Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 Avqust 2013 - №33

 

İnteraktivlik əsas amildir

 

Kurikulumların həyata keçirilməsində səmərəli nəticələrə nail olmaq üçün müəllim bütün imkanlardan maksimum istifadə etməlidir. Şagirdlərdə fənlərə marağın yaradılmasında müəllimin novatorluğu da əsas amillərdən biridir. Müəllim dərsi elə qurmağa çalışmalıdır ki, şagirdlər təlim prosesində fəal iştirakçı olmaqla yanaşı, yeni bilik və bacarıqlara böyük maraq və həvəslə yiyələnsinlər. Çünki bu zaman qazanılmış nailiyyətlər davamlı və möhkəm olur. Müəllim təlim prosesində fənlərarası və fəndaxili inteqrasiyadan istifadə etməklə özünün də müxtəlif fənlərə dair bilik və bacarıqlarının potensial imkanlarını üzə çıxarır. Şagirdlərdə zehni qabiliyyətlərin, axtarış və tədqiqatlara müstəqil yanaşma bacarıqlarına nail olma vərdişləri yaranır.

Bu zaman müəllim bilmədiklərini öyrənməkdə onlara yardımçı olur. Məsələn, III sinifdə Azərbaycan dili fənnindən "Dini bayramlarımız" mövzusunu keçərkən şagirdlərə elmi biliklərin verilməsində bəzi məqamları çatdırmağı zəruri hesab edirəm. Bu prosesdə şagird müxtəlif üsullarla məlumatları toplayır, onlara proqnoz və şərhlər verir, sualları cavablandırır, mühakimə yürüdür, təqdimat edir və s.

Şagird mənəviyyatımızın formalaşdırılmasında dinin rolunu anladığını, hüquqi mədəniyyətə malik olduğunu nümayiş etdirir. Sinfə müraciət edirəm:

- Novruz bayramını hər il martın 20-21-də keçirdiyimiz halda dini bayramlarımız olan Ramazan və Qurban bayramlarını nə üçün hər il fərqli günlərdə qeyd edirik?

Bu zaman yaranmış situasiya şagirdləri düşünməyə məcbur edir, onlar cavab verməkdə çətinlik çəkirlər.

Mətnin ilk abzaslarını oxuyur və suallar qoyuram:

- Hansı təqvimləri tanıyırsınız?

- Onlar necə adlanır?

Suallara müvafiq cavablar alıram. Sonra mətnin digər abzaslarını da hissələrlə oxuyur və lövhədəki sualların cavablandırılması üçün sinfə müraciət edirəm:

- Nə üçün orucluq bayramına Ramazan bayramı da deyilir?

- Müsəlman ayları niyə Günəş təqvimindəki aylarla üst-üstə düşmür?

- Hicri və miladi təqvimləri haqda nə deyə bilərsiniz?

- Onların fərqi nədir?

Sonra siniflə hər iki təqvimə dair hazırladığım cədvəl üzrə iş aparıram. Belə ki, cədvəlin II hissəsinin üstünü örtürəm. Şagirdləri fəallaşdırmaq məqsədilə ayların ingilis və türkcə adlarını da soruşuram.

Venn diaqramı üzrə iş davam etdirilir, oxşar və fərqli cəhətlər araşdırılır. Novruz bayramı ilə əlaqədar sinfə müraciət edirəm:

- Novruzda süfrəyə S hərfi ilə başlanan hansı qidalar qoyulur? (Səməni, su, süd, sumaq, sarımsaq, sarıkök, sünbül).

Müxtəlif cavablar alınır.

-  S hərfi ilə neçə atribut saydınız? (7)

- Məhz 7 rəqəmi sizə daha nələri xatırladır? (Göy qurşağının rənglərini, həftənin günlərini, notların sayını, planetləri, muğamları və s.). Sual qismən cavablandırılandan sonra yeni cədvəli şifahi tərtib edirik.

Nəticədə şagirdlər öyrənirlər ki, rənglərlə həftənin günləri, notlar, planetlər (onların ərəb-farsca adları) və muğamlarımız arasında qarşılıqlı əlaqə vardır. Sonda şagirdlər rənglərlə tərtib olunmuş müqayisəli cədvəllə tanış olur, onların məlumatları genişləndirilir.

Oxuyub öyrəndikləri  mətni necə qavradıqlarını yoxlamaq məqsədilə şagirdlərə müxtəlif suallar verirəm:

- 2009-cu ildə Ramazan və Qurban bayramları sentyabrın 19-u və noyabrın 27-də keçirilibsə, sonrakı 2011-2012-ci illərdə bu bayramlar hansı tarixlərdə keçirilib?

- Bəs 2013-cü ildə hansı tarixlərə düşür?

- Müsəlmanların ibadət etdikləri yer necə adlanır?

- Müsəlmanların hər il Qurban bayramı ərəfəsində ziyarət etdikləri yer haqda nəyi bilirsiniz?

- Ailənizdən, qohumlarınızdan Həcc ziyarətində olan varmı?

- Ramazan ayı miladi təqvimi ilə hansı aya uyğun gəlir və s.

Şagirdlər təqvimlər üzrə apardıqları müqayisələri söyləyir və nəticə çıxarırlar.

Cavablar müzakirə olunaraq müvafiq meyarlara uyğun qiymətləndirilir. Göründüyü kimi, müxtəlif fənlərə inteqrasiya şagirdlərdə yüksək fəallıq yaradır, fənlərə marağını artırır, daim öyrənməyə, nailiyyətlər qazanmağa həvəs yaradır.

Hər hansı bir fənnin tədrisi prosesində şagirdlər nəyi öyrəndiklərini bilməli və bu dərsdən zövq alaraq şəxsiyyət kimi formalaşmağa istiqamətləndirilməlidir. Müəllim yaxşı nəticələrə nail olmaq üçün daim pedaqoji yenilikləri izləməli, metodiki hazırlığını, psixoloji fəaliyyətini yüksəltməyə səy göstərməlidir. 

Nəzakət ƏHMƏDOVA,
Xudat şəhər N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı
müəllim" müsabiqəsinin 2008-ci il qalibi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov