Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Şəmkir rayonuna
səfəri çərçivəsində sentyabrın 10-da Bakı Oksford
məktəbinin Şəmkir filialı üçün 80 yerlik Uşaq
Akademiyasının açılış mərasimində iştirak etmişdir.
Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına
cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə
əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması,
böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması
Azərbaycanda dövlət uşaq siyasətinin başlıca
prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman
dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə mühüm
layihələr həyata keçirir. Bu istiqamətdə müvafiq dövlət
proqramlarının qəbul edilməsi və həyata keçirilməsi
davamlı xarakter almışdır. Bakıda və regionlarda
körpələr evləri, uşaq bağçaları, əyləncə mərkəzləri
tikilir, internat və orta məktəblər əsaslı şəkildə
yenidən qurulur. Şəmkir şəhərində də yeni inşa olunan
Uşaq Akademiyası bu sırada uğurla davam etdirilən
islahatların məntiqi nəticəsidir.
Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən
lenti kəsdi.
Bildirildi ki, Uşaq Akademiyası Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa olunmuşdur. Binanın tikintisinə ötən
ilin mayında başlanılmış, bu ilin iyununda başa
çatdırılmışdır. Akademiyada uşaqların asudə vaxtlarının
səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır.
Xüsusi tədris proqramları əsasında fəaliyyət göstərəcək
akademiyaya uşaqlar iki yaşından qəbul ediləcəklər.
Burada uşaqlarla dünyada məşhur olan "Kiddie Academy"
tədris proqramı əsasında hazırlıq prosesi
keçiriləcəkdir. Dünyanın 65-dən çox ölkəsində tədris
olunan bu proqram aparıcı məktəbəqədər təhsil
proqramlarından biridir.
Azərbaycan Prezidenti akademiyada yaradılan şəraitlə
tanış oldu.
Binanın foyesində və otaqlarda ümummilli lider Heydər
Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara
göstərdikləri qayğını əks etdirən fotolar sərgilənir.
Burada balacaların istirahəti üçün xüsusi guşələr
yaradılmışdır. Binada uşaqların keyfiyyətli təhsili üçün
sinif otaqları, eləcə də mətbəx və yeməkxana da
balacaların zövqünə uyğun qurulmuşdur. Bundan başqa,
akademiyada dörd yataq otağı, incəsənətə maraq göstərən
uşaqlar üçün isə art-studiya vardır.
AzərTAc |