Bu yaxınlarda Yunanıstanın paytaxtı Afinada 23-cü
Ümumdünya Fəlsəfə Konqresi keçirilmişdir. Fəlsəfə üzrə
fəlsəfə doktoru, əməkdar müəllim, Astara Pedaqoji
Kollecinin direktoru, dosent Əlihəsən Həmzəyev
konqresdə iştirak edərək dünya filosofları qarşısında
çıxış etmişdir.
Beynəlxalq konqresdən qayıdan Əlihəsən müəllimdən Afina
səfəri haqqında fikirlərini bizimlə bölüşməyi xahiş
etdik:
"Beynəlxalq Fəlsəfə Federasiyası tərəfindən hər beş
ildən bir Ümumdünya Fəlsəfə Konqresi keçirilir. Bu il
23-cü dəfə keçirilən konqresə dünyanın müxtəlif
ölkələrindən görkəmli filosoflar dəvət edilmişdi. Mən
ikinci dəfədir ki, Afinada keçirilən mötəbər elmi
konqresə dəvət olunmuşam. 2010-cu ildə keçirilən
Ümumdünya Fəlsəfə Forumunda iştirak edərək orada elmi
məruzə ilə çıxış etmişəm.
Avqustun 4-dən 10-na qədər davam edən konqresin açılış
mərasimində dünya şöhrətli Afina orkestri konsert verdi.
Konqres Afina şəhərində Zoqrafos Universitet
şəhərciyində, Afina Milli Kapodistr Universitetinin
Fəlsəfə Məktəbində keçirildi. Müəllifi olduğum
"Qloballaşmanın innovasiyalar fonunda sosio-mədəni
prosesinin şərhi" mövzusundakı elmi məqaləm konqresin
"İnkişafın fəlsəfəsi" tematik bölməsində çıxış üçün
qəbul olunmuşdu. Müasir dünyada müxtəlif səviyyəli və
müxtəlif həcmli proseslər baş verir. Bu proseslərin
arasında modernləşmə və qlobalizasiya ümumplanetar
inkişafın əsas istiqamətləri kimi seçilir. Modernizasiya
- ənənəvi cəmiyyətdən müasir cəmiyyətə keçid deməkdir.
Qlobalizasiya modernizasiya tərəfindən yaradılır.
Modernizasiya yox olduqda və ya dayandıqda qlobalizasiya
da yox olur və yaxud dayanır. Məqalədə bu fikirlər və
eləcə də qlobalizasiyanın sosio-mədəni şərhi innovasiya
nöqteyi-nəzərindən daha da aydın şəkildə izah
edilmişdir. Qeyd edim ki, konqresdə həmçinin
Azərbaycanın görkəmli alimi, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru,
professor Səlahəddin Xəlilov da iştirak edirdi.
Milli ornamentli xalçanı, Azərbaycan Respublikasının
dövlət rəmzləri əks olunan və Qız qalasının təsviri olan
xatirə qovluğunu konqresin Yunanıstan üzrə Təşkilat
Komitəsinin prezidenti, professor Konstantinos Budurisə
təqdim etdim. Çox maraqlı və yaddaqalan görüşlər oldu.
Xeyli xarici alimlə həmsöhbət oldum. Hər söhbətimizdə
onlara Qarabağ problemi və qarşıdan gələn prezident
seçkiləri barədə geniş və əhatəli məlumatlar verdim.
Əsas o fikir vurğulandı ki, Qarabağ əzəli Azərbaycan
torpağıdır və ətraf rayonlarla birgə azğın ermənilər
tərəfindən işğal olunub. Beynəlxalq aləm bu barədə öz
qəti sözünü deməlidir".
Azad ABDULLAYEV |