Qafqaz Universiteti Texnoparkının həyata keçirdiyi
Türkiyədə texnopark təcrübəli proqramı (TTTP) başa
çatmışdır. Qafqaz Universitetinin mətbuat xidmətindən
aldığımız məlumata görə, sahibkarlığın inkişafına dəstək
proqramlarından olan TTTP Türkiyədə fəaliyyət göstərən
aparıcı universitetlərin texnoparklarında təşkil
olunmuşdur.
Proqramda məqsəd gənc təşəbbüskarların şirkətləşmə
istiqamətində nəzəri və praktik potensiallarının
artırılması, onların fəaliyyətdə olan təşəbbüskar
firmaların qurucuları və ya idarəçiləri ilə tanışlıq
idi. Təcrübə proqramında Qafqaz Universiteti
Texnoparkının keçirdiyi Yeni Fikir Müsabiqəsinin (YFM)
qalibləri olan ən yaxşı iş fikirlərinin müəllifləri
iştirak etmişlər. 12-31 avqust 2013-cü il tarixlərini
əhatə edən təcrübə müddətində iştirakçılar Türkiyənin
Yıldız, İstanbul, Orta Doğu texniki universitetlərinin
texnoparklarında olmuş, seminar-təlimlərdə iştirak
etmişlər. Seminarlarda Azərbaycanda və Türkiyədə
təşəbbüskarlıq imkanları müqayisəli təhlil olunmuş,
gələcəkdə əməkdaşlıq edilə biləcək istiqamətlərlə bağlı
müzakirələr aparılmışdır.
Təcrübə zamanı gənc təşəbbüskarlar texnoparklarda mövcud
olan ekosistemin imkanlarından faydalanaraq müxtəlif
şirkətlərdə praktik vərdişlər qazanmışlar. Bununla
yanaşı, TTTP iştirakçıları Fatih Universitetinə də
getmiş, bu ali məktəbin mühəndislik və digər sahələrdəki
uğurları ilə tanış olmuşlar. Azərbaycandan olan gənc
təşəbbüskarlar boş vaxtlarında İstanbul və Ankaranın
tükənməz turizm potensialından da faydalanmışlar.
Yusif ƏLİYEV |