Artıq 10 ildir ki, Heydər Əliyev Fondu yeni tədris ili
ərəfəsində "Təhsilə dəstək" layihəsi çərçivəsində aksiya
keçirir. Ənənəyə çevrilmiş aksiya qaçqın və məcburi
köçkün ailələrindən olan birinci sinif şagirdlərini
çanta və dərs ləvazimatı ilə təmin edir.
Heydər Əliyev Fondundan AzərTAc-a bildirmişlər ki,
2013-2014-cü dərs ili ərəfəsində gerçəkləşən növbəti
aksiya respublikanın müxtəlif bölgələrində ilk dəfə
məktəbə gedəcək qaçqın və məcburi köçkün ailələrindən
olan birinci sinif şagirdlərini əhatə edir. Onlar üçün
nəzərdə tutulmuş 15 minə yaxın çanta və dərs ləvazimatı
artıq məktəblərə paylanılmışdır.
Məktəb həyatına Heydər Əliyev Fondunun töhfəsi ilə
başlayan birinci sinif şagirdlərinə təqdim olunan
çantaya 15 adda dərs ləvazimatı - fənn dəftərləri, üç
adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı,
qələm və s. qoyulmuşdur.
Ötən illərdə Heydər Əliyev Fondu qaçqın və məcburi
köçkün ailələrindən olan birinci sinif şagirdləri ilə
yanaşı, xaricdə yaşayan soydaşlarımıza da öz töhfəsini
göndərmişdir. 2008-2009-cu dərs ilində həyata keçirilən
aksiya isə bütün ölkə üzrə nəzərdə tutulduğundan
birincilərə paylanılan çantaların sayı 130 minə bərabər
olmuşdur. |