Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da
Bakının Nəsimi rayonundakı 19 və 240 nömrəli tam orta
məktəblərin əsaslı təmir və yenidənqurma işlərindən
sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Paytaxtın orta ümumtəhsil məktəblərinin əsaslı təmir və
yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq həyata
keçirilir. Təmir işləri ilə yanaşı, ehtiyacı olan mövcud
məktəblər üçün əlavə sinif otaqlarının, yeni tədris
korpuslarının, idman və akt zallarının, yeməkxana
binalarının inşası və lazımi avadanlıqla təchiz edilməsi
də həyata keçirilir. Yeni dərs ilinin başlanması
ərəfəsində dövlətimizin başçısı əsaslı şəkildə yenidən
qurulmuş məktəblərə gedir, yaradılan şəraitlə
maraqlanır.
Əvvəlcə Prezident İlham Əliyev 19 nömrəli tam orta
məktəbdə həyata keçirilən təmir və yenidənqurma işləri
ilə tanış oldu.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala
Abutalıbov görülən işlərlə bağlı dövlətimizin başçısına
məlumat verdi. Bildirildi ki, 1964-cü ildə istismara
verilən məktəbin birinci korpusu üç, ikinci korpusu isə
bir mərtəbədən ibarətdir. 2006-cı ildə şagird sıxlığını
aradan qaldırmaq məqsədi ilə 400 yerlik əlavə sinif
otaqlarından ibarət yeni korpus inşa olunmuşdur. 1600
şagird yerlik məktəbdə hazırda
1417
şagird təhsil alır. Məktəbdə bütün sinif otaqları, dörd
informatika, kimya, fizika, biologiya kabinetləri, iclas
zalı, açıq və örtülü idman meydançaları əsaslı şəkildə
yenidən qurulmuşdur. Ən müasir avadanlıqla təchiz
edilmiş məktəbin ərazisində də abadlıq və quruculuq
işləri həyata keçirilmişdir.
Sonra Prezident İlham Əliyev 240 nömrəli tam orta
məktəbdə yaradılmış şəraitlə tanış oldu. Burada
dövlətimizin başçısına görülən əsaslı təmir və
yenidənqurma işləri ilə bağlı məlumat verildi.
Bildirildi ki, məktəbin binası 1967-ci ildə istifadəyə
verilmişdir. Məktəbdə şagird sıxlığını aradan qaldırmaq
məqsədi ilə 2008-ci ildə əlavə sinif otaqları inşa
edilmişdir. 1200 şagird yerlik məktəbdə dərslər
birnövbəlidir. Dövlət Proqramına uyğun olaraq məktəbin
bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman
zalları əsaslı şəkildə yenidən qurulmuş və lazımi
avadanlıqla təchiz edilmişdir. Ən müasir işıq və istilik
sistemləri quraşdırılmış məktəbin iki hektarlıq
ərazisində də abadlıq işləri həyata keçirilmişdir.
AzərTAc |