Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

İmişli rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı

 

Sentyabrın 2-də İmişli rayonunda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir. Konfransda rayon təhsil işçiləri ilə birgə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Təhsil Nazirliyinin və Təhsil Problemləri İnstitutunun nümayəndələri, rayonun idarə, müəssisə rəhbərləri iştirak etmişlər.

Öncə iştirakçılar rayon mərkəzində ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül dəstələri qoymuşlar.

Tədbiri giriş sözü ilə açan İmişli Rayon Təhsil Şöbəsinin müdiri, əməkdar müəllim Ramiz Əmirov "2012-2013-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Qeyd edilmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil sahəsində islahatlar bu gün ulu öndərin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dünyada siyasi cəhətdən ən stabil ölkələr sırasına çıxmış, iqtisadi inkişaf sürətinə görə lider ölkəyə çevrilmiş və nəhayət, ölkəmizdə təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılmışdır. 

Bildirilmişdir ki, hazırda rayonda 63 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə 15 min 500-ə qədər şagirdin təlim-tərbiyəsi ilə 1545 müəllim məşğul olur. Ötən dərs ilində qazanılan bir çox uğurlardan söz açan R.Əmirov nəzərə çatdırmışdır ki, respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə bir nəfər - Nurulu kənd tam orta məktəbinin direktoru Bəşir Məmmədov "Əməkdar müəllim" fəxri adına layiq görülmüş, şəhər 1 nömrəli məktəb-liseyin müəllimi Rahilə Şükürova və rayon təhsil şöbəsi metodkabinetinin direktoru Sevdimalı Hüseynov isə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilmişlər.

Qeyd edilmişdir ki, ötən tədris ili ərzində  rayon təhsil şöbəsi tərəfindən  təhsilin səviyyəsini daha da yüksəltmək, pedaqoji kollektivlərə  kömək etmək üçün məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin vəziyyətini öyrənmək məqsədilə monitorinq və reydlər təşkil edilmiş, müşahidə olunan nöqsanların vaxtında aradan qaldırılması istiqamətində işlər aparılmışdır. Tədris ili ərzində əmək intizamı, şagirdlərin məktəbə gündəlik davamiyyətinin yüksək olması diqqət mərkəzində saxlanılmış, məktəblərdə müəllimlərin müxtəlif ixtisaslar üzrə "açıq dərs"lərinin dinlənilməsi təşkil olunaraq onlara  müvafiq təklif və məsləhətlər verilmişdir.

R.Əmirov qeyd etmişdir ki, Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 2013-2014-cü tədris ilində İmişli rayonu üzrə ümumtəhsil məktəblərinin ibtidai və V-VI  siniflərində dərs deyəcək və indiyədək təlimlərdən keçməyən müəllimlər üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə  ciddi hazırlıq işləri görülmüşdür. Qazanılan uğurlardan danışan şöbə müdiri bildirmişdir ki, 2013-cü ildə rayon üzrə respublikanın dövlət və özəl ali təhsil müəssisələrinə 263 nəfər qəbul olunmuşdur ki, onların da 205 nəfəri tam orta məktəbləri 2012-2013-cü dərs ilində bitirən məzunlardır. Ali məktəbə qəbul olanlardan 8 nəfəri 600-dən yuxarı bal toplamışdır. 

Sonra məruzə ətrafında təhsil işçilərinin çıxışları dinlənilmişdir.

Tədbirdə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin  başçısı Vilyam Hacıyev konfrans iştirakçılarını yeni dərs ilinin başlanması münasibətilə təbrik etmiş, qarşıda duran vəzifələrdən söz açmışdır.

Konfransda rayondan  bu il ali məktəblərə  yüksək balla qəbul olunmuş məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov