Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Azərbaycanlı alim Rusiya Təhsil Akademiyasının üzvü seçilmişdir

 

Bu günlərdə Azərbaycan pedaqoji ictimaiyyəti Rusiya Federasiyasının paytaxtı Moskvadan şad bir xəbər almışdır. Elmi-pedaqoji sahədə səmərəli və yaradıcı fəaliyyətinə, pedaqoji kadr hazırlığı istiqamətində uğurlu nailiyyətlərinə və respublikada milli pedaqoji ideyaların təbliğində xidmətlərinə görə Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının müdiri, Prezident təqaüdçüsü, əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov Rusiya Təhsil Akademiyasının Azərbaycan Respublikası üzrə xarici üzvü seçilmişdir.

Məhz bu xoş xəbərin sorağı ilə indi Nurəddin müəllimi təbrik edənlərin sayı olduqca çoxdur.

Adına, ünvanına gələn teleqramlar, haqqında yazılan ən şirin, lətif sözlər birmənalı olaraq qədirbilən xalqımızın onun halal əməyinə, zəhmətdən  yoğrulan  ömrünə verdiyi duyğusallığın, səmimi münasibətin nəticəsidir.

Mən də onun sonsuz sayda pərəstişkarlarından biri kimi Nurəddin müəllimi təbrik etmək və haqqında yazı hazırlamaq üçün isti yay günlərinin birində yaşadığı ünvana yollandım.

Nurəddin müəllimlə görüşdə təbii ki, ilk sözlərim aldığı adın elmi-pedaqoji ictimaiyyət arasında böyük sevincə səbəb olmasını bildirməyimlə bağlı oldu.

Çalışdığı kollektivin üzvləri, onu tanıyanlar yaxşı bilirlər ki, professor Nurəddin Kazımov halal adamdır. Sərt xarakterə malik olsa da ünsiyyət zamanı hər kəslə mülayim rəftar etməyi bacarır. Fəaliyyətində isə ədalətliliyi, işgüzarlığı, obyektivliyi bir qayda olaraq yaradıcı prinsip kimi qoruyub saxlayır.

Bu cür həyati yaşantıları o öz hisslərinə uyğun ailə sferasına da hopdurub.

Onun nəcib, munis keyfiyyətlərindən süzülüb gələn həssaslığı, dəqiqliyi, comərdliyi, saflığı nə qədər önəmlidirsə, təbiətində olan barışmazlıq halları - haqsızlığa qarşı üsyankarlıq, namərdliyə qarşı döyüşkənlik, iradəsizliyə qarşı hökmlü tələb vermək səyi bir o qədər ciddi və yenilməzdir.

Sözlərinə də elə bu əsasdan başlayaraq özü haqqında yalnız bunları dedi: "Vidadi, (o, adətən bu təriqlə mənə müraciət edir)  biz bir-birimizi yaxşı tanıyan adamlarıq. Ürəyində, qəlbində mənim haqqımda keçən hisslərin necədirsə, öz ağıl qüvvələrinə güvənib, bax, eləcə də yaz. Necə deyərlər "yağı-yağ, ayranı-ayranlıq" kimi. Tərəfkeşlik etmə. Amma haqqı, ədaləti də danma".

Sonra o, mənə qara rəngli bir qovluq təqdim edib: "Bax ömür-gün yolumun başlıca fəzilətləri bu mücrüdədir", - dedi və əlavə etdi: "Oradan  müəyyən məlumatlar əldə edə bilərsən...".

Mən təmkinlə, tələsmədən qovluğun içindəkiləri nəzərdən keçirmək istəyirdim ki, o, sağ əlini mənə tərəf uzadıb, "Sonra baxarsan, indi isə gəl sərin bulaq suyundan doyunca iç və şirin kənd qovununun da bir balaca dadına bax", - dedi.

Mən ona təşəkkür edib evə döndüm. Haqqında yazdığım şəxsiyyətin həyat və yaradıcılıq biblioqrafiyasını göz önünə gətirdim. Onun insan və insanlıqla bağlı fəzil keyfiyyətlərini xatırladım. Keçirdiyimiz neçə-neçə illərin arxasında qalan dostluq nişanələrini  yada saldım, böyük tədbirlər silsiləsində, simpozium və kollegiya müsamirələrində dəfələrlə birgə çıxışlarımızın üst-üstə düşən mətləblərini xatirəmdə çözələdim.

Həm real tarixi məqamlarda, həm də xatirələr işığında onun yaradıcılıq palitrasının nə qədər geniş və harmonik  bir məzmun kəsb etdiyinin bir daha şahidi oldum...

...Kazımov Nurəddin Mustafa oğlu 1926-cı ildə Gəncədə anadan olmuşdur. Elə bu qədim Azərbaycan şəhərində orta təhsil almış, Azərbaycan Dövlət Universitetinin fəlsəfə fakültəsinə daxil olmuş (1945), III kursdan Leninqrad (indiki Sankt-Peterburq) Universitetinə köçürülmüş (1947), oranı bitirdikdən sonra Azərbaycan Müəllimlər İnstitutunda, Bakı Vilayət Maarif şöbəsində, Maarif Nazirliyində çalışmışdır (1950-1953). Əyani aspirantura təhsili aldıqdan (1953-1956) sonra irəli çəkilərək Azərbaycan DETPİ-də direktor müavini (1957-1973), direktor (1973-1976), APİ-də elmi işlər üzrə prorektor vəzifələrində işləmişdir (1976-1982). 1984-cü ildən  ADU-nun pedaqogika kafedrasının müdiridir.

N.Kazımov pedaqogikanın mövzusuna, məqsədinə, vəzifələrinə, tədqiqat sahələrinə, təlim-tərbiyə və təhsil kateqoriyalarının mahiyyətinə, onların qarşılıqlı əlaqəsinə, pedaqoji prosesin anlayışlarına, qanunauyğunluqlarına, qanunlarına, prinsiplərinə, mərhələlərinə, üsullarına, şəxsiyyətin formalaşmasına, tərbiyə komponentlərinə  (ağıl tərbiyəsi) və digər məsələlərə dair irəli sürdüyü yenilikləri respublikada ilk dəfə olaraq hazırladığı "Məktəb pedaqogikası" (Bakı, "Çaşıoğlu", 2002), "Ali məktəb pedaqogikası" (Bakı, "Ağrıdağ", 1999) və bir çox digər əsərlərində respublika və dünya ictimaiyyətinə təqdim etmişdir.

Son illərdə onun qaynar elmi fəaliyyətinin məhsulları olan " Mərhələli tərbiyə nəzəriyyəsi" (Bakı, "Əlfərül", 2007), "Tətbiqi pedaqogika" (Bakı, "Çaşıoğlu", 2010), "Pedaqoji ustalığın problemləri" (Bakı, "Çaşıoğlu", 2011) dərslikləri və bunlara aid tədris proqramları, ümumilikdə isə 16 cilddə nəşr olunmuş "Seçilmiş əsərləri" (Bakı, "Çaşıoğlu", 2011) külliyyatı hazırlanıb geniş oxucu kütləsinin ixtiyarına verilmişdir.

N.Kazımovun orta ümumtəhsil məktəblərinin III, IV sinifləri üçün "Ana dili" (1970-2003) və "Oxu"  (1970-2005) dərslikləri, "Məktəbdə müqayisə üzərində işin nəzəriyyəsi və təcrübəsi" (1970), "Tərbiyənin elmi pedaqoji əsasları" (1983) adlı monoqrafiyaları orijinallığı ilə fərqlənir.

Azərbaycan Respublikasının dövlət müstəqilliyi şəraitində əldə olunmuş mütərəqqi milli pedaqoji ideyaları ümumiləşdirən və birgə kollektiv əməyin məhsulu olacaq "Milli pedaqogikanın elmi yenilikləri" adlı fundamental tədqiqat işi də növbəti tədris ilində işıq üzü görməlidir.

Altmış illik zəngin pedaqoji fəaliyyəti dövründə 120-yə qədər elmi konfransda məruzəçi olan, 35-ə  qədər aspirant, dissertant və doktoranta elmi rəhbərlik edən N.Kazımov bir ictimai xadim kimi 1972-ci ildən Azərbaycan Pedaqoji Cəmiyyətinin sədri, Azərbaycanda pedaqoji və psixoloji tədqiqatları əlaqələndirmə şurasının sədri (1970-1976), Maarif və Xalq Təhsili  nazirliklərində pedaqogika və psixologiya üzrə Elmi-Metodik Şuranın sədri və digər ictimai vəzifələr aparmışdır.

N.Kazımov 10 il Tbilisi şəhərində pedaqoji elmlər doktoru alimlik dərəcəsi almaq üçün Regional ixtisaslaşdırılmış müdafiə şurasının, Azərbaycanda Ali Attestasiya Komissiyası yaranandan sonra isə pedaqogika və psixologiya elmləri üzrə ekspert şurasının üzvü olmuşdur.

2011-ci ildə Naxçıvan Dövlət Universitetinin nəzdində alimlik dərəcəsi almaq üçün nəzərdə tutulmuş ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi üzrə ixtisaslaşdırılmış müdafiə şurasının üzvü seçilmişdir.

Hazırda bu gün uğurla fəaliyyət göstərən "Milli pedaqogika məktəbi" jurnalının baş məsləhətçisi, "Azərbaycan məktəbi" jurnalı redaksiya heyətinin üzvüdür. O, 1960-cı ildə "Qabaqcıl maarif xadimi", 1971-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif olunmuşdur.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti respublikada elmin inkişafında və yüksək ixtisaslı kadrlar hazırlanmasında xidmətlərinə görə Kazımov Nurəddin Mustafa oğluna 1990-cı ildə 1 fevral tarixli fərmanla "Azərbaycan SSR əməkdar  elm xadimi" fəxri adı vermişdir.

Azərbaycan Müəllimlərinin Yaradıcı İttifaqının idarə heyətinin 25 aprel 1996-cı il tarixli qərarı ilə Nurəddin Kazımov məktəbdə təlim-tərbiyə prosesinin yenilənməsi sahəsində səmərəli praktik və elmi nailiyyətlər qazandığına görə akademik M.Mehdizadə mükafatı laureatı adına layiq görülmüşdür.

"Milli pedaqogika məktəbi" jurnalının baş redaktoru və təsisçisi, pedaqoji elmlər doktoru, professor Fərahim Sadıqov yazır: "Müstəqillik qazandığımız ilk illərdən 50-dən artıq elmi məqaləsi, "Milli pedaqogika yollarında", "Pedaqogika", "Ali məktəb pedaqogikası", "Məktəb pedaqogikası sxemlərdə" adlı tədris vəsaiti ilə təhsil islahatlarının gedişinə əvəzsiz xidmətlər göstərən pedaqoji elmlər doktoru, əməkdar elm xadimi, professor, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Nurəddin Kazımov ilk dəfə olaraq pedaqoji elmin kateqoriyalarını düzgün müəyyənləşdirməyə müyəssər olmuşdur".

Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin tədqiqat hüdudları intəhasızdır.

Pedaqogikanın bütün sahələrini əhatə edən 500-ə qədər irili-xırdalı əsərin müəllifidir. Onu respublika  pedaqoq-alimlərinin ağsaqqalı kimi dəyərləndirirlər.

Nurəddin müəllimin bu ada layiq görülməsi bizi çox sevindirdi. Bu barədə daha aydın və yapışıqlı fikir söyləyən də məhz elə ağsaqqal pedaqoqlarımızdan olan akademik Hüseyn Əhmədovdur. O, professor Nurəddin Kazımov haqqında öz mövqeyini belə bildirir: "Nurəddin Kazımov Azərbaycan pedaqoji elminin ağsaqqallarından biri deyil, məhz, ağsaqqalıdır".

Bu gün ömrünün müdrik, yaşının ixtiyar çağında da Azərbaycanın müstəqilliyini, demokratiyanı alqışlayan, Azərbaycan elmini həm ölkəmizdə, həm də xaricdə layiqincə təmsil edən professor Nurəddin Mustafa oğlu Kazımov xalqımızın fəxr etdiyi nadir ziyalılarımızdan biridir. 

Vidadi BƏŞİROV,
ADU-nun pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov