Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 11-də
Bakının Yasamal rayonundakı 53 və 21 nömrəli tam orta
ümumtəhsil məktəblərinin əsaslı təmir və yenidənqurmadan
sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və
yenidənqurma işləri 2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun
olaraq həyata keçirilir. Əsaslı təmir və yenidənqurma
işləri ilə yanaşı, ehtiyacı olan məktəblər üçün əlavə
sinif otaqlarının, yeni tədris korpuslarının, idman və
akt zallarının, yeməkxana binalarının inşası və lazımi
avadanlıqla təchiz edilməsi ardıcıl surətdə davam
etdirilir.
Əvvəlcə Prezident İlham Əliyev 53 nömrəli tam orta
məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı
vəziyyəti ilə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi. Bildirildi ki, məktəbin birinci korpusu
1961-ci ildə inşa olunmuşdur. 2008-ci ildə 360 şagird
yerlik ikinci korpus inşa edilmişdir. Hazırda məktəbdə
1780 şagird təhsil alır. Yeni dərs ili ərəfəsində
məktəbdə əsaslı təmir və yenidənqurma işləri yüksək
standartlara uyğun şəkildə həyata keçirilmişdir.
Məktəbin bütün sinif otaqları, fənn kabinetləri, şahmat
və musiqi otaqları müasir şəkildə yenidən qurulmuş və
lazımi avadanlıqla təchiz edilmişdir.
Daha sonra Prezident İlham Əliyev 21 nömrəli tam orta
məktəbdə yaradılmış şəraitlə tanış oldu.
Dövlətimizin başçısına burada görülən işlərlə bağlı
məlumat verildi. Bildirildi ki, məktəbin binası 1953-cü
ildə inşa edilmiş, ilk vaxtlar gecə məktəbi, 1958-ci
ildən 8 illik, 1976-cı ildən isə tam orta məktəb kimi
fəaliyyət göstərmişdir. Azərbaycan Prezidenti ötən il
sentyabrın 5-də 21 nömrəli məktəbdə olarkən şagird
sıxlığının aradan qaldırılması məqsədi ilə yeni korpusun
inşa olunması ilə bağlı yerindəcə göstərişlər vermişdi.
Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq 17
sinif otağından ibarət 340 şagird yerlik üçmərtəbəli
yeni korpus ən müasir standartlara uyğun şəkildə inşa
olunmuşdur. Bundan əlavə, məktəbin bütün sinif otaqları,
ayrı-ayrı fənn kabinetləri, açıq və qapalı idman
meydançaları, iclas zalı, kitabxanası, yeməkxanası, tibb
otağı əsaslı şəkildə yenidən qurulmuş və müasir
avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyev yaradılan şəraitlə yaxından tanış
oldu.
AzərTAc |