Avqustun 26-da Azərbaycan Respublikası Gənclər və İdman
Nazirliyinin dəstəyi və "Bakı Gənclər Klubu" İctimai
Birliyinin təşkilatçılığı ilə Şəkidə "Tariximizi
öyrənək, irsimizi qoruyaq!" layihəsi çərçivəsində IV yay
düşərgəsi fəaliyyətə başlamışdır.
Layihənin məqsədi tələbələrin, eləcə də Azərbaycanın
qədim tarixi ilə maraqlanan gənclərin Qafqaz
Albaniyasının tarixinə, mədəniyyətinə, milli irsimizə
marağını artırmaq, gənclər arasında qədim alban
tarixini, mədəniyyətini təbliğ etmək, əldə olunan
qiymətli tarixi materialları, fotoşəkilləri əyani çap
vəsaitlərində əks etdirmək, sosial şəbəkələr vasitəsilə
geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir.
Düşərgənin açılış mərasimində "Bakı Gənclər Klubu"
İctimai Birliyinin sədri Azər Cavadov çıxış edərək
Qafqaz Albaniyasının tarixinin Azərbaycan tarixini
öyrənmək baxımından son dərəcə aktual bir mövzu olduğunu
bildirmişdir. Qeyd olunmuşdur ki, xüsusilə də son
dövrlərdə bədnam qonşularımızın Qafqaz Albaniyasının
tarixini özününküləşdirmək cəhdləri artdığından
Albaniyanın tarixini dərindən öyrənməyə, əldə olunmuş
məlumatları, əyani materialları, müxtəlif tapıntıları
təkcə ölkə daxilində deyil, həmçinin dünya
ictimaiyyətinə də çatdırmağa böyük ehtiyac vardır.
Yay düşərgəsində Bakı Dövlət Universitetinin tarix
fakültəsinin, habelə digər universitetlərin 140-dan çox
tələbəsi iştirak edir.
Onu da qeyd edək ki, layihə çərçivəsində gənclər üçün
respublikamızın şimal-qərb bölgəsində yerləşən Qafqaz
Albaniyası dövrünə aid tarixi məkanlara səfərlər təşkil
olunacaq, tələbələr həmin dövrə aid məbədlər, müdafiə
tikililəri, qəbir abidələri ilə tanış olacaqlar.
Samirə KƏRİMOVA |