Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

İtaliyada alman dili müəllimlərinin XV ümumdünya qurultayı keçirilmişdir

 

Ümumdünya Alman dili Müəllimləri Birliyinin təşəbbüsü ilə bu günlərdə İtaliya Respublikasının Botsen şəhərində alman dili müəllimlərinin XV qurultayı keçirilmişdir. Qurultayda dünyanın 110 ölkəsindən 2700 nəfərə yaxın  nümayəndə iştirak edirdi. Azərbaycan müəllimlərini qurultayda bir qrup qabaqcıl ali və orta məktəb müəllimləri təmsil edirdilər.

Qurultayda əsas məqsəd alman dilinin Avropada, eləcə də bütün dünyada inkişafına təkan vermək, onun ali və orta məktəblərdə tədrisini daha da yaxşılaşdırmaq, bu istiqamətdə təcrübi və nəzəri tədqiqatları gücləndirmək idi. Qurultayın təntənəli açılışı Botsen Universitetinin bayramsayağı bəzədilmiş akt salonunda oldu. Qurultayın açılışını hamının izləməsi məqsədilə universitetin ən böyük auditoriyalarında geniş ekranlar quraşdırılmışdı.

Ümumdünya Alman dili Müəllimləri Birliyinin prezidenti, professor Marianne Hepp qurultayı açdı. Açılış mərasimində çıxış edən Cənubi Tirol vilayətinin başçısı Luis Durnvalder, vilayət məclisinin Təhsil və alman mədəniyyəti üzrə sədri Sabina Kasslatter Mui, Botsen şəhər rəhbərliyi adından Luigi Spagnolli, Botsen Azad Universitetinin rektoru, professor Valter Lorents, Botsen Avropa Akademiyasının prezidenti Verner Stuflesser və başqaları qurultayın əhəmiyyətini qeyd edib onun işinə uğurlar arzuladılar.

Musiqiçilər qurultay iştirakçılarını alman, italyan və başqa dillərdə mahnılarla salamladılar.

Bir həftə davam edən qurultay öz işini 8 mövzu sahəsi üzrə 48 paralel bölmədə apardı. Əsas məruzə ilə professorlar Monika Dannerer (Almaniya), Christian Fandryx (Almaniya), Volfgang Hacki (Avstriya), Claudio Meola (İtaliya) və başqaları çıxış etdilər.

Çıxışlarda qeyd olundu ki, alman dili dünyanın ən inkişaf etmiş, çox öyrənilən dillərindən biridir. Avropada hər dörd nəfərdən birinin ana dili alman dilidir. Alman dili Almaniya Federativ Respublikasında, Avstriyada, İsveçrədə dövlət dilidir. İtaliyanın Cənubi Tirol vilayətində, Lixtensteyndə, Lüksemburqda da bu dildə danışırlar. Dünyanın bir çox yerində isə alman dili xarici dil kimi öyrənilir.

Azərbaycan Respublikasından gəlmiş nümayəndələrdən Leyla Qasımzadə, Aynurə Əbdulova, Səkinə Əhmədova, İradə Quliyeva, Samirə Adışova, Həcər Hacıyeva və başqaları qurultayda fəal iştirak etməklə bərabər, Azərbaycanın tarixi, onun Qarabağla bağlı  problemi və respublikamızın bugünkü inkişafı barədə də ətraflı məlumat verdilər.

Bu sətirlərin müəllifi respublikamızın bu günündən söhbət açıb, ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Müəllimlər İnstitutundan, xarici dillərin daha yaxşı tədrisi üçün görülən tədbirlərdən danışdı. Bir qrup qurultay nümayəndəsinə hədiyyə olaraq respublikamızın üçrəngli miniatür bayrağı və Azərbaycanın gözəlliklərini əks etdirən bukletlər verildi.

Təşkilatçılar qurultay iştirakçılarının asudə vaxtlarının səmərəli təşkilini də unutmamışdılar. Bu baxımdan İtaliyanın Venetsiya, Almaniyanın Münhen şəhərlərinə təşkil olunmuş birgünlük gəzintilər maraqlı və yaddaqalan oldu.

Müəllimlər birlikləri arasında gələcək əlaqələrin yaradılması və alman dili müəllimlərinin əməkdaşlığı, alman dilini öyrədənlərin ixtisasının artırılması və təkmilləşdirilməsinə köməklik göstərmək, xarici dil kimi alman dilinin sonrakı inkişafı, alman dilinə olan müvafiq maraq-tələb, bir-birindən fərqli mədəniyyət sahəsində qarşılıqlı anlaşma və təcrübə mübadiləsi və sair kimi məsələlərin araşdırılması və yolların göstərilməsi baxımından qurultay hər bir iştirakçı üçün əhəmiyyətli oldu.

Alman dili müəllimlərinin növbəti XVI ümumdünya qurultayının İsveçrənin Frayburq şəhərində keçirilməsi qərara alındı. 

Namaz MANAFOV,
AMİ-nin Mingəçevir filialının xarici dillər kafedrasının müdiri, dosent

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov