Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

13 Sentyabr 2013 - №35

 

Prezident İlham Əliyev Bərdədə məcburi köçkün ailələri üçün salınmış yeni məhəllədə uşaq bağçasında
və Ağdam rayon 1 nömrəli tam orta məktəbində yaradılmış şəraitlə tanış olmuşdur

 

Böyütmək üçün şəkili seçinAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bərdə rayonuna səfəri çərçivəsində sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olmuşdur.

Dövlətimizin başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınmışdır.

Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış oldu.

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlətin uşaq siyasətinə hər zaman dəstək verən Heydər Əliyev Fondu da bu istiqamətdə vacib layihələr həyata keçirir.

Bağça ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olundu. Həyətyanı sahədə də abadlıq tədbirləri görülmüş, uşaqlar üçün xüsusi guşələr yaradılmış, müasir işıqlandırma sistemi qurulmuşdur.

Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış oldu.

Məktəbin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsilə qayğısını və Ağdamdan olan məcburi köçkünlərlə görüşünü əks etdirən fotostendlər quraşdırılmışdır. Burada, həmçinin indiyədək istifadəyə verilən yeni qəsəbələrin fotostendləri də qurulmuşdur.

Dövlətimizin başçısı məhəllənin baş planı ilə tanış oldu.

Bildirildi ki, bu məhəllə Prezident İlham Əliyevin 2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na Azərbaycan Prezidentinin 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən əlavələrin müvafiq bəndlərinə əsasən inşa olunmuşdur. Buraya 866 ailə və ya 3900 məcburi köçkün köçürüləcəkdir. Həmin ailələrin 700-ü Ağdam, qalanları isə digər rayonlardan olan məcburi köçkünlərdir. Məhəllənin ərazisi 16 hektardır. Mənzillərin 70-i birotaqlı, 430-u ikiotaqlı, 325-i üçotaqlı, 25-i isə dördotaqlıdır. Burada klub-icma mərkəzi, tibb məntəqəsi və ATS tikilmişdir. Su, elektrik və qaz təchizatı şəbəkələri Bərdə rayonunun kommunikasiyalarına qoşulmuşdur. Yeni məhəllə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə inşa olunmuşdur. Məhəllənin tikintisinə 2012-ci ilin fevralında başlanılmış və bu ilin sentyabrında başa çatdırılmışdır.

Məktəblə tanışlıq zamanı qeyd olundu ki, yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlığı ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir. Heydər Əliyev Fondunun dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına verdiyi dəstək isə özünəməxsusluğu ilə diqqəti çəkir. 

 AzərTAc

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov