Orta ümumtəhsil məktəb fənlərinin hər birinin
özünəməxsus anlayışları vardır ki, müəllim onları
şagirdlərə müxtəlif üsul və metodlarla öyrədir.
Biologiyanın tədrisində bioloji, sitoloji, fizioloji,
histoloji, anatomik, tibbi-gigiyenik, morfoloji, təkamül
və digər anlayışların şagirdlərə öyrədilməsi tələb
olunur. Biologiya fənninin tədrisində öyrədilməsi
nisbətən çətin olan anlayışlar təkamül anlayışlarıdır.
Təkamül anlayışları biologiya kursları üzrə sadədən
mürəkkəbə ardıcıllığı ilə hər bir kursda onun məzmununa
uyğun verilir.
Bitkilər kursunun tədrisində bitkilərin mənşəyi,
inkişafı, bitki qrupları üzrə onların təkamülü, həyat
şəraitinə uyğunlaşması, bitki qruplaşmaları, onların
birgəyaşayışı, nəsli kəsilən, kəsilməkdə olan növlər,
onların qorunması məsələlərinin öyrədilməsi nəzərdə
tutulur.
Zoologiyanın tədrisində də təkamül anlayışlarının
öyrədilməsi imkanları mövcuddur. Burada heyvanların
təsnifat üzrə sadədən mürəkkəbə doğru xüsusiyyətləri
verilir. Onların həyat tərzi, xarici və daxili quruluşu,
çoxalma və inkişafı, qorunması məsələləri öyrədildikdən
sonra heyvanlar aləminin təkamülü izah edilir. Burada
hər bir heyvan qrupunun mənşəyinə, təkamülünə dair
material öz əksini tapır. Heyvanların təkamülündə keçid
formalar göstərilir və onların inkişafı,
birhüceyrəlilərin koloniya formalara, onların da
çoxhüceyrəlilərə, bağırsaqboşluqların qurdlara, onların
isə buğumayaqlılara, xordalılara başlanğıc verməsi
faktlarla göstərilir. Xordalı heyvanların inkişafında
neştərçənin təkamüldə rolu, balıqların, onlardan quru
heyvanlarının, suda-quruda yaşayanların, sürünənlərin,
quşlar və məməlilərin inkişaf xüsusiyyətləri misallarla
aydınlaşdırılır.
Ayrı-ayrı mövzuların tədrisində öyrədilən təkamül
anlayışları "Heyvanlar aləminin təkamülü" bəhsinin
tədrisində ümumiləşdirilir və möhkəmləndirilir. Bəhsin
mövzuları üzrə heyvanlar aləminin təkamülünün səbəbləri,
onun dəlilləri, onurğasız və onurğalı heyvanların
təkamülü izah edilir. Heyvanlar aləminin təkamülünün
səbəbləri və dəlilləri misallarla aydınlaşdırılır,
canlıların təkamülünün hərəkətverici qüvvələri:
irsiyyət, dəyişkənlik və seçmə prosesləri göstərilir.
Heyvanlarla canlılar və mühitin əlverişsiz şəraiti
arasında gedən yaşamaq uğrunda mübarizə izah edilir.
Heyvanlar aləminin təkamülünü əsaslandıran paleontoloji,
embrioloji, müqayisəli anatomik dəlillərə istinad
olunur.
Təkamül anlayışlarının öyrədilməsində fəal təlim
metodlarının tətbiqi müsbət nəticə verir, biliklərin
mənimsənilməsini və yaddaşda möhkəmlənməsini
yaxşılaşdırır, müqayisə priyomundan istifadə etməklə
müəllim Venn diaqramının tətbiqinə üstünlük verir. O,
onurğasız və onurğalı heyvanların təkamülünü tədris
edərkən VII sinifdə öyrədilmiş heyvanların
xüsusiyyətlərini yada salır. "Heyvan növlərinin sadədən
mürəkkəbə doğru sayılması" fəallaşmasını aparır.
Məsələn, amöb, evqlena, infuzor, süngər, hidra və s.
Tədqiqat üçün "Heyvanlar sadədən mürəkkəbə doğru necə
inkişaf etmişlər" sualını verir.
Şagirdləri cütlərə ayırır və tədqiqata cəlb edir. Hər
cütlüyə iki heyvanın şəkli olan kartlar paylayır.
