Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Beynəlxalq təhsil xəbərləri

 

Amerikanın ən nüfuzlu ali məktəblərinin siyahısı açıqlanmışdır

Amerika Dövlət Departamentinin Beynəlxalq İnformasiyalar Bürosu ölkənin ən nüfuzlu ali məktəblərinin siyahısını dərc etmişdir.

Siyahı tərtib olunarkən  xarici ölkələrdən olan tələbələrin Amerikanın daha çox hansı universitetlərinə üstünlük verməsi də nəzərə alınmışdır.  Ölkənin ən nüfuzlu 5 ali məktəbi bunlardır:

1.Cənubi Kaliforniya Universiteti. Bu ali məktəb dünyanın ən aparıcı tədqiqat mərkəzlərindən hesab olunur. Burada daha çox xarici ölkə vətəndaşları təhsil alırlar.

2. Kolumbiya Universiteti. Bu ali məktəb Amerikanın ən qədim universitetləri sırasında 5-cidir.

3. Nyu-York Universiteti. Bu təhsil ocağının dünyanın 25-dən artıq ölkəsində fakültə və kollecləri mövcuddur.  Təəccüblü deyildir ki, bu universitet xarici tələbələr arasında daha çox populyardır.

4. Urbana və Şampeyndə İllinoys ştat Universiteti. Bu ali məktəbin kampusu əlillər və məhdud qabiliyyətli tələbələr üçün daha geniş imkanlara malikdir.

5. Miçiqan Universiteti. Bu ali məktəbdə xarici tələbələri ən çox cəlb edən kommersiya müəssisələrinin idarəolunması proqramı ilə bağlıdır.

Bütövlükdə Amerika ali məktəblərində 760 min əcnəbi tələbə təhsil alır. Onların arasında Çindən olan tələbələr daha çoxdur. Daha sonra Hindistan, Cənubi Koreya və digər ölkələrdən olan tələbələr üstünlük təşkil edir.  "Forbes" jurnalı isə ölkənin 10 ən nüfuzlu universitetinin siyahısına aşağıdakıları aid etmişdir.

1. Stenford Universiteti, Kaliforniya

2. Pomona Kolleci, Kaliforniya

3. Prinston Universiteti, Nyu-Cersi

4. Yel Universiteti, Konnektikut

5. Kolumbiya Universiteti, Nyu-York

6. Suortmor Kolleci, Pensilvaniya

7. ABŞ Hərbi Akademiyası, Nyu-York

8. Harvard Universiteti, Massaçusets

9. Uilyam Kolleci, Massaçusets

10. Massaçusets Texnologiya İnstitutu.


Tacikistanda müəllim çatışmazlığı kəskin həddə çatmışdır

Tacikistanda yeni tədris ili başlanmışdır. Bilik günü münasibətilə paytaxtda  keçirilən tədbirdə çıxış edən Tacikistan prezidenti Emomali Rəhmon ölkənin pedaqoji işçilərini yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək  təhsil sistemindəki mövcud problemlərin həlli məsələsinə toxunmuşdur. Prezident əmin olduğunu bildirmişdir ki, yeni dərs ilində təhsil sahəsində bu vaxta kimi həll olunmamış bir çox məsələlər öz həllini tapmalıdır. Dövlət başçısı məktəblərdə kadrlar məsələsinin həlli üçün təxirəsalınmaz  tədbirlərin görülməsi barədə danışmışdr. Onun sözlərinə görə, məktəblərdə müəllim çatışmazlığı kəskin həddə çatmışdır. 

 Hazırda Tacikistanda 1500-ə yaxın rus və ingilis dili, fizika və kimya müəllimlərinə ehtiyac vardır. Bu problemi həll etmək üçün Tacikistan hökuməti gənc mütəxəssislər üçün güzəştlər sistemi hazırlamışdır. Tədbirlərə müvafiq olaraq bundan sonra pedaqoji ali məktəblərin məzunları orduya çağırılmayacaq.  Universitet təhsilini başa vuran məzunlara ev tikintisi üçün torpaq sahəsi ayrılır.


Britaniyalı şagirdlər riyaziyyatı məcburi qaydada öyrənməli olacaqlar

Bundan sonra britaniyalı şagirdlər məktəb təhsilini başa vurduqdan sonra 18 yaşları tamam olana qədər icbari qaydada riyaziyyat fənnini öyrənməli olacaqlar.

Söhbət, ilk növbədə, orta məktəbin buraxılış imtahanlarında  riyaziyyat və ya ingilis dilindən məqbul qiymətlər ala bilməyən şagirdlərə şamil olunacaq. Bu vaxta qədər britaniyalı  məktəblilər riyaziyyat və doğma dildə minimum biliklər nümayiş etdirmədən də təhsillərini davam etdirə bilirdilər. Ötən ilin məlumatlarına görə, 19 yaşlı 250 min yeniyetmə imtahanlarda ingilis dili və riyaziyyatdan qaneedici qiymətlər ala bilmədiklərindən bu fənləri öyrənməkdən imtina etmişlər.  Adıçəkilən fənlərdən "2" alan şagirdləri bu fənləri öyrənməyə məcbur etməklə hökumət onların gələcəkdə iş tapmalarını asanlaşdırmağa çalışır.


