Avqustun
30-da "Fairmont Baku" otelində Xaricdə Təhsil Alan və
Məzun Olmuş Gənclərin Beynəlxalq Forumunun (ASAIF)
"Bizim forum, bizim seçim, bizim Azərbaycan" devizi
altında XI Yay Forumu işə başlamışdır.
AzərTAc xəbər verir ki, forumun açılış mərasimində
dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları,
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları,
qeyri-hökumət təşkilatlarının təmsilçiləri, KİV
nümayəndələri iştirak etmişlər.
Əvvəlcə ASAIF-ın yaranma tarixindən bəhs edən videoçarx
təqdim olunmuşdur.
Tədbirdə ASAIF-ın sədri Ramin Həkimov bildirmişdir ki,
üçgünlük tədbirin məqsədi xarici ölkələrdə təhsil alan
gənclərin şəbəkələşmə prosesini gücləndirmək, ortaq
azərbaycançılıq dəyərləri ətrafında birləşərək
respublikamızın xaricdə təbliğinin daha səmərəli
təşkilində, informasiya mübadiləsində, təbliğat işinin
interaktiv qurulmasında gənclərimizə kömək etməkdir.
ASAIF-ın sədri diqqətə çatdırmışdır ki, Prezident İlham
Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq
edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı çərçivəsində Azərbaycan hökuməti
tərəfindən dəstəklənən və artıq ənənə halını almış
forumda dünyanın 45 ölkəsində təhsil alan 600-ə yaxın
azərbaycanlı gənc iştirak edir. Builki forumun əsas
yeniliklərindən biri "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" əsasında xaricdə təhsil alan gənclərin seçim
prosesindən keçmədən birbaşa tədbirə dəvət olunmasıdır.
Forum iştirakçılarını salamlayan təhsil naziri Mikayıl
Cabbarov Azərbaycanda təhsilə, gənclərə göstərilən
qayğıdan və bu sahədə ASAIF-ın gördüyü işlərdən
danışmışdır.
M.Cabbarov vurğulamışdır ki, respublikamızdan ilk dəfə
olaraq 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin
təşkilatçılığı ilə 100 nəfər xaricə oxumağa
göndərilmişdir. Lakin sonradan onların çoxunun taleyi
bəlli olmamışdır. Xaricdə təhsillə bağlı ikinci dalğa
isə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə onun
Azərbaycanda birinci dəfə hakimiyyətdə olduğu
1969-1982-ci illəri əhatə etmişdir. Yüzlərlə
azərbaycanlı gənc keçmiş Sovet İttifaqının qabaqcıl ali
məktəblərində təhsil almaq üçün göndərilmişdir. Bu
ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini qeyd edən nazir demişdir ki, hazırda 10
mindən artıq azərbaycanlı gənc dünyanın müxtəlif
ölkələrində təhsil alır və onların sayı ildən-ilə artır.
M.Cabbarov bildirmişdir ki, gənclərimizin xarici
ölkələrin nüfuzlu ali təhsil ocaqlarında təhsil almaları
Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və
təminatdır. Nazir dünya universitetlərində təhsil alan
və məzun olmuş gənclərlə işlərin bundan sonra daha da
genişləndiriləcəyini diqqətə çatdırmışdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
deputatı Fəttah Heydərov gənclərlə birlikdə olmaqdan
qürur duyduğunu, onların qarşısında çıxış etməyin böyük
məsuliyyət tələb etdiyini vurğulamışdır. Bildirmişdir
ki, Azərbaycan 20 illik müstəqilliyi dövründə möhtəşəm
inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan dünyanın ən
sabit məkanı, iqtisadi cəhətdən ən qabaqcıl ölkələrindən
biridir. Bu uğurların qazanılmasında cəmiyyətin aparıcı
qüvvəsi olan gənclərin də böyük rolu vardır.
Gənclərimizin xarici ölkələrdə təhsil almalarının
Azərbaycan həqiqətlərinin dünyada təbliğində böyük
rolunu qeyd edən Ağsaqqallar Şurasının sədri gənclərə və
məzunlara hər bir sahədə fəallıq nümunəsi göstərməyi,
müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ulu
öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş
dövlətçilik ənənələrini qorumağı və inkişaf etdirməyi
tövsiyə etmiş, forumun işinə uğurlar arzulamışdır.
Azərbaycan Respublikası Prezident Administrasiyasının
siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri
Elnur Aslanov tədbirdə çıxış edərək vurğulamışdır ki,
müxtəlif ölkələrdə təhsil alan 600 gəncin forumda
iştirakı respublikamızın iqtisadi inkişafının, gücünün
əyani sübutudur. Gündən-günə çiçəklənən respublikamızın
bugünkü iqtisadi inkişafı azərbaycanlı gənclərin xaricdə
təhsil almalarına geniş imkanlar yaradır.
Prezident Administrasiyasının rəsmisi azərbaycanlı
gənclərin xaricdə təhsil almaları və onların simasında
Azərbaycanın intellektual potensialının dünyaya
tanıdılması istiqamətində böyük nailiyyətlərin əldə
olunduğunu bildirmişdir. Gənclərin bütün sahələrdə
uğurlarını vurğulayan E.Aslanov demişdir ki,
vəzifəsindən, sosial mövqeyindən və yaşadığı yerdən
asılı olmayaraq, bütün gənclər Azərbaycanın ağrılı
problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətləri dünyaya çatdırmalı, ölkəmizi layiqincə
təmsil və təbliğ etməlidirlər.
Şöbə müdiri vurğulamışdır ki, Prezident İlham Əliyev
informasiya müharibəsində Azərbaycanın qələbəsindən
danışarkən bu məsələdə gənclərimizin üzərinə düşən
vəzifələri xüsusi qeyd etmişdir. Həqiqətən, gənclər XXI
əsrdə Azərbaycanı yeni uğurlara aparacaq,
müstəqilliyimizi daha da gücləndirəcək qüvvədir.
Son illər ölkəmizin sürətlə inkişaf edərək Cənubi
Qafqazın lider dövlətinə çevrildiyini vurğulayan
E.Aslanov demişdir ki, biz eyni zamanda, innovativ
iqtisadiyyat qurmaq əzmindəyik. Bu gün Azərbaycan
iqtisadi inkişafına görə dünyanın 50 rəqabətədavamlı
ölkəsi sırasındadır. Bu uğurların qazanılmasında
Prezident İlham Əliyevin xidmətləri danılmazdır.
E.Aslanov qarşıdan gələn prezident seçkilərində
Azərbaycan gənclərinin və ölkə ictimaiyyətinin daha
layiqli namizədə səs verəcəyinə inamını vurğulayaraq
demişdir ki, respublikanın sosial-iqtisadi inkişafı, xoş
gələcəyi gənclərin seçimindən çox asılıdır. Şöbə müdiri
bu forumun ASAIF-ın gələcək perspektivləri üçün yeni
imkanlar açacağına əminliyini bildirmiş, qurumun
üzvlərinə uğurlar arzulamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümov forum iştirakçılarını təbrik
etmiş, müxtəlif ölkələrdə təhsil alan gənclərin və
məzunların bir araya gətirilməsinə səbəb olan tədbirin
əhəmiyyətini vurğulamışdır. O bildirmişdir ki, 40-dan
çox xarici ölkədə təhsil alan azərbaycanlı gənclərin
forumda iştirakı Prezident İlham Əliyevin "qara qızılın
insan kapitalına" çevrilməsi ideyasının reallaşmasının
parlaq nümunəsidir.
Azərbaycan gəncliyinin fəaliyyətini yüksək
qiymətləndirən Ş.Mövsümov onların xaricdə ölkəmizi
təmsil etmələri, intellektli, geniş dünya görüşlü
şəxslər kimi yetişmələri üçün bir sıra uğurlu
layihələrin həyata keçirdiyini bildirmişdir. Fondun
icraçı direktoru vurğulamışdır ki, ölkələr dünyada təkcə
təbii sərvətlərinə görə deyil, həm də ziyalılarına,
insan kapitalına görə tanınırlar. Azərbaycanın
təbliğində və tanıdılmasında xaricdə təhsil alan
azərbaycanlı gənclərin də böyük rolu vardır.
Sonra forum işini "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi
Əlaqələndirmə Şurasının sədri, ASAIF-ın həmtəsisçisi
Orxan Əkbərovun moderatorluğu ilə "Gənclik, lobbiçilik,
xaricdə təmsilçilik və Qarabağ" mövzusunda panel iclası
ilə davam etdirmişdir.
İclasda xarici işlər nazirinin müavini Xələf Xələfov
Azərbaycanın xarici siyasət sahəsində qazandığı
uğurlardan danışmış, ölkəmizin əldə etdiyi nailiyyətlər,
iqtisadi inkişaf göstəriciləri haqqında forum
iştirakçılarına ətraflı məlumat vermişdir. Nazir müavini
bildirmişdir ki, xarici siyasətdə əsas məsələ beynəlxalq
iqtisadi əlaqələrin qurulması və inkişaf etdirilməsidir.
Azərbaycan qonşu ölkələrlə münasibətlərə xüsusi
əhəmiyyət verir və onlarla sabit, uzunmüddətli
əməkdaşlığa söykənən əlaqələr qurmuşdur.
Forumun keçirilməsini yüksək qiymətləndirən X.Xələfov
ölkəmizdə gənclərə olan dövlət qayğısından söz açmış,
son illər xaricdə təhsil alan Azərbaycan gəncliyinin
fəallığının artdığını qeyd etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov
bildirmişdir ki, xarici ölkələrdə təhsil alan və məzun
olmuş Azərbaycan gənclərinin forumlarının keçirilməsi
görülən işlərə qiymət verilməsində və gələcək
fəaliyyətin müəyyənləşməsində mühüm rol oynayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu
gün ölkəmiz üçün əsas problem olduğunu diqqətə çatdıran
F.Məmmədov xaricdə təhsil alan azərbaycanlı gəncləri bu
sahədə daha da fəal olmağa çağırmışdır. SAM-ın direktoru
gəncləri xarici ölkələrdə ölkəmizi təmsil etməklə
yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti
dəstəkləməyə çağırmışdır.
Sonra mövzular ətrafında müzakirələr aparılmış, tədbir
iştirakçılarını maraqlandıran suallar
cavablandırılmışdır.
Avqustun 31-də forumun işi panel iclasları ilə davam
etdirilmişdir. |