Kartların hər birində quruluşuna görə bir-birinə yaxın 2
heyvanın adı və ya şəkli verilir. Kartda şəkli verilmiş
heyvanların oxşar və fərqli cəhətlərinin müəyyən
edilməsi tapşırılır. Şagirdlər onları müqayisə edir,
oxşar və fərqli əlamətlərini tapırlar. Bunun üçün Venn
diaqramından istifadə edilməlidir.
Tapşırıqlar aşağıdakı kimi tərtib olunur.
Tapşırıq 1. Şəkildə verilmiş amöb və evqlenanın
əlamətlərini yazın, onları müqayisə edin. Evqlenanın
üstün cəhətlərini göstərin. Tapşırığı Venn diaqramı üzrə
işləyin.
Cütlüklər üzrə tapşırıqdakı heyvanlar ardıcıllıqla
dəyişdirilir. 2-ci cütlüyə "Evqlena-Volvoks", 3-cüyə
"Volvoks-İnfuzor tərlik", 4-cüyə "İnfuzor tərlik-Hidra"
və s. Beləliklə, onurğasız heyvanların bir-biri ilə
müqayisəsi verilir və onların digərindən üstün cəhətləri
aydınlaşdırılır. Tapşırıqları yerinə yetirən şagirdlər
aldıqları nəticələri təqdim edir və ümumi nəticə
çıxarırlar. Onlara aydın olur ki, təsnifatda hər heyvan
özündən əvvəl gələn heyvandan hansısa əlamətinə görə
üstünlüyə malikdir. Müəllim bunun səbəbini onların
yaşadığı mühitin amillərinə uyğunlaşması, təkamülü ilə
əlaqələndirir.
Tapşırığın yerinə yetirilməsində informasiya mübadiləsi
aparılır. Şagirdlər kartda adları yazılmış heyvanlara
dair materiallara baxır, onların şəkillərini müşahidə
edirlər. Müəllim ekranda elektron diskin təkamüllə bağlı
materialını səsləndirir.
Biliklərin tətbiqi mərhələsində müəllim şagirdləri 4
qrupa bölür. Onlara işçi vərəqləri üzrə tapşırıqlar
verir. Hər işçi vərəqində daxil olduğu tip və sinif
göstərilməklə bir qrup heyvan növünün çoxalma
formalarının (cinsi, qeyri-cinsi) müəyyənləşdirilib
müvafiq cədvəldə qeyd olunması tələb olunur.
Qruplar tapşırığı yerinə yetirir, nəticələri təqdim
edirlər.
Dərsin sonunda şagirdlərin fəaliyyəti ümumiləşdirilir və
nəticə çıxarılır:
*
Heyvanlar sadədən mürəkkəbə doğru daim inkişafda olmuş
və indi də inkişafları davam edir.
*
Canlıların, o cümlədən heyvanların inkişafının əsas
səbəbləri dəyişkənlik, yeni əlamətlərin qazanılması,
irsiyyət - əlamətlərin nəslə ötürülməsi, seçmə
prosesidir.
*
Heyvanlar yaşayış uğrunda daim mübarizə aparır və təbii
seçməyə məruz qalırlar.
*
Təkamülü müqayisəli anatomiya, paleontoloji tapıntılar,
embriologiya elmləri öyrənir və sübuta yetirir.
*
Heyvanlar təkamül nəticəsində formalaşmış, hazırkı
sistematikada müvafiq yerlərini tutmuşlar.
Sonda müəllim şagirdlərin fəaliyyətini qiymətləndirir
və heyvanların təkamül ağacını işləməyi tapşırır.
Biologiyanın tədrisində şagirdlərə təkamül
anlayışlarının öyrədilməsi təlimin keyfiyyətini
yüksəldir, şagirdlərin biliklərini zənginləşdirir.
Təkamül anlayışlarının öyrədilməsində fəal təlim
metodlarından, İKT-dən istifadə edilməsi onun
mənimsənilməsini yaxşılaşdırır. Problemin həllində
şagirdlərə müstəqillik verilməsi, onların yaradıcı
fəaliyyətə cəlb edilməsi müsbət nəticə verir.
Sahilə ƏLİYEVA,
Bakıdakı 44 nömrəli tam orta məktəbin biologiya-kimya
müəllimi |