Tələbələr üçün ən bahalı ölkələr

Avropa bankı HSBC dünyanın müxtəlif ölkələrində tələbələrin təhsil haqlarının monitorinqini aparmışdır. Rusiya ali məktəbləri dünyanın ən bahalı ali məktəblərinin "10"luğuna düşmüşdür. Tədqiqatın nəticələri göstərmişdir ki, ali məktəblərdə oxumaq orta hesabla ildə 3 min dollardan artıqdır. Orta yaşayış haqqı isə iki dəfə artıqdır  - 6,3 min dollar. Tələbələr üçün ən bahalı ölkələrin siyahısına Avstraliya başçılıq edir.   Kasıb ailələrdən olan tələbələrin Avstraliyada oxuması arzuolunan deyil. Burada təhsil xərcləri ildə 40 min ABŞ dolları təşkil edir. Böyük Britaniyada təhsil xərcləri 35,7 min, Amerikada isə  30,3 min dollardır. Rusiya Kanada, Yaponiya, Çin, Honkonq, Ərəb Əmirliklərindən sonra 9-cu yerdə qərarlaşmışdır.  Qeyd edilməlidir ki, orta təhsil xərcləri hesablanarkən bir sıra ölkələrdəki  nüfuzlu və ən böyük  universitetlərdən əldə olunmuş məlumatlardan istifadə olunmuşdur.  Yaşayış xərclərinə aid məlumatlar isə adıçəkilən bankın və Böyük Britaniyanın statistika agentliyindən götürülmüşdür.


Böyük Britaniyada məktəb xərcləri

Böyük Britaniyada kiçikyaşlı məktəblilərin valideynləri uşaqları  üçün bazarlıq məqsədilə ildə təxminən 180 funt-sterlinq xərcləyirlər.  Bu barədə Family Action xeyriyyə təşkilatının hesabatında qeyd olunur. Orta məktəbə gedən şagirdlərin valideynləri üçün bu xərclər  285 funt-sterlinq təşkil edir. Bu məbləğə məktəbli  çantası, forması  və dəftərxana ləvazimatları daxildir. İdman dərsləri üçün məktəblinin adı yazılmış şalvar,  kulinariya dərsləri üçün həsir şlyapa, önlük icbari alış-veriş siyahısında özünə yer tutmuşdur.  Bəzən adi formalardan əlavə valideynlər öz övladları üçün əlavə yay paltarı da alırlar.  Kiçikyaşlı  məktəblilərin valideynləri  məktəb üçün az vəsait xərcləyirlər, lakin bəzi hallarda  onların xərcləri 180 funt-sterlinqə çata bilər. Bundan başqa, valideynləri  dərsliklər, iş dəftərləri, uşaq yaradıcılığı üçün məhsullar, məktəb ekskursiyaları, bəzən də iPad kimi xərclər gözləyir.

Ölkədə mövcud olan proqramlara əsasən, bələdiyyə orqanları məktəbli formalarının alınması üçün qrantlar ayırırlar. Lakin ölkənin bir çox rayonlarında bu proqram işləmir və valideynlər öz xərcləri müqabilində heç bir kompensasiya əldə edə bilmirlər. 


Rumıniyada müəllimlərin yarıdan çoxu attestasiyadan keçə bilməmişdir

Rumıniyada  müəllimlərin yarıdan çoxu bu il öz ixtisasları üzrə attestasiyadan keçə bilməmişlər.  "Bütövlükdə 7400 müəllim imtahan vermişdir, onlardan yalnız 3100 (47,8 faiz) müəllim test imtahanlarında müvəffəqiyyət qazanaraq müsbət qiymət almışdır", - deyə  Rumıniyanın Təhsil Nazirliyində jurnalistlərə bildirmişlər.  Qeyd olunmuşdur ki, yalnız 32 müəllim imtahanda "əla"  qiymət almışdır, daha 174 nəfərin aldığı qiymət bu göstəriciyə yaxın olmuşdur. 

Bu il rumıniyalı şagirdlər  ali məktəb attestatı üzrə imtahanlar zamanı da zəif göstəricilər nümayiş etdirmişlər. Təhsil Nazirliyinin məlumatına əsasən, şagirdlərin təxminən 45,5 faizi universitetə daxil olmaq üçün icbari hesab olunan  test, ölkənin 56 liseyində isə heç bir şagird  buraxılış  imtahanlarını verə bilməmişdir. 

İmtahanlarda müşahidə olunmuş uğursuzluqlar bir sıra yerli qəzetlərdə "ölkənin milli təhsilində fəlakət" kimi tənqid olunmuşdur. KİV-lər ölkə rəhbərliyini təhsil sistemində islahatlar aparmamaqda ittiham etmişdir. 

Xarici mətbuat materialları əsasında hazırladı:   Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov