Sentyabrın
10-da Bakıdakı "Hyatt Regensy" otelinin Quba zalında
Bakı şəhəri təhsil işçilərinin ənənəvi konfransı
keçirilmişdir.
Konfrans başlanmazdan əvvəl nümayəndələr Fəxri xiyabana
gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini
ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım
Əliyevanın da məzarı ziyarət olunmuşdur.
Konfransda təhsil naziri Mikayıl Cabbarov, təhsil
nazirinin müavini Ceyhun Bayramov, paytaxtın ümumtəhsil
məktəblərinin direktorları, məktəbdənkənar müəssisələrin
rəhbərləri, müxtəlif dövlət və qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, aidiyyəti təşkilatların
nümayəndələri, "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibləri, təhsildə xüsusi nailiyyətləri ilə fərqlənmiş
və yüksək balla ali məktəblərə daxil olmuş gənclər
iştirak etmişlər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra konfrans öz işinə başlamışdır.
Təhsil naziri Mikayıl Cabbarov konfrans iştirakçılarını
və qonaqları salamlayaraq təhsil işçilərinə qarşıdan
gələn yeni dərs ilində uğurlar arzulamışdır. Nazir
müstəqil Azərbaycan dövlətinin ümummilli lider Heydər
Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində
formalaşdığını bildirmiş və ulu öndərin hər zaman təhsil
sahəsinə diqqətlə yanaşdığını nəzərə çatdırmışdır. Ölkə
başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan
təhsilinin, elminin inkişafına göstərilən qayğıdan
danışan təhsil naziri respublikada əlverişli təlim
mühitinin yaradılması istiqamətində çox mühüm işlərin
görüldüyünü və təhsilin prioritet elan edildiyini
iştirakçıların diqqətinə çatdırmışdır.
Ümumi orta təhsilin əhəmiyyətinə toxunan nazir təhsil
müəssisələrinin işinin daha səmərəli təşkili üçün bir
sıra həlli vacib məsələlərdən, qarşıda duran
vəzifələrdən bəhs etmişdir.
Təhsil naziri müəllimlərin dərs yükü normasının yuxarı
həddinin 24 saatdan 36 saata qaldırılmasının nəzərdə
tutulduğunu demişdir. Məktəb direktorlarının maaşlarının
müvafiq meyarlar əsasında artırılması istiqamətində
müzakirələrin təşkili məsələsinə toxunan nazir bunun
təhsil müəssisələrinin daha səmərəli idarə olunmasının
təmin edilməsinə imkan verəcəyinə əminliyini
bildirmişdir.
Nazir çıxışında bu il Azərbaycanda keçirilən
müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə
toxunaraq müəllimlik sənətinə daha məsuliyyətlə
yanaşmağın, bu peşəni seçənlərin mükəmməl savada, yüksək
bilik və bacarığa malik olmasının vacibliyini
vurğulamışdır. Müəllim olmaq istəyənlər üçün ali
məktəblərə qəbul zamanı müsabiqə şərtlərinin daha da
ciddiləşdirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Təhsil naziri daha sonra dərslik siyasətində yeni
yanaşmaların və dəyişikliklərin gözlənildiyini demişdir.
Bildirilmişdir ki, yeni dərsliklərin öncə müəllimlərin
və ictimaiyyətin müzakirəsinə verilməsi nəzərdə
tutulmuşdur. Həmçinin dərsliklərin yerlərə daha tez
çatdırılması istiqamətində müvafiq işlərin görülməsi
planlaşdırılır. Bunun üçün 1 il öncədən dərsliklər
sifariş edilməli və pilot məktəblərdə, siniflərdə
yoxlanılmalı, bu dərsliklərlə bağlı hər hansı rəy və
təkliflər olarsa, onlar nəzərə alınmalıdır. Nazir
prosesin bu formada həyata keçirilməsini daha yaxşı və
keyfiyyətli dərslik hazırlamağa imkan verəcəyini
düşündüklərini bildirmişdir.
Məktəbə ali təhsil müəssisəsinə hazırlıq funksiyasını
yerinə yetirən bir qurum kimi baxmağı düzgün hesab
etməyən nazir orta təhsilin məqsədinin müstəqil həyata
hazır olan Azərbaycan Respublikasının vətəndaşını
formalaşdırmaq olduğunu söyləmişdir.
Çıxışında orta məktəblərdə ingilis dilinin tədrisinin
gücləndirilməsi məsələsinə toxunan nazir Mikayıl
Cabbarov müasir dünyada baş verən elmi yeniliklərin,
lazım olan məlumatların əldə edilməsi baxımından ingilis
dilinin yüksək səviyyədə öyrənilməsinin əhəmiyyətini
qeyd etmişdir. Bildirilmişdir ki, böyüməkdə olan gənc
nəsil öz ana dilini mükəmməl bilməklə yanaşı, xarici
dili də öyrənməlidir.
Müəllim-şagird-valideyn münasibətlərindən danışan nazir
bu işə yanaşmanın əsaslı şəkildə dəyişməsinin zəruri
olduğunu söyləmişdir. Bildirilmişdir ki, valideynlər öz
uşaqlarının tədrisində, təlimində, bütövlükdə məktəbdə
baş verən proseslərdə fəal iştirak etməlidirlər.
Müəllim-şagird-valideyn əməkdaşlığı sağlam təməllər
üzərində qurulmalıdır. Nazir bununla bağlı öz
düşüncələrini konfrans iştirakçıları ilə bölüşmüşdür.
Müəllim peşəsinin şərəfli olduğunu söyləyən nazir bu
peşənin müqəddəsliyinin qorunub saxlanmasının daha çox
müəllimlərdən asılı olduğunu vurğulamışdır. Təhsil
naziri demişdir: "Bizim mövcud potensial daha yaxşı
nəticələrə nail olmağa əsas verir. Bu istiqamətdə
çalışmalı, təhsil sisteminin inkişafına mane olan
halların aradan qaldırılmasına nail olmalıyıq.
Azərbaycan dövlətinin təhsilin inkişafına göstərdiyi
qayğıya cavab olaraq hər birimiz üzərimizə düşən
vəzifələri daha məsuliyyətlə yerinə yetirməliyik".
Təhsil naziri orta ümumtəhsil məktəblərinin dayanıqlı
İnternetlə təmin olunması istiqamətində həyata
keçirilməsi nəzərdə tutulmuş işlər və digər zəruri
tədbirlər haqqında məlumat vermişdir. Nazir, həmçinin
məktəb idarəçiliyinin müasir tələblərə
uyğunlaşdırılması, orta ümumtəhsil məktəblərində
günüuzadılmış qruplar, müəllimlərin peşəkarlıq
səviyyəsinin artırılması, formativ qiymətləndirmə
jurnallarının dəyişdirilməsi, müəllim əməyinin
stimullaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata
keçirilməsi, müəllim nüfuzunun yüksəldilməsi,
məktəblərin maddi-texniki təchizatının yaxşılaşdırılması
məsələləri barəsində də fikirlərini söyləmişdir.
Nazir yeni tədris ilində ilk dərsin vətənpərvərlik
mövzusuna həsr olunacağını söyləmiş və təhsil
müəssisələri rəhbərlərinə bununla bağlı müvafiq
tapşırıqlarını vermişdir.
"Bilik günü" münasibəti ilə təhsil işçilərini təbrik
edən təhsil naziri yeni dərs ilində təhsil
ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən
danışmışdır.
Sonra məktəb direktorları və müəllimlər onları
maraqlandıran məsələlərdən söz açmış, müvafiq
təkliflərlə çıxış etmişlər. Nazir Mikayıl Cabbarov qeyd
olunan məsələlər barədə fikir və mülahizələrini
bildirmiş və təhsil işçiləri tərəfindən irəli sürülən
bütün uyğun təkliflərin nəzərə alınacağını
vurğulamışdır.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir
müavini Məhəmməd Bayramov "2012-2013-cü dərs ilinin
yekunları və qarşıda duran vəzifələr" mövzusunda məruzə-
təqdimatla çıxış etmişdir.
Azərbaycan təhsilinin inkişafından və uğurlarından bəhs
edən videoçarxın nümayişi konfrans iştirakçıları
tərəfindən maraqla qarşılanmışdır.
Konfransda Bakı şəhərindəki 220 nömrəli məktəb-liseyin
direktoru Almaz Əsgərova, 12 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin
direktoru Elçin Mehdizadə, Bakıdakı 98 nömrəli tam orta
məktəbin məzunu, ali məktəblərə qəbul imtahanında 700
bal toplamış Osman Müslümovun atası Məmmədhüseyn
Müslümov, 258 nömrəli tam orta məktəbin məzunu, ali
məktəblərə qəbul imtahanında 700 bal toplamış Məhəmməd
İsmayılov, 42 nömrəli tam orta məktəbin müəllimi Natəvan
Hacıyeva çıxış edərək ölkəmizdə elmin, təhsilin
inkişafına, gənclərə göstərilən dövlət qayğısından söz
açmışlar.
Konfransda Azərbaycan müəllimlərinin XIV qurultayına
nümayəndələr seçilmişdir.
Sonda konfransın qətnaməsi və iştirakçılar adından
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə müraciət qəbul olunmuşdur.
Samirə KƏRİMOVA |