Avqustun
28-də Britaniya Şurasının (British Council) Avropa üzrə
ingilis dili proqramları direktoru Eilidh Hamilton
Azərbaycana səfəri çərçivəsində Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda
olmuşdur.
Rektor, professor Asəf Zamanov qonağa institutun
strukturu, fəaliyyət istiqamətləri, o cümlədən
beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları barədə geniş
məlumat vermişdir. Britaniya Şurası ilə əməkdaşlığın
əhəmiyyətini xüsusilə vurğulayan rektor bu əməkdaşlığın
institutumuzun professor-müəllim heyəti, həmçinin Bakı
şəhərində fəaliyyət göstərən tam orta məktəblərin
ingilis dili müəllimləri üçün rolundan danışmışdır. Qeyd
etmişdir ki, 2012-ci ilin yanvar ayında imzalanmış
Anlaşma Memorandumu əsasında institutun rektoru Böyük
Britaniyada Norviç Dil Təhsili İnstitutunda (Norwich
Institute for Language Education) müəllimlərin fasiləsiz
professional inkişafı və təhsil idarəçiliyi kurslarında
olmuş, həmin institutla əməkdaşlığa dair müqavilə
imzalamışdır. Həmçinin Britaniya Şurası ilə birgə
hazırlanmış tədris proqramı əsasında ingilis dili
müəllimlərinin ixtisasartırma kursları BPKİYİ-də təşkil
edilmiş, artıq 300-ə qədər ingilis dili müəllimi
kursları müvəffəqiyyətlə bitirmişdir. Cari ilin oktyabr
ayında keçiriləcək "Xarici dillərin tədrisində yeni
tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları"
mövzusunda beynəlxalq elmi-praktik konfransın
təşkilatçılarından birinin də Britaniya Şurası olduğu
diqqətə çatdırılmışdır.
Xanım Eilidh Hamilton da öz növbəsində Avropa üzrə
ingilis dili proqramları barədə məlumat verərək, bu
proqramların Azərbaycanda da uğurla həyata keçirildiyini
və bu uğurlarda BPKİYİ-nin rolunu qeyd etmişdir. O,
gələcəkdə bu əməkdaşlığın genişlənəcəyinə əminliyini
bildirmiş və səmimi qəbula görə professor Asəf Zamanova
minnətdarlıq etmişdir.
Heydər Əliyev muzey-lektoriyası, beynəlxalq əlaqələr
şöbəsi, tədris otaqları, kompüter mərkəzləri ilə
tanışlıqdan sonra professor Asəf Zamanov qonağa
institutun hədiyyəsini təqdim etmişdir.
Sevinc QULİYEVA,
BPKİYİ-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri
|