"Şahmat" fənninin tədrisinin şagirdlərin əqli
inkişafında və intellektual səviyyəsinin yüksəlməsində
əhəmiyyətli rol oynadığını nəzərə alaraq, həmin fənnin
tədris olunduğu pilot ümumtəhsil məktəbləri şəbəkəsinin
genişləndirilməsi məqsədilə
ƏMR EDİRƏM:
1. 2013-2014-cü dərs ilindən "Şahmat" fənninin II
sinifdən başlayaraq tədris olunması nəzərdə tutulan yeni
pilot ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilsin
(əlavə olunur).
2. 2011-2012 və 2012-2013-cü dərs illərində pilot
müəssisə kimi müəyyən olunmuş ümumtəhsil məktəblərində
"Şahmat" fənninin tədrisi müvafiq siniflər üzrə
2013-2014-cü dərs ilində davam etdirilsin.
3. "Şahmat" fənni II, III və IV siniflərdə dərsdənkənar
məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil
edilməklə həftədə 1 (bir) saat tədris olunsun.
4. "Şahmat" fənni üzrə IV siniflərin tədris planı və
proqramları təsdiq edilsin (əlavə olunur).
5. Strateji təhlil, planlaşdırma və kadrların
idarəolunması şöbəsi (F.Qədirov) yeni müəyyən olunmuş
pilot ümumtəhsil məktəblərində "Şahmat" fənnini tədris
edəcək müəllimlər üçün cari ilin avqust-sentyabr
aylarında təlim kursu təşkil etsin.
6. İqtisadiyyat şöbəsi (R.Orucov) həmin təlim
kurslarının keçirilməsi ilə əlaqədar tələb olunan
maliyyə vəsaitinin ayrılmasını təmin etsin.
7. Dərslik və nəşriyyat şöbəsi (F.Şahbazlı),
İqtisadiyyat şöbəsi (R.Orucov) tədris proqramına uyğun
hazırlanmış IV siniflər üçün dərs vəsaitinin nəşr
olunması ilə bağlı məsələləri həll etsin.
8. Pilot məktəblərin fənn üzrə müvafiq avadanlıq və
ləvazimatlarla təminatı yerli təhsil orqanlarına həvalə
olunsun.
9. Kənd rayonları üzrə ümumi təhsil şöbəsi (A.Əhmədov),
Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması
şöbəsi (F.Qədirov), Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş şöbəsi (A.İbrahimov) "Şahmat" fənninin
tədrisi ilə bağlı yerli təhsil orqanlarına köməklik
göstərsinlər, dərs ili ərzində seçmə yolla müəyyən
olunmuş pilot məktəblərində fənnin tədrisi vəziyyətini
öyrənib təkliflər hazırlasınlar.
10. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və
əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində
yerləşdirilməsini təmin etsin.
11. Ümumi şöbə (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə
çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.
12. Əmrin icrasına nəzarət Nazir müavininə (C.Bayramov)
həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
29 avqust 2013-cü il |