Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da
Bakı Oksford məktəbinin Şəmkir filialı ilə tanış
olmuşdur.
Dövlətimizin başçısının gənc nəslin intellektual və
mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik
ruhunda tərbiyə olunması, onların innovativ ideyalarının
və yaradıcı təşəbbüslərinin reallaşdırılması haqqında
verdiyi sərəncamlara əsasən, həmçinin Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən "Təhsilə dəstək" layihəsi çərçivəsində
2010-cu ilin noyabrında Bakı Oksford məktəbinin Şəmkir
filialı fəaliyyətə başlamışdır. Hazırda məktəbdə 231
şagird təhsil alır. Məktəbin məzunları Azərbaycan
Respublikasının orta təhsil haqqında attestatı ilə
yanaşı, Kembric Universitetinin sertifikatını da əldə
edirlər. Məktəbdə tədris ingilis dilində aparılır.
Burada təhsil məktəbəqədər hazırlıq, ibtidai siniflər,
orta məktəb və yuxarı məktəb mərhələləri üzrə aparılır.
Bununla yanaşı, təhsil ocağında beynəlxalq ikiillik
"A-level" proqramları keçirilir. Bu proqramları bitirən
şagirdlər beynəlxalq imtahanlarda müsbət qiymətlər
aldıqda Britaniyanın müxtəlif universitetlərinə daxil
ola bilərlər.
Dövlətimizin başçısı Bakı Oksford məktəbinin Şəmkir
filialının yataqxanasına da baxdı.
Məlumat verildi ki, bu yataqxanada Şəmkirlə yanaşı,
Gəncə, Gədəbəy, Ağstafa, Tovuz və Qazax rayonlarından
olan uşaqlar da qalacaqlar. Bundan başqa, şagirdlərin
məktəbə rahat gediş-gəlişi üçün 5 nəqliyyat vasitəsi
vardır. Yataqxana binasının sahəsi 4 min kvadratmetrdir.
Burada 90 şagird və 9 müəllimin qalması üçün lazımi
şərait yaradılmışdır. Yataqxananın birinci və ikinci
mərtəbələri oğlanlar, üçüncü mərtəbəsi isə qızlar üçün
nəzərdə tutulmuşdur. Burada elektron kitabxana, idmanla
məşğul olmaq üçün müxtəlif qurğular, art-studiya, kino
zalı vardır. Uşaqlar gün ərzində üç dəfə yeməklə təmin
olunacaqlar. Yataqxanada xüsusi təlim almış işçi heyət
çalışacaqdır.
Prezident İlham Əliyev yaradılmış şəraitdən razılığını
bildirdi.
AzərTAc |