Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 Sentyabr 2013 - №34

 

Statistik hesabatların formalaşdırılması, təqdimi və qəbul olunması qaydalarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

Təhsil sisteminin müasirləşdirilməsi şəraitində təhsilin dəqiq statistikasının aparılması mövcud vəziyyətin operativ təhlil edilməsi və əsaslandırılmış optimal qərarların qəbul edilməsi baxımından çox vacibdir. Belə məlumatlara Təhsil Nazirliyi, yerli təhsili idarəetmə orqanları və təhsil müəssisələri ilə yanaşı, digər dövlət qurumlarının, eləcə də ictimaiyyətin müəyyən təbəqəsinin ehtiyacı vardır.

Hazırda Nazirlikdə ümumi təhsil məktəblərini əhatə edən informasiya sistemi fəaliyyət göstərir və məlumat bazasında son 5 tədris ili üzrə respublikanın bütün ümumi təhsil məktəblərinin maddi-texniki bazası, hər bir şagirdi, müəllimi haqqında məlumat toplanmış və bu məlumatlar mütəmadi olaraq yenilənir. Ancaq rəsmi statistikanın mövcud qaydalara uyğun aparılması məlumat bazası ilə rəsmi statistika arasında bir sıra göstəricilər üzrə fərqlərin yaranmasına, yekun hesabatların vaxtında hazırlanmamasına səbəb olur.

Yuxarıda göstərilənlər və digər səbəblər rəsmi statistikanın qəbulu və onlardan istifadə edilməsi ilə bağlı qaydaların dəyişdirilməsini, mövcud proqram təminatının təkmilləşdirilməsini və genişləndirilməsini, ali təhsil, orta-ixtisas təhsili, peşə təhsili və digər istiqamətlər üzrə də məlumat bazalarının yaradılmasını zəruri edir.

Müasir dövrdə statistik məlumatların təhsil sisteminin səmərəli idarəolunması və inkişafyönümlü optimal qərarların qəbul olunmasında xüsusi əhəmiyyət daşıdığını nəzərə alaraq, bu sahədə dəqiq statistikanın aparılması və təkmil hesabatvermə modelinin yaradılmasını təmin etmək məqsədi ilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq 

ƏMR EDİRƏM: 

1. "Ümumi təhsil müəssisələri üzrə rəsmi statistik hesabatların formalaşdırılması, təqdim və qəbul edilməsi qaydaları" (bundan sonra - Qaydalar) təsdiq olunsun (əlavə edilir).

2. Ümumi təhsil müəssisələri üzrə rəsmi hesabatlar (ÜM-1 və digər hesabatlar) 2013-2014-cü tədris ilindən başlayaraq, Təhsilin idarəolunmasının məlumat sisteminin "Ümumi təhsil müəssisələri" (TİMS-Ümumi təhsil) proqram təminatı əsasında formalaşdırılsın və Qaydalara uyğun surətdə Nazirliyin Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinə təqdim edilsin.

3. Təhsil sisteminin informasiyalaşdırılması idarəsi (S.Məmmədov) Təhsil Nazirliyi ilə onun bilavasitə tabeliyindəki təhsil müəssisələri, yerli təhsil şöbələri (idarələri), habelə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə şəhərin məktəbləri arasında kompüter şəbəkəsində məlumatların "onlayn" rejimində ötürülməsini təmin etsin.

4. Nəzərə alınsın ki, Qaydaların tətbiqinə əsasən, mövcud rəsmi statistik hesabat formalarının blanklarının sifarişi bundan sonra dayandırılır və xüsusi hallar üçün həmin blankların elektron versiyaları Nazirliyin rəsmi saytının statistika bölməsində yerləşdirilir.

5. Naxçıvan MR Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, Gəncə Şəhər Təhsil İdarəsinə, rayon (şəhər) təhsil şöbələrinə, Təhsil Nazirliyinin bilavasitə tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorları:

5.1. Statistik hesabatların elektron formada işlənməsinə cavabdeh olan şəxslərin adlı siyahısını 1 (bir) həftə müddətinə Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinə təqdim etsinlər.

5.2. Statistik hesabatların Qaydalara uyğun doldurulması və vaxtında təqdim olunmasını təmin etsinlər.

5.3. Nəzərə alsınlar ki, zəruri olan məlumatların təqdim edilməməsinə, yaxud vaxtında təqdim olunmamasına, eləcə də rəsmi statistik hesabatların təhrif edilməsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

6. Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov),  İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) ictimaiyyət üçün açıq olan statistik məlumatların Nazirliyin rəsmi saytında yerləşdirilməsini təmin etsinlər.

7. Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi (İ.Sadıqov) Nazirliyin aidiyyəti şöbələri ilə birlikdə təhsilin digər pillələri üzrə məlumat bazalarının yaradılması üçün müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

8. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"   qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.

9. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun. 

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
2 sentyabr 2013-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov