Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

Sümük iliyi transplantasiyasının banisi

 

Amerikalı nobelçi alim öz kəşfi ilə yüz minlərlə insanın həyatını xilas etmişdir

XX əsrdə elmin müxtəlif sahələri üzrə diqqətəlayiq kəşflərə imza atılmışdır. Fiziologiya və tibb sahəsində əldə olunmuş nailiyyətlərdən danışanda dünyada ilk dəfə insanlar üzərində sümük iliyinin köçürülməsi əməliyyatlarını həyata keçirmiş amerikalı həkim-transplantoloq Edvard Donnall Tomas yada düşür.  Onun həyat və elmi karyerası uzunsürən  mübarizələr, saysız-hesabsız çətinliklər, təzadlar, bəzən də sarsıntılarla zəngin olmuşdur. Lakin elmi araşdırmaları ilə dövrünün ən məşhur alimlərini belə  təəccübləndirə bilmiş Tomas bir an geri çəkilməmiş, özünün yaratdığı tədqiqatçı qrupla tibb elmində yeni istiqamətin əsasını qoymuşdur.

Uşaqlıq və gənclik illəri

Edvard Donnall Tomas (Thomas Edward Donnall) 1920-ci il martın 15-də Amerikanın Texas ştatının  Mart şəhərciyində anadan olmuşdur.  Onun atası  həkim idi.    Edvard Tomas orta məktəb illərində xüsusi qabiliyyəti ilə yaşıdlarından seçilməmişdir. O özü  bu barədə sonralar Nobel Mükafatları Komitəsi üçün yazdığı tərcümeyi-halında qeyd etmişdir: "Oxuduğum sinif 15 şagirddən ibarət idi. Mən hətta bu kiçik qrupda heç də qabiliyyətli şagird deyildim". 

Tomas 1937-ci ildə Ostindəki Texas Universitetinə daxil olmuşdur. O, burada kimya və kimya texnologiya fənnini öyrənmişdir. Universitetin ilk semestr imtahanlarını Tomas uğurla vermişdir. Lakin yuxarı kurslarda oxuyarkən onun diqqəti əsasən elmi tədqiqatlara yönəldiyindən semestr imtahanlarına hazırlaşmaq  bir qədər çətinlik yaratmışdır. Çünki Tomas dərslərdən əlavə, həm  də dərindən aludə olduğu tədqiqatlarına pul toplamalı idi.  Universitetdə oxuduğu bütün illərdə Tomas demək olar ki, bir çox iş yerlərini dəyişmişdir. Maliyyə vəziyyəti tədqiqatlar aparmağa imkan vermirdi. Buna görə də o, rast gəldiyi hər bir təsadüfı işdən ikiəlli yapışardı. O, gələcək həyat yoldaşı Marti Doroti ilə də Texas Universitetinin yeməkxanasında ofisiant işləyərkən tanış olmuşdur. Bu tanışlıq onların ailə qurması ilə nəticələnmişdir. Onların 3 uşağı anadan olmuşdur. Marti  Doroti heç ağlına da gətirə bilməzdi ki, universitetin jurnalistika ixtisasını yarımçıq qoyaraq ərinin elmi tədqiqatlarına qoşulacaq və bununla da gələcəkdə onun ali elmi mükafat qazanmasında payı olacaq. Marti   Doroti Tomasın istəyi ilə yerli tibb mərkəzlərinin birində 2 illik laborator-texnik kursu keçərək tibbi araşdırmalara qoşulmuşdur. E.Tomas  1941-ci ildə bakalavr,   daha iki il sonra  isə  magistr dərəcəsi almışdır. 1943-cü ildə Harvard Tibb Məktəbinə daxil olan Tomas 1946-cı ildə tibb doktoru elmi dərəcəsi almışdır.

"Qorxunc əməliyyatlar" 

Edvard Tomas hələ Harvardda oxuduğu illərdə sümük iliyi və leykemiya xəstəlikləri ilə maraqlanmağa başlamışdır.  O, 1955-ci ildə Kolumbiya Universitetinin filialı olan Bassett Mary Imogene hospitalında baş həkim təyin olunmuşdur. O bu hospitalda ölümcül miqdarda radiasiya dozaları alan, sonradan isə sümük iliyi köçürülməklə xilas edilən gəmiriciləri tədqiq etməyə başlamışdır.  O vaxtlar sümük iliyi transplantasiyası əməliyyatı keçirmiş bütün pasiyentlər gəmiricilərin üzərində aparılmış tədqiqatlar gedişində   rast   gəlinməmiş   infeksiya  və ya immun sistemi xəstəlikləri nəticəsində ölürdü. Tomas model  sistem kimi itlərdən istifadə etməyə başlamışdır. 1963-cü  ildə o öz   laboratoriyasını   Siettl ştatına köçürmüşdür.

Edvard Tomas sümük iliyi transplantasiyası sahəsində öz elmi  tədqiqatlarına hələ 50-ci illərdə başlamışdır. O zaman orqan köçürülməsi birmənalı qəbul olunmurdu. Çünki əməliyyatın nəticələrini təsəvvür etmək mümkün deyildi, buna görə də çoxlarına qorxunc gəlirdi. Bir çox pasiyentlərin immun sistemi ya köçürülmüş sümük iliyini rədd, ya da ki, immun sisteminə malik sümük iliyi böyrəkləri, ciyərləri və xəstənin digər orqanlarını məhv edirdi. Həkimlərin çoxu hesab edirdi ki, sümük iliyinin köçürülməsi heç vaxt təhlükəsiz olmayacaq. Lakin Tomas uğur əldə edəcəyinə inanır və inadkarlıqla bu problem üzərində  axtarışlarını davam etdirirdi. Baxmayaraq ki, öz pasiyentlərini böyük təhlükə altında qoymasına dair çoxsaylı irad və tənqidlərlə üzləşirdi.

Tomas müsahibələrinin birində demişdir: "Mənim iki yaxşı  xüsusiyyətim var. Birincisi, mən inadkaram və həmişə öz işlərimi davam etdirirəm. İkincisi isə mən həmişə özümə birgə işləmək üçün lazım olan adamları tapmağı bacarıram".

1955-ci ildə doktor Cozef Ferrebinin dəvəti ilə Tomas Kolumbiya Universitetinin Nyu-Yorkdakı tibb xəstəxanasında işə düzəlmişdir. Tomas öz komandası ilə birlikdə insanlar üzərində sümük iliyi transplantasiyası sahəsində tədqiqatlara başlamışdır. Tədqiqatlar eyni vaxtda itlər üzərində də aparılırdı. İtlər üzərində aparılmış tədqiqatlar daha çox fundamental əhəmiyyət kəsb edirdi. Çünki əldə olunmuş müsbət nəticələr insanlar üzərində əməliyyatlar aparılmasına yol açırdı. Tomas sonralar xatırlayırdı: "Soyuq qış günləri bizim tədqiqatlarımızın sonrakı gedişinə dərindən təsir göstərmişdir. Fundamental anlayışların bir çoxunun əsası məhz bu illərdə qoyulmuşdur. Bizim həkim və tibb bacılarından ibarət komandamız öz işinə sədaqətli və əzmkar idi.  Biz doğrudan da aradan qaldırılması getdikcə çox çətin olan problemlərlə üzləşirdik".     Doğrudan da Tomasın komandası ciddi problemlərlə qarşılaşmışdır. Amerikanın federal hökuməti 1972-ci  ildə  Tomasın Siettldəki laboratoriyasının bağlanması barədə qərar qəbul etmişdir.  Tibb məktəbinin dekanlığı ilə aparılmış danışıqlar gedişində Tomasın komandası sümük iliyi sahəsində aparılmış tədqiqatlarda bir sıra mütərəqqi nəticələr əldə olunduğunu sübuta yetirməyə çalışmış və buna qismən də nail ola bilmişdir. Nəticədə Tomasın laboratoriyası üçün  tibb mərkəzinin zirzəmisində kiçik bir otaq ayrılmışdır. Tomasın həmkarları bu zirzəmidə iki il ərzində çox gərgin tədqiqatlar aparmışdır. 

Tomas Ferrebi ilə birlikdə şüa və kimya terapiya vasitəsi ilə leykemiya xəstələrini müalicə etməyə cəhd etmişdir. Köçürülmüş sümük iliyi bir neçə xəstədə həyati əlamətlər göstərmişdir, lakin onlardan heç biri 100 gündən artıq yaşamamışdır. Bir sıra digər çoxsaylı cəhdlər də uğursuzluqla nəticələnmişdir. Köçürülmüş hüceyrələr xəstənin orqanizmi tərəfindən rədd edilmişdir. Bütün bu uğursuzluqlardan sonra Tomas geri çəkilməli idi... Lakin o bu barədə fikirləşmirdi. O, inadkarlıqla köçürülmüş sümük  iliyinin yaşaması üçün yeni eksperimentlər qoymağa başlamışdır.   Novator həkim bu məsələyə bir daha 12  ildən sonra qayıtmışdır. O, tibb bacıları,  texniklər və həkimlərdən ibarət yeni qrup yaratmışdır.  İlk vaxtlarda həyatlarının son günlərini yaşayan xəstələr üzərində tədqiqatlar aparılmışdır. Tomas qeyri-adi addım ataraq pasiyentlərinin bütün zəruri ehtiyaclarının təmin olunmasını, onlara qulluq göstərilməsini öz üzərinə götürmüşdür. Bir sıra prosedurları Tomas özü yerinə yetirirdi. Bütün səylərə baxmayaraq, xəstələrin əksəriyyəti ölmüşdür, lakin onlardan bəziləri sağ qalmışdır. Aparılmış əməliyyatlar gedişində üzə çıxmış orqanların uyğunsuzluğu probleminin aradan qaldırılması yönündə ilk müsbət nəticələr Tomasın işlərinin uğurlu məcrada inkişafına imkan yaratmışdır. 

1975-ci ildə Edvard Tomas "The New England Journal of Medicine" jurnalında sümük iliyi transplantasiyasına dair iki məqalə dərc etdirmişdir. Məqalələrdə heyvanlar üzərində aparılmış əməliyyatların insanlar üzərində uğurlu tətbiqinin mümkünlüyündən bəhs olunurdu.

E.Tomas 100 xəstədən 13-nün sağaldığını xəbər vermişdir. Leykemiyalı xəstələrin 60 faizinin sağalması isə Tomasın  komandasının böyük uğuru idi.  

Ağır xəstəliyin müalicəsində əsl inqilab

 1969-cu ildə Tomas öz komandası ilə  sümük iliyinin köçürülməsi üzrə ilk əməliyyat aparmışdır. O, əməliyyat üçün xəstənin doğma qardaşının sümük iliyindən istifadə etmişdir.   Həkimlər 8 il sonra analoji əməliyyat aparmışdılar, bu dəfə isə xəstə ilə qohumluq əlaqəsində olmayan donorun sümük iliyindən istifadə olunmuşdur. Bu uğur 11 milyon sümük iliyi donorunun verilənlər bazasının formalaşdırılmasına imkan vermişdir.

Edvard Tomas sümük iliyi transplantasiyası sahəsində "pioner" hesab olunur, məhz onun hazırladığı metod leykemiya kimi ağır xəstəliyin müalicəsində əsl inqilab yaratmışdır. Bu metod sayəsində pasiyentlərin sağ qalma faizi 0-dan 90 faizə qədər yüksəlmişdir. Alimin keçmiş həmkarlarının birmənalı qeyd etdikləri kimi, Tomasın kəşfi bütün dünyada yüz minlərlə insanın həyatını xilas etmişdir. Tomas öz tədqiqatlarına başladığı illərdə həkimlər transplantasiyaya ən son cəhd kimi baxırdılar. Pasiyentlər çox təhlükəli əməliyyatdan sonrakı ağırlaşmalardan əziyyət çəkirdilər və onların sağ qalma ehtimalı çox aşağı  idi.   

1975-ci ildə Tomas həmkarları ilə birlikdə Fred Xatçinson Onkologiya Tədqiqatları Mərkəzinə köçmüşdür. Burada onlar üçün xeyli əlverişli şərait var idi. Tezliklə Tomas və onun həmkarları İsveçdəki Tibb Mərkəzi ilə əməkdaşlıq əlaqəsi  qura bilmişdir. Fred Xatçinson Onkologiya Tədqiqatları Mərkəzində doktor Tomasın rəhbərliyi və novator həkimlərin iştirakı ilə minlərlə insan leykemiya xəstəliyindən müalicə olunmuşdur. 

Tomas pasiyentin xəstə sümük iliyini radiasiyanın ölümcül dozaları və kimyəvi terapiya üsulları ilə dağıtmaqla və sonradan ona sağlam ilik maddəsi yeritməklə xəstəni sağaltmaq kimi riskli addım atırdı. Məqsəd qanın xərçəngdən təmizlənməsinə və immun sisteminin funksiyasının tam  bərpa olunmasına nail olmaq idi.

Tomas uzaqgörən idi və apardığı tibbi araşdırmaların uğur qazanacağına ürəkdən inanırdı. Və bu inam sonda ona və komandasına dünya şöhrəti qazandırmışdır.     

1990-cı ildə Edvard  Tomas tibb professoru Cozef Müreylə birlikdə fiziologiya və tibb sahəsində "xəstəliklərin müalicəsində orqan  və hüceyrələrin transplantasiyasına  dair" kəşfə görə Nobel mükafatına layiq görülmüşdür.

 Gözlənilməz zəng 

Edvard Tomas bir gün fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görüləcəyini heç vaxt gözləmirdi. Ali mükafat, məlum olduğu kimi, pasiyentlər üzərində kliniki araşdırmalar aparan həkimlərə deyil, fundamental elmi nəticələrə nail olan alimlərə verilir. Edvard Tomas ali mükafat alması barədə ilk xəbəri 1990-cı il səhər 03:40-da almışdır. Gecəyarısı olan telefon zəngini Tomas zarafat kimi qiymətləndirmişdir.  Lakin Nyu-Yorkdan olan reportyor  israrla Tomasa  ali mükafata layiq görüldüyünü bildirmiş və ondan sümük iliyinin transplantasiyası  barədə müsahibə  verməsini xahiş etmişdir.  "Mən  çarpayımda oturaraq 5 dəqiqə ərzində jurnalistə onu maraqlandıran suallara cavab verməli oldum. Yoldaşım isə yarıyuxulu halda "siz nə edirsiniz, gecəyarısı müsahibəyə necə razılıq verdiniz" deyərək mənə etiraz etdi. Mən ona "bu reportyor  deyir ki, mən Nobel mükafatına layiq görülmüşəm" dedim. O isə   yorğun halda  "bu, yaxşıdır" deyərək  başını örtməklə tezliklə yarımçıq qalmış yuxusuna davam etməyə cəhd etdi. Lakin bir saniyə sonra o, çarpayıda oturaraq "Nə? Sən nə dedin?" deyə qışqırırdı!". Gecəyarısı Tomas ailəsinə olan telefon zəngləri səhərə qədər davam etmişdi. Ailə gələn zənglərə cavabları çatdıra bilmirdi. Nyu-York polisi alimin telefon zənglərinə niyə cavab verməməsinin səbəbini öyrənmək üçün onun evinə təşrif  buyurmuşdur.

Edvard Tomas Stokholma ali mükafatın təqdim olunması mərasiminə həyat yoldaşı və üç övladı, eləcə də bir neçə əməkdaşı  ilə birlikdə  getmişdi. 

 Qeyd edək ki,  Edvard Tomas bütün Nobel mükafatını işlədiyi Siettldəki doğma instituta xərcləmişdir.  

Nobel mükafatına layiq görüldüyünü eşidəndə ilk növbədə tibb bacısına minnətdarlıq etmişdir 

Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunun direktoru, Vaşinqton Universitetinin professoru Frederik Appelbaum yaxından tanıdığı, uzun illər birlikdə çalışdığı alimi  belə xarakterizə etmişdir: "Don (Donnall)  qeyri-adi, çox ağıllı, dərin yaddaşa və hafizəyə malik idi. O, hər şeyə maraq kəsilərdi. Sizin üzərində işlədiyiniz hər hansı məsələ onun üçün maraqlı görünsə, o dərhal yanınıza gələr və sizdən dərs almağı belə özünə rəva görərdi. O, çox sakit idi, həmkarlarına geniş diskussiyalar aparmağa imkan verərdi. Öz ətrafında gözəl rəhbərlik aurası yaratmışdı. O danışanda hamı qulaq asmalı idi. Həmkarlarının əsaslandırılmış arqumentlərini, səliqə ilə yazılmış rəylərini maraqla gözdən keçirərdi. Səliqəsiz ifadələr, yerində deyilməmiş arqumentlər onun üçün qeyri-məqbul idi. Olduqca təvazökar idi və həmkarları, dostları, eləcə də tanışları tərəfindən təriflənməsinə heç vaxt imkan verməz, onların sözlərini kəsərdi. O, həmişə başqalarının  xidmətlərini qiymətləndirməyə çalışardı.

Onun karyerasında iki mühüm cəhət özünü aydın göstərirdi. Birincisi, Don doğrudan da sümük iliyi transplantasiyası ideyasına inanırdı və bu yolda hər şeydən, hətta evindən belə  keçməyə hazır idi.  Digər onkoloji mərkəzlərin daha geniş kliniki proqramlar inkişaf etdirdikləri bir vaxtda, Don bütün səylərini    Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya Mərkəzində sümük iliyi transplantasiyasına yönəltmişdir. Onun komandasına qəbul olunan hər bir yeni işçi bu istiqamətdə fəaliyyət göstərirdi. Onun karyerasında ikinci mühüm cəhət xəstələrə yanaşma, transplantasiyanın çətinliklərinin dərk olunması ilə bağlı idi. Transplantasiyadan sonra bir çox xəstələr infeksion xəstəliklər, mədə-bağırsaq pozğunluqlarından əziyyət çəkirdilər. Tomas öz komandasına elə işçilər götürürdü ki, onlar adıçəkilən problemlərin aradan qaldırılmasında xəstələrə peşəkar xidmət göstərə bilsinlər. Dona görə, bütün bunlar transplantasiyanın uğurla nəticələnməsini şərtləndirən amil idi.  O eşidəndə ki, Nobel mükafatına layiq görülüb, ilk növbədə, işə qaçaraq əldə etdiyi elmi  uğurda böyük töhfəsi olan tibb bacısına öz dərin minnətdarlığını çatdırmışdır".  

Qayğıkeş müəllim, dost, həmkar... 

Edvard Tomas elmi karyerası ərzində bir neçə qiymətli kitab yazmışdır. "Aplastik anemiya" (1978), "Sümük iliyi köçürülməsinin sərhədləri: embrional  hematopoiesis" (1991), "Hüceyrə transplantasiyası hematopoietic" (1999-cu il, Stiv Forman və Karl Blum ilə birlikdə) kitabları ona tibb aləmində şöhrət qazandırmışdır.

Edvard  Tomas Vaşinqton Universitetində müəllimlik fəaliyyəti ilə məşğul olmuş və Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunda (Fred Hutchinson Cancer Research Center)  çalışmışdır. O, 1974-cü ildə Xatçinson mərkəzinin ilk direktoru seçilmişdir. Hazırda bu mərkəz dünyada xərçəng xəstəliklərinin müalicəsi ilə məşğul olan ən böyük elmi tədqiqat institutlarından biridir.

1982-ci ildə Tomas Amerika Milli Elmlər Akademiyasının üzvü seçilmişdir. 1990-cı ildə Vaşinqton Universitetinin fəxri  tibb professoru adına və milli elm medalına layiq görülmüşdür.   1990-cı ildə Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunun direktoru vəzifəsindən istefa verən Tomas 2002-ci ildə təqaüdə çıxmışdır.

Təxmini hesablamalara görə, təkcə 2012-ci ildə bütün dünyada sümük iliyi transplantasiyası üzrə 65 min əməliyyat aparılmışdır. Tomasın ilk uğurlu əməliyyatlarından keçən müddət ərzində 1 milyon  sümük iliyi köçürülmüşdür.  

"Don Tomas həmişəlik bütün dünyada sümük iliyinin transplantasiyasının  atası kimi tanınacaq, lakin  Fred Xatçinsondakı keçmiş həmkarları onu dost, həmkar, hami və pioner kimi tanıyacaqlar", - deyə elmi-tədqiqat mərkəzinin prezidenti Lari Kori demişdir.  Həmkarları onu qayğıkeş müəllim kimi xatırlayırlar. O, tələbələrinə, tabeliyində olan işçilərə qarşı olduqca qayğıkeş münasibəti və diqqətcil olması ilə seçilmişdir. Olduqca səxavətli və həm də tələbkar olan Tomas tələbələrinə işləmək üçün müxtəlif mövzular verər, fikirlərini, gəldikləri qənaətləri dinləyərək  onları istiqamətləndirərdi. 

Alim Don-kiçik, Cefri və Eleyn adlı üç övladı, 8 nəvə-nəticəsi ilə son günlərində Texas ştatında yaşamışdır. Bir vaxtlar övladları da valideynlərin işlədiyi mərkəzdə onunla çiyin-çiyinə işləmişlər. Həyat yoldaşı Marti Doroti 2000-ci ildə  mətbuata verdiyi açıqlamada "biz öz işimizlə məşğul olmağı çox sevirik. Başqa bir işlə məşğul olmağı və başqa cür yaşamağı isə təsəvvürümüzə belə gətirə bilmirik" demişdi. 

Novator alim, həkim-transplantoloq  2012-ci il oktyabrın 20-də 92 yaşında ürək çatışmazlığından vəfat etmişdir.

...Doktor Tomasın bütün dünya üzrə on minlərlə xəstəsi olmuşdur. Alim həyatının son günlərində belə keçmiş xəstələrini bir-bir xatırlayırdı. Tomas əməliyyatlar gedişində dünyasını dəyişmiş xəstələrinin adlarını səhvsiz çəkə bilirdi.    2012-ci ilin payızında  onun keçmis xəstələri öz ehtiramlarını çatdırmaq və onlar üçün əziz bir insanın xatirəsini yad etmək üçün dünyanın dörd yanından    Texasa axışmışdılar. Bu insanlar ölümcül xəstəlikdən  xilas olmuşdular, öz ailələrinə, qohumlarına qovuşmuşdular. Onların arasında yaşlılar, uşaqlar var idi. Bu insanlar yenidən dostlar qazanmış və öz karyeralarını bərpa etmişlər. Onlar ümidsizliyə qapıldıqları vaxtda onları ruhdan düşməyə qoymamış, onlara yaşamaq üçün yeni ruh vermiş bir insana - doktor Edvard Tomasa minnətdarlıq  edirdilər. Onlar "Sağ olun, doktor Don!" deyə öz ehtiramlarını bildirirdilər. 

Hazırladı: Oruc MUSTAFAYEV 

Məqalədə Nobel Mükafatları Komitəsinin, Britaniya Ensiklopediyasının, Fred Xatçinson Elmi-Tədqiqat Onkologiya İnstitutunun materiallarından istifadə olunmuşdur.

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov