"British Council" və Təhsil Nazirliyi tərəfindən birgə
həyata keçirilən "İngilis dilinin intensiv tədrisi"
layihəsi çərçivəsində sentyabrın 2-dən Bakı şəhəri,
eləcə də respublikanın 16 şəhər və rayonunun 50 pilot
məktəbində 520 nəfər ingilis dili müəllimi cəlb
edilməklə təlimlərə başlanmışdır. Təlimlər sentyabrın
14-dək davam edəcəkdir.
Layihənin məqsədi "XXI əsr üçün müəllim proqramı"
çərçivəsində müasir metodologiya və texnologiyalar
təqdim etməklə ingilis dilinin tədrisinin
təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsidir.
Layihənın həyata keçirilməsinə 2008-ci ildən başlanmış
və hazırda altıncı mərhələyə çatmışdır.
Keçirilən təlimlər ingilis dili müəllimlərinin müasir
təlim texnologiyalarının tətbiqi üzrə
kompetensiyalarının artırılması, şagirdlərin dili
mənimsəmə prosesinə fəallıqla cəlb olunması sahəsində
beynəlxalq təcrübəyə uyğun səmərəli fəaliyyət planının
tərtib olunmasına yönəldilmişdir.
Təlim proqramı müəllimlərin ehtiyaclarına uyğun məzmunda
tərtib edilərək həm yerli, həm də xarici təlimçilər
tərəfindən həyata keçirilir.
Təlim sessiyaları sinfin effektiv idarə edilməsi, dərsin
planlaşdırılması, şagirdlərin oxuya həvəsləndirilməsi,
yazılı çalışmaların maraqlı tərtibi, şagirdlərdə yeni
sözlərdən istifadə etmək və onları yadda saxlamaq
bacarığının formalaşdırılması, müəllimlərin
fəaliyyətinin müşahidə edilməsi və qiymətləndirilməsi,
mənimsənilən yeni texnologiyalar əsasında qısa
təqdimatların hazırlanıb nümayiş etdirilməsi kimi zəruri
fəaliyyətləri də əhatə edir.
Təlimin sonunda iştirakçılara müvafiq sertifikatların
təqdim olunması nəzərdə tutulmuşdur.
Hicran ƏKBƏROVA |