Bir neçə gündən sonra ölkəmizin təhsil müəssisələrində
2013-2014-cü tədris ilinin başlandığını bildirən ilk
zəng çalınacaq. Qayğısız, mənalı keçən yay tətili
günlərində öz məktəbləri, müəllimləri üçün darıxmış
yüz minlərlə uşaq, yeniyetmə və gənci doğma təhsil
ocaqları yenidən öz qoynuna alacaqlar.
Ancaq o gün hamıdan çox sevinən, yəqin ki, bu il ilk
dəfə əlinə çanta götürüb məktəbə gedən altıyaşlılar
olacaq. Axı onlar bu günü çoxdan səbirsizliklə
gözləyirlər. Altıyaşlılardan bir qrupu bu il məktəbə
paytaxtımızdakı 252 nömrəli körpələr evi-uşaq
bağçasından gedəcək. Bu günlərdə bağçada onlar üçün
"Əlvida, bağça!" adlı maraqlı, yaddaqalan yolasalma
mərasimi keçirilmişdir.
Mərasimi orta yaş qrupunun tərbiyəçisi Zənurə Eyvazova
açaraq hamı üçün bayrama çevrilən bu əlamətdar gün
münasibəti ilə bağçanın məzunlarını, onların
valideynlərini təbrik etmişdir. Uşaqların bu münasibətlə
maraqlı proqram hazırladıqlarını deyən tərbiyəçi hamını
həmin proqrama baxmağa dəvət etdikdən sonra sözü
bağçanın müdiri Elmira Bayramovaya vermişdir.
E.Bayramova tədbir iştirakçılarını səmimiyyətlə
salamlamış, altıyaşlıları məktəbə getmələri münasibəti
ilə təbrik etmiş, bağçada yaxşı hazırlıq keçmiş
uşaqların məktəbdə də yaxşı oxuyacaqlarına əminliyini
bildirmişdir. Son illər müəssisələrinin paytaxtın
nümunəvi uşaq bağçalarından biri kimi tanındığını
söyləyən E.Bayramova bu işdə zəhməti çox olan
tərbiyəçilərdən Zənurə Eyvazovanın, Maya
Qayıbalıyevanın, Gülnarə Hacıyevanın, Aybəniz
Mustafayevanın, Sücayət Abışovanın, Təranə Rzayevanın,
Nargilə Qəhrəmanovanın, ingilis dili müəllimi Xoşbəxt
Adıgözəlovanın və başqalarının adlarını qeyd etmişdir.
Sonra sıra ilə zala daxil olan orta yaş qrupunun
uşaqları Dövlət himnini ifa etmişlər. Mərasimin
aparıcısı zala toplaşanları şeirlərlə salamlamışdır.
Balaca Aysunun ifa etdiyi "Üçrəngli bayraq" şeiri
alqışlarla qarşılanmışdır. Uşaq xorunun ifasında
səslənən "Azərbaycan" mahnısı da hamının xoşuna
gəlmişdir. Nuray, Fatimə, Xədicə, Qumru, Rəşid və
Elcanın vətənpərvərlik, torpağa bağlılıq, valideynlərə,
müəllimlərə sevgi mövzusunda, eləcə də məktəb,
təhsilin əhəmiyyəti haqqında söylədikləri şeirlər,
ifa etdikləri mahnı və rəqslər mərasim iştirakçılarında
xoş ovqat yaratmışdır. Sonra uşaqlar bilgi dairələrinin
genişliyini, məktəbə hazırlıq səviyyələrini nümayiş
etdirmişlər. Belə ki, Dövlət bayrağımızın rəngləri,
gerbimizin mənası, bizi əhatə edən mühit haqqında
tərbiyəçilərin onlara verdikləri sualları ətraflı
cavablandırmış və məktəb təliminə hazır olduqlarını
sübut etmişlər.
Tədbirin sonunda bağçanın kollektivi adından uşaqlara
hədiyyələr təqdim olunmuşdur.
Yusif ƏLİYEV |