və dostlarının etimadını
doğruldaraq yüksək bilik nümayiş etdirmişdir.
Ali məktəblərə qəbul imtahanlarında IV ixtisas qrupu
üzrə maksimum - 700 bal toplamış Osman bu sevincli
hadisəni bizimlə paylaşaraq bunları söylədi: "Sınaq
imtahanlarında hər zaman 600-dən yuxarı bal toplamışam.
Ali məktəblərə qəbul imtahanlarında 700 bal
toplayacağıma nədənsə inanmırdım. Amma daxilimdəki bir
hiss mənim yüksək nəticə göstərəcəyimi deyirdi.
Sevinirəm ki, ali məktəblərə qəbul imtahanlarında ən
yüksək nəticə göstərən gənclərdən biri də məhz mən
oldum. Əlbəttə, əldə etdiyim bu uğur eyni zamanda 11 il
təhsil aldığım doğma məktəbimin də nailiyyətidir. Mənim
üzərimdə əməyi olan müəllimlərimdən Xalidə Ağayevaya,
Ülviyyə Abdullayevaya, Sevil Vəliyevaya və digərlərinə
minnətdarlığımı bildirirəm.
Azərbaycan Tibb Universitetinə qəbul olunmuş Orxanın ən
böyük arzusu respublikanın tanınmış həkimlərindən biri
olmaq, xalqımızın sağlamlığının keşiyində durmaqdır".
Osmanın uğuruna ən çox sevinənlər isə valideynləri ilə
yanaşı, onun təhsil aldığı 98 nömrəli tam orta məktəbin
rəhbərliyi və müəllim kollektividir.
Məktəbin direktoru Nazim Səfərov və təlim-tərbiyə işləri
üzrə direktor müavini Flora Hüseynova bu yeniyetmənin
olduqca tərbiyəli, yüksək biliyə malik olduğunu
söylədilər. Bizimlə söhbət zamanı qeyd etdilər ki, onlar
Osmanı təhsil aldığı 11 il ərzində savadlı, hazırlıqlı,
nümunəvi bir şagird kimi tanıyıblar və onun gələcəyinə
inanıblar. Əldə etdiyi bu yüksək nəticə ilə öz doğma
məktəbinə başucalığı gətirən Osman Müslümovla hamı fəxr
edir.
Paşazadə Aytən Vaqif qızı
1996-cı
il fevralın 17-də Mingəçevir şəhərində ziyalı ailəsində
anadan olmuşdur. 2002-ci ildə Mingəçevir şəhər 7
nömrəli tam orta məktəbdə I sinfə qəbul edilmiş, bu il
həmin təhsil ocağından məzun olmuşdur.
Oxuduğu müddətdə dərs əlaçısı kimi tanınmış, məktəbin
ictimai həyatında yaxından iştirak etmiş, nümunəvi
davranışı ilə fərqlənmişdir. Mingəçevir şəhər 7 nömrəli
tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor
müavini Təranə Rüstəmova məzunlarını belə
səciyyələndirir:
"A.Paşazadə yüksək potensiala malik şagird idi.
Keçirilən bütün müsabiqələrdə, fənn olimpiadalarında
yüksək nəticələr göstərir, mükafata layiq yerlər
tuturdu. Bir neçə dəfə olimpiadanın şəhər mərhələsinin
qalibi olmuşdur. O, TQDK-nın keçirdiyi sınaq
imtahanlarında da bizim etimadımızı doğruldaraq yüksək
bal toplayırdı. Qəbul imtahanında göstərdiyi ən yüksək
nəticə ilə - 700 balla isə o, biz müəllimlərini, eləcə
də valideynlərini hədsiz sevindirmişdir. Fürsətdən
istifadə edib qəzetiniz vasitəsi ilə Aytənin
valideynlərinə gözaydınlığı verir, Aytənə isə gələcək
həyatında və təhsilində uğurlar arzulayırıq".
Aytən bizimlə söhbətində imtahan öncəsi 700 bal
toplayacağına əmin olduğunu bildirdi. Dedi ki, düzdür,
müəyyən tərəddüdlərim olsa da, əminliym çox idi.
Qəbul imtahanının təşkili və gedişindən razı qaldığını
deyən Aytən imtahanın çox obyektiv və şəffaf
keçirildiyi, imtahan zamanı elə də çox
həyəcanlanmadığını söylədi.
Artıq Azərbaycan Tibb Universitetinin müalicə işi
fakültəsinə qəbul olunmuş A.Paşazadənin arzusu gələcəkdə
dövlət hesabına xaricdə tibb təhsili almaqdır və bunun
üçün Təhsil Nazirliyinə müraciət etməyi nəzərdə tutub.
Hədəfi Böyük Britaniya, Almaniya və ya Türkiyə
universitetlərinin birində oxumaqdır.
Böyük arzulara gedən yolun astanasında olan Aytəni qəbul
imtahanında ən yüksək bal toplaması və tələbə olmaq
şansı qazanması münasibəti ilə təbrik edir, ona gələcək
təhsilində uğurlar arzulayırıq.
Samirə KƏRİMOVA,
Yusif ƏLİYEV |